Bakı Apelyasiya Məhkəməsində qardaşı arvadını öldürməkdə təqsirli bilinən Rafael Quliyevin barəsində olan hökmdən verlilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, 2013-cü ilin mayın 29-da üç uşaq anası Əzəmət Quliyevanın başqa şəxslə görüşdüyünü hiss edən qaynı Rafael Quliyev onu öldürüb.
Çoxsaylı bıçaq zərbələri ilə qanına qəltan edilən qadın bir neçə dəfə ölümlə üz-üzə qalıb.
Onu bir dəfə öz qardaşı, sonra isə həyat yoldaşı bıçaqlayaraq məhkum olunublar. Ancaq Əzəmət Quliyevanı hər iki halda həkimlər xilas ediblər. Sonuncu dəfə qaynı Rafael Quliyevin bıçaq zərbələri qadın üçün son olub. Tutulan Rafael Quliyev əvvəllər də bir neçə dəfə narkotik cinayəti üstündə məhkumluq həyatı yaşayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində Rafael Quliyevin barəsində ittiham hökmü çıxarılmayıb. Məhkəmə Rafael Quliyevin cinayəti törədən zaman anlaqsız olması nəticəsinə gəlib. Buna görə də onun barəsində qərar elan edilib. Rafael Quliyevə məcburi tibbi xarakterli müalicə təyin edilib. Hökmdən Baş Prokurorluq narazı qalıb və apelyasiya protesti verib. Prokurorluq protestində məhkəmənin qərarını ədalətsiz hesab edib və Rafael Quliyevin həbs olunmasını tələb edib.
Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə Rafael Quliyevin anlaqlı olub-olmamasını yoxlamaq məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilib. Ekspertlər qarşısında Rafael Quliyevin sağlıq durumunu müəyyən edən suallar qoyulub.
Bu səbəbdən məhkəmə iclası qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Hacı Zeynalov