3 Fevral 2022 16:09
1 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində 1994-cü il təvəllüdlü İsmayıl şəxsi münasibətlər zəminində tanışı Eminə xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 15 oktyabr 2020-ci ildə, saat 20 radələrində Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Bravo” kafesinin arxasında baş verib.

Orada İsmayıl aralarında yaranmış şəxsi münasibətlər zəminində Emini bir dəfə yumruqla vuraraq, ona xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən İsmayılın barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsmayıl ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Rövşən və Namid onun yeznələridir: “Elnuru uzun müddətdir ki, tanıyıram, onlarla yaxşı münasibətlərim var. Oktyabrın 15-də saat 19 radələrində yeznələrim - Rövşən, Namid və tanışım Elnurla birlikdə “Bravo” kafesinə getdik. Bir masa arxasında əyləşdik, çay içdik. Bizdən aralıda digər masa arxasında sonradan adlarını bildiyim Fərid, Emin və Elgün birlikdə əyləşərək pivə içirdilər. Bu zaman Fərid mənimlə üzbəüz əyləşən Elgünlə bir-birlərinə baxışdılar. Saat 19.45-də Rövşən, Namid və Elnur kafedən çölə çıxdılar. Özüm isə tək qalaraq çay pulunu verdim. Pulu verdim və kafedən çıxan zaman onlara yaxınlaşdım, nə üçün mənə belə pis baxdıqlarını soruşdum. Fərid və onunla üzbəüz əyləşən Elgün dedi ki, kim sənə baxırdı? Mən də onlara “siz baxırdınız” sözünü dedim. Bu səbəbdən aramızda narazılıq yarandı. Bu məsələyə aydınlıq gətirmək üçün Fərid və yanında olan Elgün məni çölə çağırdılar. Biz kafenin arxasına keçdik. Bizim arxamızca Emin gəldi. Orada Fəridin yanında olan Ergünlə tutaşdıq, yəni bir-birimizin yaxasından tutduq. Fərid də mənə yaxınlaşdı, məni tutmaq istəyəndə həmin vaxt yeznələrim oraya gəldi. Bizi ayırdılar. Onlar qayıdaraq kafeyə keçdilər, biz isə çöldə dayanaraq söhbət etdik”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bir neçə dəqiqə sonra Fərid, Elgün və Emin kafedən çölə çıxıb: “Mənə yaxınlaşaraq Fərid, Elgün və Emin dedilər ki, keçək kafenin arxa tərəfinə danışaq. Mən də onlarla birlikdə kafenin arxasına keçdim. Yeznələrim və tanışım Elnur isə kafenin qarşısında dayandılar. Yeznələrimdən biri, yəni Rövşən getdi ki, maşını götürərək yanımıza gətirsin. Həmin vaxt Fərid yaxamdan tutdu. Mən də onun yaxasından tutdum. Fəridin yanında olan Emin və Elgün isə yumruqla bir neçə dəfə üz nahiyəmə vurdular. Sonra isə Fərid sifətimə bir neçə dəfə yumruqla vurdu. Onun yumruğunun təsiri nəticəsində özümü saxlaya bilmədim, yerə yıxıldım”.

İsmayılın ifadəsinə görə, həmin vaxt kafenin yanında olan başqa tanımadığı təxminən 8-10 nəfər şəxs onların dalaşdıqlarını görüb: “Onlar da yaxınlaşaraq Fəridgilə qoşuldu, məni yumruq, təpiklə vurmağa başladılar. Bu zaman kənarda dayanan tanımadığım şəxslər bizə yaxınlaşdı, məni onların əlindən aldılar, kənara çəkdilər. Rövşən də yanıma gəldi, məni öz avtomobilinə əyləşdirdi və evə apardı”.

Təqsirləndirilən şəxs deyib ki, növbəti gün, axşam saatlarında o almış olduğu xəsarətlə bağlı tibbi yardım almaq üçün Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına gedib. Qeyd edib ki, hadisə vaxtı içkili olmayıb, nəinki Emini, ümumiyyətlə heç kimi vurmayıb: “Mən də heç kimə bədən xəsarəti yetirməmişəm. Əksinə Emin Fərid və Elgünlə birlikdə məni döydü”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Eminin sözlərinə görə, hadisə baş verən günü dostları ilə birlikdə kafedə çay içiblər: “Oturduğumuz masanın qarşısında pərdə olduğu üçün pərdəni örtdük ki, bizi heç kim görməsin. Bizdən aralıda sonradan adını bildiyim İsmayıl adlı oğlan başqa tanımadığım 5 nəfər şəxslə digər masa arxasında əyləşmişdilər. Onların masalarının üzərində çay var idi. Bir qədər sonra İsmayıl bizə yaxınlaşdi və Fəridə dedi ki, niyə ona “zloy-zloy” baxır. Fərid də dedi ki, sənə baxmamışam, pərdə də bağlıdır, pərdəni açan sən olmusan, sənə necə baxa bilərəm? İsmayıl ayaq üstə dura bilmirdi, içkili idi. Həmin vaxt yanımızda olan Elgün ayağa qalxdı və üzünü İsmayıla tutub dedi ki, Fəridin böyük qardaşı kimi onunla yox, mənimlə söhbət et. İsmayıl da Elgünün qolundan tutaraq dedi ki, gəlsin çıxaq çöldə söhbət edək. Birlikdə çölə çıxdıq və kafenin qarşısında söhbət etdik. Həmin vaxt söhbət əsnasında bir daha ona dedik ki, pərdəni açıbsan, pərdə bağlı olduğu halda ona necə baxa bilərik. Həmin vaxt yanımızda olan tanımadığım şəxslər də İsmayılı sakitləşdirirdi. Kafenin sahibi olan Pərvin adlı şəxs bizə yaxınlaşdı və dedi ki, keçin içəri, çayınızı için. Biz içəri keçəndə İsmayıl kinayə və lağ mənasında dedi ki, uşaq yığını gəlib, onlarla söhbət edir. Biz də heç nə demədən içəriyə keçdik, həmin masa arxasında əyləşdik”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, komendant saatı yaxınlaşdığı üçün saat 20.30-da kafedən çölə çıxıblar: “Gördük ki, İsmayıl tək dayanıb, arxasında da həmin 5 nəfər tanımadığımız şəxslər var. İsmayıl Fəridə yaxınlaşaraq əlini onun çiyninə atdı, söhbət edə-edə kafenin arxa tərəfinə keçdilər. Onların arxalarınca getdik. İsmayıl həmin vaxt Fəridi söyərək ona yavaşca başının arxa nahiyəsindən şillə ilə bir dəfə vurdu. Fərid də İsmayılı sinəsindən bir dəfə yumruqla vuraraq ona getməsini dedi. İsmayıl da Fəridə fənd ataraq yerə yıxdı. Mən və Elgün, eləcə də İsmayılın yanında olan tanımadığım şəxslər bunu gördük. Onlara yaxınlaşdıq ki, ayıraq. İsmayılın qarın nahiyəsindən tutaraq ayırmaq istədim. İsmayıl geriyə çönərək bir dəfə yumruqla burun nahiyəmə möhkəm vurdu. Burnum qanadı, gözüm qaraldı, başım gicəlləndi. İsmayıl ardınca mənə bir neçə dəfə təpiklə qarın nahiyəmə və qarnımın aşağıya nahiyəsinə təpiklə vurdu”.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.

İsmayıl 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər