29 Dekabr 2014 16:13
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə kollegiya iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, kollegiyada ümummilli lider Heydər Əliyevin dövlət inkişafı kursunun ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi, 2014-cü ildə Azərbaycanın müstəqil, güclü və dinamik inkişaf edən ölkə statusunu daha da möhkəmləndirməsi, davamlı sosial-iqtisadi tərəqqiyə nail olunması, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi, dövlətimizin beynəlxalq imicinin günbəgün yüksəlməsi, demokratik hüquqi dövlət quruculuğunda, xüsusilə məhkəmə-hüquq sistemində mütərəqqi islahatların aparılması və əldə olunan nailiyyətlər qeyd edilib.

Ölkə Prezidentinin ədliyyə sisteminə göstərdiyi yüksək diqqət və qayğısı, ötən ay peşə bayramı ərəfəsində bir qrup ədliyyə işçisinin ali xüsusi rütbələrə, fəxri adlara, orden və medallara layiq bilinməsi vurğulanaraq, təltif olunmuş əməkdaşlara nazir F.Məmmədov tərəfindən bu yüksək dövlət mükafatları təqdim edilib. Dövlət təltifinə layiq bilinmiş əməkdaşlar çıxış edərək, onlara göstərilən bu yüksək etimadı bundan sonra da doğruldacaqlarını söyləyib, ölkə rəhbərinə dərin minnətdarlıqlarını ifadə ediblər.

İclasda bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər müzakirə edilərək bildirilib ki, dekabrın 23-də azad, demokratik, ədalətli və şəffaf şəraitdə 1607 bələdiyyə üzrə 15 mindən çox bələdiyyə üzvlüyünə seçkilər keçirilib, aşkarlığın təmin edilməsi məqsədi ilə səsvermə prosesi 1000 məntəqədə quraşdırılmış veb-kameralar vasitəsilə canlı yayımlanıb. Vətəndaş fəallığı ilə baş tutan seçkilərdə 1.9 milyona yaxın seçici iştirak edib.

Bələdiyyələrin milli (şəhər, kənd və qəsəbə) assosiasiyalarının iştirakı ilə keçirilmiş tədbirdə həmçinin, Azərbaycan bələdiyyələrinin elektron portalının təqdimatı keçirilib.

Bələdiyyə fəaliyyətinə dair bütün zəruri məlumatları əhatə edən portalın yaradılması təşəbbüsü Ədliyyə Nazirliyi tərəfindən cari ilin yayında bələdiyyə sədrlərinin III ümumrespublika toplantısında irəli sürülərək onun qısa müddətdə hazırlanmasına nail olunub. Portalda vətəndaşlar yerli özünüidarəetmə orqanlarına onlayn rejimində müraciət etmək, bələdiyyələr, bələdiyyə assosiasiyaları, onların dislokasiyası və fəaliyyətinə dair məlumatlar, statistik göstəricilər, həyata keçirdikləri xidmətlər və s. barədə ətraflı informasiya almaq imkanı əldə edəcəklər. Eyni zamanda, gələcəkdə seçkilərin fərdi nəticələri bəlli olduqdan sonra bütün bələdiyyə üzvləri haqqında məlumatların da portalda yerləşdirilməsi nəzərdə tutulur.

Bələdiyyələrin milli assosiasiyalarının sədrləri çıxışlar edərək son dövlər yerli özünüidarə orqanlarının inkişafı üzrə görülən işləri təqdir edib, nazirlik tərəfindən bələdiyyələrə metodoloji yardımın göstərilməsinin, geniş hüquqi maarifləndirmə işinin aparılmasının bu sahədə hüquq pozuntularının qarşısının alınmasında əhəmiyyətini qeyd ediblər. Bildiriblər ki, belə bir portalın yaradılması bələdiyyə fəaliyyətinin səmərəliliyinin artırılmasına, əhali ilə əlaqələrin güclənməsinə və onlara ictimai marağın artmasına xidmət edəcəkdir.

Kollegiyada müasir İKT-lərin köməyi ilə əyani şəkildə nümayiş etdirilən portalın təkmilləşdirilməsinə dair təkliflər səsləndirilib.

Bununla yanaşı qeyd olunub ki, cari ildə yerli özünüidarəetmə orqanlarının inkişafı üzrə mühüm addımlar atılıb, beynəlxalq təsisatlarla, o cümlədən Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi ilə səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilib, ölkəmizin Avropa Şurası Nazirlər Komitəsində sədrliyi dövründə mühüm tədbirlər təşkil olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər