Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxs İlqar Əliyev ifadə verib.
O deyib ki, zərərçəkmiş Tariyel Qurbanovu şantaj etməyib.
İlqar Əliyevin sözlərinə görə, Tariyel Qurbanovdan nə alıblar, bundan xəbəri olmayıb. Bildirib ki, qardaşı Ümman Tariyelin ona köməklik etdiyini deyib. Ümman dəfələrlə polisə düşüb, həmin vaxt Tariyel müəllim zəng edərək onu polisdən buraxdırıb: "Mən kənddə, qardaşım isə Bakıda yaşayırdı. Pulu kəndə göndəriblər, məndə bonkamatdan götürmüşəm. Mən 2 min manat pulu maşın almaq üçün götürmüşəm".
İlqar Əliyevin sözlərinə görə, Tariyel ona qardaşı Ümmanın onu narahat etməməsini deyib: "Mən də bunu qardaşıma dedim ki, bir də onu narahat etməsin. Mən özüm Tariyel müəllimi cəmi bir dəfə görmüşəm".
Digər təqsirləndirilən Natiq Nuriyev bildirib ki, Tariyel Qurbanovu tanımayıb, onunla görüşməyib, ondan pul tələb etməyib: "Mən heç tanımıram ki, bu adam kimdir, nəçidir..."
İttihama görə, Natiq Nuriyev Tariyel Qurbanovdan üç dəfəyə 29 min manat pul tələb edib. Təqsirləndirlilən şəxs bu ittihamı qəbul etməyib. Deyib ki, 8 min manat Ümmandan alıb: "Amma Ümmanın adına 15 min manat pul köçürləməsindın xəbərim olmayıb. Ümmangilin ailəsindən problem var idi, qardaşı xəstə idi. Pulu Tariyel müəllimdən alırdı. Guya telefonunda şəkil var idi. Amma yalan idi, şəkil-zad olmayıb".
Təqsirləndirilən şəxsin sözlərinə görə, Sahilə Abuşova öz telefonundan Tariyel Qurbanova zəng edib, 1800 manat alıb: "Sahilə həm mənimlə qonşu olub, həm də qohum olmuşuq. Uşağı xəstə idi, çətinliyi var idi. Aldığı puldan mənə verməyib. Tariyel müəllimin nömrəsi bilməmişəm. Nə deyib, nə pul alıblar, bundan xəbərim yoxdur. İstintaq ifadəni oxumadan imzalamışam. Müstəntiq mənə təzyiq göstərirdi".
Hakimin suallarını cavablandıran təqsirləndirilən şəxs deyib ki, Sahilə Tariyel Qurbanova mesaj yazıb. Onun sözlərinə görə, Ümman əvvəllər onun yanında Tariyelə mesaj yazanda nömrəsini götürüb və həmin nömrəni Sahiləyə verib: "Sahiləyə dedim ki, Tariyelə zəng et, şəkil olduğunu de. Amma bizdə şəkil olmayıb. Əgər şəkil olsaydı, telefonumuzdan çıxardı".
Hakim təqsirləndirilən şəxsi səmimi ifadə verməyə çağırıb. Deyib ki, iki dəqiqə əvvəl verdiyi ifadəsi ilə indiki ifadə üst-üstə düşmür. Bu zaman təqsirləndirilən şəxs deyib ki, Tariyeldən pul istəyib, vermədiyi üçün ağlına şəkil gəlib, onda şəkili olduğunu deyib.
Növbəti proses noyabrın 11-də davam edəcək.
İstintaq orqanı tərəfindən Natiq Nuriyev, Ümman Əliyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.
İttihama görə, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər.
Qeyd edək ki, Tariyel Qurbanov Qaradağ və Hacıqabul rayonlarında prokuror olub. Daha sonra o, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.
Bu ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.
Tariyel Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.
Xatırladaq ki, Tariyel Qurbanov bir vaxtlar sol əllə hərbi salam verməsi ilə gündəmə gəlmişdi.