21 Sentyabr 2023 16:01
5 645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan şəhərində 1995-ci il təvəllüdlü Aqil keçmiş həyat yoldaşı Əsmərə (adlar şərti verilib – red.) şiddət göstərib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Əsmər Naxçıvan şəhər Polis İdarəsinə ərizə ilə müraciət edib.

O, bildirib ki, keçmiş həyat yoldaşı Aqil onu zorla kirayə yaşadığı evdə saxlayır, döyür, xəyanət edir, pul tapmağa məcbur edir. Əsmər müraciətindən Aqilin barəsində qanuni tədbir görülməsini xahiş edib.

Polisdə aparılan araşdırmalardan sonra Aqilin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə iş qaldırılıb.

İş üzrə izahat verən Aqil ona verilən ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, törətdiyi əməldən peşmandır, bir daha belə hallara yol verməyəcək, zərərçəkmiş şəxsdən üzr istəyir. O, keçmiş həyat yoldaşına bir şillə vurduğunu deyib.

Zərərçəkmiş Əsmərin sözlərinə görə, Aqildən 25 yanvar 2023-cü ildə boşanıb. Aralarındakı razılığa əsasən övladı atasının himayəsinə verib: “Aqil zorla məni evdən götürərək kirayə tutduğu evə aparıb. Orada məni döyüb, borclarını ödəmək üçün pul tapmağıma məcbur edib”.

Zərərçəkmiş qeyd edib ki, sonuncu dəfə məlum hadisədən 20 gün əvvəl Aqil onu vurub: “Ayağımda və kürəyimdə qançırlar müxtəlif vaxtlarda Aqilin məni döyməsi nəticəsində yaranıb. Bir neçə vaxtdır ki, anam evinə getmişəm. Övladıma atası baxıb. Aqilin mənə göstərdiyi şiddət nəticəsində özümü xəstə hiss edirəm”.

Zərərçəkmiş əlavə edib ki, Aqili bağışlamayıb, ondan şikayətçidir və ağır cəza verilməsini istəyib.

Naxçıvan şəhər Məhkəməsinin qərarı ilə Aqil 350 manat cərimə olunub.


Müəllif: Hacı Zeynalov