7 Dekabr 2022 14:37
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Baş Gömrük İdarəsinin rüşvət almaqda təqsirli bilinən sabiq əməkdaşları - Elmar Mirzəyev, Rafael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev, Ceyhun Şabanov və Sadiq İsgəndərov barəsindəki qərardan verilmiş kasasiya şikayətlərinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin sabiq baş inspektoru Elmar Mirzəyevin cəzası 1 il azaldılıb.

Digər məhkumlarla bağlı hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hokum ilə Elmar Mirzəyevə 5 il həbs cəzası, Mirağa Ağayevə bəraət, digərlərinə isə şərti cəza verilib.

Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib.

Bakı Apellyasiya Məhkəməsi prokurorun protestini qismən təmin edib. Şərti cəza verilmiş Rafael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev 3 il, Ceyhun Şabanov və Sadiq İsgəndərov isə 2 il müddətinə azadlıqdan məhrum olunaraq məhkəmə zalında həbs olunublar.

Orxan Zöhrabov və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət almış Mirağa Ağayevə şərti cəza verilib. Həbsdə olan Elmar Mirzəyevin cəzası 5 il 3 aya qədər artırılıb.

İttihama görə, Dövlət Gömrük Komitəsindən gömrük rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verilməklə qeyri-qanuni tələblərin irəli sürülməsi barədə 30 mart 2021-ci il tarixdə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ilkin araşdırma aparılmaqla birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Aparılmış əməliyyat-istintaq tədbirləri zamanı Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, “İpək Yolu” gömrük postunda inspektor işləyən Mirağa Ağayev, gömrük əməkdaşı Orxan Zöhrabov habelə “Global Broker” MMC-nin direktoru olmaqla “D2D Logistics” MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun idxal olunmuş malların gömrük orqanından çıxarılmasının tezləşdirilməsi, eləcə də, müəyyən malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumları və vergilərin 3 faizi miqdarında müəyyən edilmiş məbləğdən idxal və əlavə dəyər vergisi üzrə ödənilməli olan pul vəsaitinin büdcəyə ödənilməyərək malın gömrük nəzarətindən buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərin sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən olunub.

Qeyd olunanlarla bağlı 17 may 2021-ci ildə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov