23 Sentyabr 2022 15:51
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə şahid qismində Zemfira Əliyeva ifadə verib.

O bildirib ki, "Baku Steel Company" şirkətinin xəzinədarı olub: "2008-ci ildən bu vəzifədə çalışmışam. Daha sonra məlum oldu ki, kassada 13 milyon manat kəsir var. Bununla bağlı dəfələrlə rəhbərlikdə təmsil olunan Çingiz Həsənov və Kamran Qəhrəmanova müraciət etmişəm. Demişdim ki, bu kəsiri bağlamaq lazımdır. Amma mənə dedilər ki, bu, sənin işin deyil. Şirkətin direktoru isə Süleyman Məmmədov idi. Xəzinədar kimi vəzifəm çek yazmaq olub. Xəzinəyə gündəlik 5-10 min manat daxil olurdu. Mən 13 milyon manatı görməmişəm. Bu pul sadəcə kağız üzərində olub. Hazırda da orada işləyirəm. 13 milyon manat kəsiri Rasim Məmmədov bağlamalı idi. Çünki şirkətin əsas rəhbəri o idi. Eşitdiyimə görə, pulları Rasim Məmmədov götürüb, amma bunun şahidi olmamışam".

Şahid qeyd edib ki, 2021-ci ildə şirkətdə 13 milyon manat kəsirlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etmək qərarına gəlib: "Ərizə yazaraq qurumun şikayət qutusuna atdım. Bunu özümü sığortalamaq üçün etdim. Mən Rasim Məmmədova birbaşa pul verməmişəm, pulu xəzinəyə qəbul etməmişəm. Çingiz Həsənov deyirdi, mən də edirdim. Amma pul görməmişəm".

Şahidin ifadəsində ziddiyyətlər olduğundan onun ibtidai istintaqa verdiyi ifadə elan olunub. Zemfira Əliyeva istintaqa verdiyi ifadəsində göstərib ki, Rasim Məmmədova nağd şəkildə pul verilib. Amma məhkəmədə bunu təsdiq etməyib və pulların Rasim Məmmədova verildiyini deyib.

Daha sonra ifadə verən digər şahid, "Baku Steel Company" şirkətinin baş mühasibi Kamran Qəhrəmanovun sözlərinə görə, 2004-cü ildən şirkətdə çalışsa da, 2011-ci ildən baş mühasib təyin edilib. O qeyd edib ki, kassada olan 13 milyon manatlıq kəsir barədə dəfələrlə rəhbərliyə məlumat verib: "Çingiz müəllim dedi ki, bu, sənin işin deyil, Rasim Məmmədov şirkətin rəhbəridir, özü bilər. Metal alışı vaxtı hesabdan pul çıxırdı, amma kassaya gəlmirdi. Pul bu şirkətdən çıxıb "Azəri Steel Metal Construction"a daxil olurdu. Mən metalın real qiymətini bilmədiyim üçün metalın neçəyə çıxdığı və neçəyə rəsmiləşdirildiyini bilmirəm. Metalı mənə deyilən qiymətə rəsmiləşdirirdim".

Bu zaman Rasim Məmmədov bildirib ki, şirkətdən Əmlak Məsələləri Dövlət Komitəsinə metal almaq üçün 10 milyon dollar köçürsə də, komitə şirkətə 8 milyon 800 min dollarlıq metal verib. Qalan 1 milyon 200 min dollar geri qaytarılmayıb: "Bu gün komitənin hələ də şirkətə bu məbləğdə borcu var. Daha sonra şirkətin əvvəlki sahibi Loğman Zülfüqarlıya poladtökmə zavodunu almaq üçün 2 milyon 5 min manat verdim. Yəni bu pullar həmin 13 milyon manatın içərisindədir. Yerdə qalan məbləğ isə şirkətin digər xərclərinə yönləndirilib. Bunların heç biri mənim şəxsi xərcim deyil. Misal üçün qeyd edim ki, bir var Rasim Məmmədov gedir İtaliyada 50 min dollara kostyum tikdirir, "Ferrari" alır, bu, şəxsi xərcdir. Bir də var şirkətin xərcləri... Bu pullar şirkət üçün xərclənib. DHD-ni aparanda 22 milyon manatı kassaya Kamran aparıb".

Kamran Qəhrəmanov isə bildirib ki, Rasim Məmmədova 13 milyon manat verməyib: "Mən Rasimə pul verməmişəm. 22 milyon manata gəlincə isə, mənə dedilər ki, sən şirkətin nümayəndəsi kimi iştirak et, mən də iştirak etdim. Həmin pulu təsisçidən mədaxil kimi kassaya mədaxil etdim".

Kamran Qəhrəmanovun da ifadələri arasında ziddiyyət olduğundan ibtidai istintaqa ifadəsi elan olunub. O ibtidai istintaqa ifadəsində bildirib ki, pullar Çingiz Həsənovun köməkçisi Səbinəyə verilib. Məhkəmədə isə bu pulları görmədiyini bildirib.

İfadədəki daha bir ziddiyyət isə Rasim Məmmədovun şəxsi xərcləri ilə bağlı olub. Kamran Qəhrəmanov istintaqa ifadəsində bildirib ki, Rasim Məmmədov 13 milyon manatı geyim və restorana xərcləyib. Məhkəmədə isə o bu fikri təkzib edib.

Məhkəmədə daha bir şahid, "Azəri Steel"də fəhlə işləyən Xəyal Əhmədov ifadə verib: "Mən şirkətin giriş-çıxışına nəzarət edirdim. Bəzən isə Mübariz müəllimin verdiyi sənədləri və pulları tapşırdığı şəxslərə verirdim. Pulları sellofan torbada aparırdım. İçərisində nə qədər məbləğ olması barədə heç bir məlumatım olmurdu. Pulları əsasən Çingiz Həsənovun otağında katibəsi verirdim".

Bu şahidin də ibtidai istintaqa ifadəsində ziddiyyətli məqamlar ortaya çıxıb.

Məlum olub ki, o, sellofan torbada 10000-200000 manat məbləğində pullar aparıb. Amma şahid məhkəmədə bu faktı təsdiq etməyib. O bildirib ki, işlədiyi dövrdə Rasim Məmmədova heç vaxt pul verməyib.

Növbəti proses sentyabrın 30-da davam edəcək.

Qeyd edək ki, “Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək, ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsiziyi Xidməti tərəfindən araşdırılıb.

Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib. Rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə əsaslı şübhələr müəyyən olunub.

Eyni zamanda, onun bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməlləri törətməsinə də əsaslı şübhələr müəyyən edilib.

Rasim Məmmədov ümumilikdə 185 milyon manat mənimsəmə və ya israf etməkdə təqsirli bilinir.
İstintaq orqanı tərəfindən Rasim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində “Baku Steel Company” MMC tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər