7 Yanvar 2015 13:52
5 648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayon sakini, 1975-ci il təvəllüdlü Samir Verdiyev (cinayət işində adı hallanan şəxslərin adları şərti verilib-H.Z.) bacısı haqqında xoşagəlməz ifadələr işlədən dostu Elçin Əkbərovu qətlə yetirib. Samir Verdiyev öldürdüyü şəxslə birlikdə tikintidə işləyib. Ana-bacı söyüşü ilə başlayan mübahisənin sonu bir nəfərin ölümü, bir nəfərin isə həbsxana həyatı yaşaması ilə nəticələnib.

Teleqraf.com-un araşdırmasına görə, Samir Verdiyev 10 avqust 2013-cü ildə, saat 13.00-da həyat yoldaşı Samirənin Gəncə şəhərində yerləşən evinə gəlib. Həmin vaxt o, öz qardaşları Seymur, Sadiq və iş yoldaşı Etibar ilə birlikdə nahar edib, spirtli içki içiblər.

Samir Verdiyev sərxoş olduqdan sonra mobil telefonla tanışı, Gəncə şəhərində birlikdə günəmuzd fəhləlik etdiyi Elçin Əkbərova zəng edib. O, Elçindən yarımçıq qoyduğu işini tamamlamaq üçün Gəncəyə gəlməli olduğunu deyib. Elçin Əkbbərov isə gələ bilməyəcəyini bildirib. Bundan sonra Samir Verdiyev Elnura Yevlax rayonunun Hürüuşağı kəndində görüşməyi təklif edib. O, Mingəçevir şəhərinə getməli olan qardaşları Seymur, Sadiq və iş yoldaşı Etibar ilə birlikdə Gəncə şəhər avtovağzalına gedib. Samir Verdiyev yolda qardaşlarından xəbərsiz mağazadan cib bıçağı alıb.

Verdiyev qardaşları və Etibar taksi sürücüsü kimi fəaliyyət göstərən İlqar Bəşirovun idarə etdiyi “VAZ 21015” markalı avtomobillə saat 17.00-da Mingəçevir şəhərinə yola düşüblərə. Avtomobil Yevlax rayonunun Hürüuşağı kəndinin ərazisindən keçəndə Samir Verdiyev sürücüdən həmin kəndə dönməyi xahiş edib. O, kənd orta məktəbinin qarşısında avtomaşından düşüb və orada onu gözləyən Elçin Əkbərova yaxınlaşıb. Həmin vaxt avtomobildə olan Sadiq, Etibar da siqaret çəkmək üçün avtomaşından düşüblər.

Onlar Elçin Əkbərovla görüşəndən sonra kənara çəkiliblər. Bu zaman Samir Verdiyev və Elçin Əkbərov söhbət etməyə başlayıblar. Bu vaxt Samir Verdiyev Elçin Əkbərovu itləyib. Elçin Əkbərov da Samir Verdiyevi söyüb. Elçin Əkbərovun söyüşlərinə dözməyən Samir bıçağa əl atıb. O, Elçin Əkbərovun həm telefon vasitəsilə, həm də üzbəüz söyüşlərinə görə, onu öldürmək qərarına gəlib. Bu məqsədlə Elçinə çoxsaylı bıçaq zərbələri vurub. Elçin aldığı zərbələrdən ölüb.

“Sağlıq deyəndə Elçin nalayiq ifadə işlətdi”

Samir Verdiyev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Samir Verdiyevin barəsində olan cinayət işi hakim Əli Süleymanovun sədrlik etdiyi kollegiyada araşdırlılıb.

Samir Verdiyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, Gəncə şəhərində rəsmi nikahda olmadığı, kəbinilə evləndiyi Samirənin evində yaşayıb: “Gəncə şəhərində olduğum vaxt təmir-tikinti işləri ilə məşğul olmuşam. Həmin işlərdə qardaşlarım Seymur, Sadiq, tanışım Elçin və Etibarla birlikdə işləmişəm. Hadisədən iki gün qabaq evdə Samirə və Elçinlə birlikdə yeyib-içmişik. Həmin vaxt mənimlə Elçin araq, Samirə isə bir stəkan pivə içib. Yemək yeyib spirtli içki qəbul edərkən növbəti sağlıq deyən zaman Elçin nalayiq ifadə işlədib. Buna görə də Elçinlə aramızda narazılıq olub. Bundan sonra Elçin acıq edib, işini yarımçıq qoyub və yaşadığı Yevlax rayonu Hürüuşağı kəndinə gedib”.

“Arvadımı, bacımı söydüyü üçün bıçaqla vurmuşam”

Təqsirləndirilən şəxsin sözlərinə görə, səhəri gün Elçinə zəng edib və Gəncə şəhərindəki işin yarımçıq qaldığını, həmin işi təhvil verməyin lazım olduğunu demək istəyib: “Lakin Elçin zəngimə cavab vermədi. Qardaşım Seymur və Sadiq Gədəbəy rayonunda istirahətdə, Elçin isə Hürüuşağı kəndində olduğuna görə iş müvəqqəti olaraq dayandı. Avqustun 10-da Gəncə şəhərindəki işlərimi davam etdirməli olduğum üçün Gədəbəy rayonunda olan qardaşlarımı, həmçinin Mingəçevir şəhərində olan Etibarı çağırdım. Sonra isə Elçinə zəng edərək işini təhvil verməsi üçün onu Gəncə şəhərinə çağırdım. Həmin gün səhər saatlarında qardaşlarım və Etibar Gəncə şəhərinə gəldilər. Onlarla birlikdə iş yerinə getdik. Lakin həftənin şənbə günü olduğu üçün iş olmadı. Bundan sonra qardaşlarım Seymur, Sadiq, həmçinin tanışım Etibar Mingəçevir şəhərinə gedəcəklərini, iki gündən sonra qayıdacaqlarını bildirdilər. Mən də iş olmadığı üçün Mingəçevir şəhərinə getməyi fikirləşdim”.

Samir Verdiyev daha sonra ifadəsində qardaşları və Etibarla birlikdə yeyib-içməklərindən danışıb. O, həmçinin Mingəçevirə gedərkən yolüstü Elçin Əkbərovla görüşməsindən, onunla olan mübahisələrinə aydınlıq gətirməsini də ifadəsində qeyd edib. Onun sözlərinə görə, Elçin Əkbərova işini yarımçıq qoyduğunu deyib və söyüşlə cavab alıb: “Elçin mənim arvadımı, bacımı əxlaqsız formada söydü. Onun bu hərəkətləri məni əsəbləşidirdi. Bu səbəbdən bıçaqla onu vurdum”.

“Bacımı şantaj edib”

Samir Verdiyev ifadəsinin sonunda iş yoldaşını öldürməsinin əsl səbəbini açıqlayıb: “Hadisədən iki gün əvvəl bacım Samirə mənə zəng etdi. Bacım Elçin Əkbərov tərəfindən şantaj edildiyini dedi. Sevincə bu barədə heç kimə məlumat verməməyi tapşırdım, Elçinlə özüm söhbət edəcəyimi dedim”.

“Mənə oğlu Elçinlə cinsi əlaqədə olmağımı təklif etdi”

Hakimlər adı cinayətdə hallanan Samirənin ifadəsini dinləyiblər. O, bildirib ki, mərhum Elçin Əkbərov onun qonşusu olub: “Ərim ürək xəstəliyindən əziyyət çəkdiyi üçün həkim ona cinsi əlaqədə olmağı qadağan edib. Mən də bu barədə qonşusum Mayaya demişəm. Maya mənə oğlu Elçinlə cinsi əlaqədə olmağı təklif etdi. Mən də Mayanın təklifi ilə razılaşdım. Həmin vaxtdan sonra mütəmadi olaraq Elçinlə Mayanın evində cinsi əlaqədə oldum. Bir müddətdən sonra Elçinlə münasibətlərimə son qoymaq istədim. Lakin Elçin yenə də zəng edərək məni narahat edib, görüşmək istədiyini söyləyib. Hətta bir dəfə gecə vaxtı yatdığım zaman Elçin yataq otağıma girib. Həmin vaxt ərim Elçini görüb və onu danlayıb. Elçin də içkili olduğu üçün evə girdiyini söylədi. Elçin görüşmək üçün məni şantaj edirdi. Hadisədən iki gün qabaq qardaşım Samirə zəng edərək Elçinin məni şantaj etdiyini söylədim. Samir də bu hadisəni heç kimə bildirməməyimi, bu barədə özünün Elçinlə danışacağını söylədi. Həmin hadisədən iki gün sonra ərim zəng edərək qardaşımın Elçini öldürdüyünü söylədi”.

Məhkəmənin hökmü ilə Samur Verdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər