İş adamı Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com-un xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Reyhan Mahmudova ifadə verib.
O bildirib ki, lombarda 600 manatlıq qızıl qoyub, əvəzində 150 manat götürüb:
“Pulu qaytarandan sonra bir ay qızılı ala bilmədim. Bir aydan sonra qızılımı qaytardılar. Qızılı verəndə Maqsud orada idi, amma mən onunla söhbət etməmişəm. Qızılı Mədinəyə vermişəm, pulu da ondan götürmüşəm. Pulu qaytarandan sonra məlum oldu ki, Maqsud qızılları götürərək qaçıb. Mən və digər zərərçəkmişlər polisə şikayət etdik. Ondan sonra qızılları qaytardılar. Əvvəllər də 2 il lombardla işləmişik. Yoldaşım pul qoyub qızıl götürürdü. Heç vaxt problem olmurdu”.
Digər zərərçəkmiş Zemfira Əsgərova isə deyib ki, ona qızılının oğurlanması ilə bağlı zəng edilib: “Dedilər ki, Maqsud qızılları götürüb qaçıb. Mən də yoldaşımla lombarda getdim, gördüm qapı bağlıdır. Mədinə xanıma zəng vurdum, dedi ki, get, şikayət elə. Mən də şikayət etdim. Şikayətdən sonra çağırıb qızıllarımı verdilər. Şikayət edəndə pulu tam ödəməmişdim. Qızılı gətirdilər, pulu ödədim”.
Zərərçəkmiş Mərziyə Məmişzadənin sözlərinə görə, 200 manat pula görə 650 manatlıq qızıl girov qoyub:
“200 manat pul götürmüşdüm. Hər ay faizini ödəyirdim. Pulu tam olaraq qaytarmağa gələndə gördüm ki, aləm dəyib bir-birinə. Mədinə də qalmışdı hamının qarşısında çarəsiz. Mədinə dedi ki, mənim üstümə gəlməyin, Maqsud qızılları götürüb qaçıb. Mədinə əvvəl dedi ki, qızılları banka girov qoyublar. Sonra dedi ki, Maqsud qaçıb. Mən də polisə şikayət etdim. Bir ay sonra qızıllarımı verdilər”.
Maqsud Mahmudov isə bildirib ki, zərərçəkmişlər bir nəfər tərəfindən öyrədilib: “Mən namaz qılan adamam, yalan danışa bilmərəm. Mən qızıl götürüb qaçmamışam, haram yeməmişəm. Mənə yalan danışmaq yaraşmaz. Zərərçəkmişlər arasında namaz qılanlar var. Mən həmin vaxt Ukraynaya müalicəyə getmişdim. Bir həftəyə qayıdacaqdım”.
Növbəti proses martın 28-də davam edəcək.
İstintaq orqanı tərəfindən Maqsud Mahmudovun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ittiham elan edilib.
Maqsud Mahmudovun barəsində Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa elan edib. O, 2021-ci ilin iyulunda Ukrayna ərazisində tutulub, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə 91 nəfər zərərçəkmiş qismində tanınıb.
Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.