13 May 2022 12:54
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Əhməd Həsənov ifadə verib.

O bildirib ki, birinci qrup əlildir: “Vilyam Hacıyevi tanımıram. Mən qəza keçirmişəm və birinci qrup əliləm. Yardımla bağlı icra hakimiyyətinə müraciət etməmişəm”.

Daha sonra şahidin ifadəsində ziddiyyət olduğundan onun ibtidai istintaqa ifadəsi elan olunub. O istintaqa verdiyi ifadəsində bildirib ki, 2015-ci ildə xəstəliyi ilə bağlı icra hakimiyyətinə müraciət edib: “Mənə dedilər ki, sənin hesabına köçürülən pulun bir hissəsi sənə çatacaq. Mən hesabıma köçürülən 8 min manatdan 800 manat götürüb, 7200 manatını qardaşım Aqil Həsənova verdim. O da həmin pulu icra hakimiyyətinə verdi. Daha sonra mənim hesabıma 4000 manat köçürüldü, həmin vəsaitdən 400 manatı götürdüm, qalan pulu Aqilə verdim. Bir neçə ay sonra mənim kartına 6 min manat yardım köçürüldü. O puldan da 600 manat götürüb qalanını Aqilə verdim”.

Şahid bu ifadəsini təsdiqləməyib.

Digər şahid Taleh Şirəliyev bildirib ki, Vilyam Hacıyevi tanımır: “Mən İmişlidə mağaza açmaq istəyirdim. Sənədləşmə işinə əmimoğlu Mehman İsmayılov məşğul olurdu. Yalnız dövlət rüsumunu ödəmişəm. Mənim sənəd işlərindən başım çıxmır. Ona görə də əmim oğluna xahiş elədim, o sərəncam aldı, mağaza tikdim. Əlimə düşdükcə az-az sənədin pulunu ödəmişəm”.

Daha sonra şahidin ibtidai istintaqa ifadəsi elan olunub. O ifadəsində bildirib ki, mağaza tikintisi ilə bağlı icra hakimiyyətinə müraciət edib. Əmisi oğlu Mehman İsmayılov bildirib ki, sərəncam üçün 400 manat verməlidir. Həmin pulu verəndən sonra ona mağaza tikmək üçün sərəncam verilib.

Şahid bildirib ki, o Mehman İsmayılova hissə-hissə pul verib: “Yadımda deyil nə qədər pul vermişəm, amma hissə-hissə ödəmişəm, 50 manat bir, 10 manat bir. Birdən-birə bütöv məbləğ verməmişəm. Mehman dedi ki, sərəncamla bağlı dövlət rüsumu var, mən də dedim ödəyərəm”.

Növbəti proses mayın 16-da davam edəcək.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.

2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.

İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər