24 Yanvar 2022 15:19
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax rayonunda 1963-cü il təvəllüdlü Sərvər şəxsi münasibətlər zəminində həmkəndlisi Namikə bıçaqla xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il aprelin 30-da Qax rayonu, Güllük kəndinin mərkəzində yerləşən kafedə baş verib.

Sərvər sərxoş vəziyyətdə həmkəndlisi Namikə qarşı nalayiq ifadələr işlədib, mübahisə yaradıb. Daha sonra bıçaqla Namikin sol ayağının bud nahiyəsindən vuraraq ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Sərvərin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərvər ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, aprelin 30-da, saat təxminən 12 radələrində Zaqatala şəhərində yerləşən bazara gedib: “Bir az gəzdikdən sonra orada yerləşən kafelərdən birində yeyib-içdim. Həmin günü axşam saat təxminən 19 radələrində yaşadığım Güllük kəndinə qayıtdım. Kəndin mərkəzində yerləşən çayxananın həyətinə daxil olan zaman həmkəndlilərim Seyfəddin, Vüqar, Namik və tanımadığım bir nəfər şəxsin orada çay içdiklərini gördüm. Onlara yaxınlaşdım və Namiki mənimlə birlikdə pivə içməyə dəvət etdim.

Namik Ramazan ayı olduğunu, içki içmədiyini dedi. Çayxananın binasına getdim. Mətbəxdən çayxanada işləyən Sərxan adlı şəxsin limon doğramaq üçün istifadə etdiyi bıçağı götürdüm və əynimdəki şalvarın belinə keçirdim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra yenidən Namikin əyləşdiyi masaya gedib: “Namikə dalımca danışdığını dedım. O isə belə hərəkət etmədiyini bildirdi. Namikin ünvanına nalayiq sözlər dedim. O, ayağa qalxdıqda üstümdə götürdüyüm bıçağı çıxardım və sol bud nahiyəsindən vurdum. Sonra qaçaraq oradan uzaqlaşdım. Bıçağı yolun kənarına atdım”.

Sərvər deyib ki, daha sonra isə könüllü olaraq Qax rayon polis şöbəsinə gedib, törətdiyi cinayəti etiraf edib.

Bildirib ki, hadisədən sonra zərərçəkmiş şəxslə barışıb və vurduğu ziyanı ödəyib, onunla razılıq əldə edib.

Sərvərin sözlərinə görə, törətdiyi hərəkətdən peşmandır. O, hərəkətindən peşman olmasını, əvvəllər heç vaxt cinayət məsuliyyətinə cəlb olunmamasını, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmasını, vurduğu ziyanı tam ödədiyini, himayəsində işləməyən arvadı, qızı və 82 yaşlı xəstə anamın olmasının nəzərə alınmasını istəyib.

Bu cinayət işinə Qax rayon Məhkəməsində baxılıb. Sərvərin Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

Ona 1 il 6 ay sınaq müddəti olmaqla 2 il 6 ay şərti cəza təyin olunub.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror hökmdən Cinayət Məcəlləsinin 70-ci maddəsinin xaric edilməsini, Sərvərin həbs olunmasını tələb edib.

Prokurorun protesti baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Akif Eyvazovun sədrliyi ilə baş tutan iclasda apelyasiya protestinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.

Prokuror tərəfindən verilən protest təmin edilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər