Bakıda özünü "12-ci İmam Mehdi" kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluqda təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş qismində Əli Quliyevin ifadəsi dinlənilib.
O bildirib ki, təqsirləndirilən şəxslə 2013-cü ildə qohumu Emin Həsənov vasitəsilə tanış olub: "Aqil Babayev dini söhbətləri ilə insanları ələ alırdı. Daha çox mövzular İmam Mehdinin zühuru ilə bağlı idi. Onun dini savadı mənim diqqətimi çox çəkdi. Mənə dedi ki, günahlarının bağışlanması üçün zəkat verməlisən. Onun tapşırığı ilə hər ay zəkat verməyə başladım. Bundan əlavə, Ramazan aylarında fitrə, qurban bayramında pul, ad günlərində bahalı hədiyyələr alırdım".
Zərərçəkmiş qeyd edib ki, 2013-cü ildən 2021-ci ilə kimi hər ay minimum 150 manat olmaqla ümumilikdə 14 min 400 manat Aqil Babayevə zəkat pulu verib: "Onun yalanını 2021-ci ildə mömin qardaşlardan biri vasitəsilə bilmişəm. Mənə dedilər ki, o, zəkat pullarını mənimsəyib və din pərdəsi altında saxtakarlıq edib, hamımıza yalandan imam olduğunu deyib. 8 il ərzində mən Aqilin ideal insan olmasına şahidlik eləmişəm".
Aqil Babayev zərərçəkmişin dedikləri ilə razı olmayıb. Onun sözlərinə görə, zərəçəkmiş onunla qonşuluqda kirayədə yaşayıb: "Yaxın qaldığımıza görə bizdə qonşuluq münasibətləri yaranmışdı. Həm də Əli texnikanı yaxşı bilirdi, arada kompüter və telefonda problem yarananda həll etmək üçün onu köməyə çağırırdım. Ondan heç bir zəkat tələb etməmişəm. Özü başqaları kimi pul toplayıb kiməsə verirdi".
Daha sonra digər zərərçəkmiş qismində Azər Cəfərov ifadə verib. O bildirib ki, ibadətlə 18 yaşından məşğuldur: "Uşaqlıqdan bizim əqidəmizdə əhli-beyt imamlarına məhəbbət və İmam Mehdinin intizarını çəkmək arzusu olub. Mənim iki ali təhsilim var. Dini suallarıma əksər mollalar cavab verə bilmirdi. Sonra bu adamla İlahiyyat məscidində tanış oldum. Mütəmadi olaraq Aqil Babayevin təşkil etdiyi məclislərdə iştirak etmişəm. O, məni sanki ovsunladı və bütün suallarıma istədiyim cavabı aldım. Aqil çox kasıb yaşayırdı".
Daha sonra təqsirləndirilən şəxsin vəkilləri ilə zərərçəkmişlər arasında mübahisə yaranıb. Bu səbəbdən proses dayandırılıb.
Növbəti proses aprelin 5-də davam edəcək.
İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məslislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib əz-Zaman olmasına inandırıb.
O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.
Aqil Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanlar onun sözündən çıxdığı təqdirdə isə, onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.
Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.