1 Noyabr 2023 12:06
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə keçirilən prosesdə üzrlü səbəbdən iştirak edə bilmıyən zərərçəkmişlər Əli Mehrəliyev və Sədaqət İsmayılovun ibtidai istintaqa verdikləri ifadələri elan edilib.

Teleqraf.com xəbər verir ki, həmin ifadələrin elan olunmasını dövlət ittihamçısı təklif edib.

Daha sonra hakim onların istintaqa verdikləri ifadələrini açıqlayıb.

Onlar məhkəmədən Vaqif Xaçaturyana ağır cəza verilməsini istəyiblər.

Daha sonra şahid qismində Həsən Qasımov ifadə verib. O bildirib ki, Vaqif Xaçaturyan da, onun atası Çərkəz kişini də tanıyıb. Onun sözlərinə görə, Xankəndi şəhərində yaşayıb.

Şahid qeyd edib ki, Edo, Vali ilə bir yerdə qarajda işləyiblər, Vaqif Xaçaturyan isə başqa bir qarajda işləyib: "Sonradan azərbaycanlıları işdən çıxardılar. İclaslara bizi buraxmırdılar, nə danışırdılar, biz bilmirdik".

Şahid deyib ki, Meşəli hadisəsi zamanı əmisi oğlu vəfat edib.

Prosesdə fasilə elan olunub.

***

11:47

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə keçirilən prosesdə zərərçəkmiş Əli Behbudov ifadə verib.

Teleqraf.com xəbər verir ki, zərərçəkmişin sözlərinə görə, həmin dövrdə bütün silahları onlardan alıblar, onlarda silah olmayıb.

O, Vaqif Xaçaturyan və digər şəxslərin kəndə hücumundan danışıb: "Vaqif bizim kəndi yaxşı tanıyırdı. Bütün cığırları yaxşı bilirdi. Hadisə vaxtı qohumlarımı öldürdülər. Əmim yaralandı, dayım oğlu Qəniməti öldürdülər. Armayis, onun qardaşı Ernis hücum edənlər arasındaydı. Mən xəsarət almamışam. Həyat yoldaşım, 2 yaşlı qızım xəsarət aldı. Onları evin "podval"ında gizlətdik. Kömək gələndən sonra oradan çıxardıq. Vaqif Xaçaturyandan şikayətçiyik, ona ömürlük cəza verilməsini istəyirəm".

Zərərçəkmiş qeyd edib ki, Meşəli kəndində hamı hadisəni Vaqifin dəstəsinin törətdiyini deyib.

Zərərçəkmiş Nadir Əkbərovun sözlərinə görə, Vaqif Xaçaturyan tanıyırmış: "1991-ci ilin dekabrında kəndə hücum etdilər. Hücum edənlər arasında Vaqif də vardı. O, qatildir, ata, anamı öldürüb. Mən Vaqifi yaxşı tanıyıram. Azərbaycan dilində elan edirdilər ki, təslim olun, qıran deyilik. Sonra erməni və rus dilində elan etdilər... Küçəyə çıxanı vurdular. Uşaq-qoca bilmədilər".

Zərərçəkmiş deyib ki, Vaqif, Armayis və digər şəxslər də hücum edənlər arasında olub: "Mən Vaqifi yaxşı tanıyırdım. Həbs olunan kimi onu tanıdım. Bunu qohumlarını da yaxşı tanıyırdım. Mənim münasibətim olmayıb. Vaqif Xaçaturyanın ləqəbi də olub. Onu öz kəndlərində "Vaqir" kimi çağırırdılar".

Nadir Əkbərov ifadəsində daha sonra qeyd edib: "Vaqif indi boynuna almır, amma təkcə Məşəli yox, Malıbəyli, Quşçular və digər Azərbaycan kəndlərinə birbaşa hücum edən şəxslərin içində də olub. Bu, Əsgaranda Vitali Balasanyanla birlikdə Xocalı əsirlərini dəyişən adam olub, Vitalinin ən yaxın adamlarından olub".

***

11:16

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə keçirilən prosesdə zərərçəkmiş Elşən İbadullayev ifadə verib.

Teleqraf.com xəbər verir ki, zərərçəkmişin sözlərinə görə, hadisələr zamanı uşaq olub: "Vaqif Xaçaturyan bizim kəndin sakinlərinə zülm verib. Bizi bir dəfə yaylaqda atəşə tutmuşdular.

Hadisə günü də kəndə hücum etdilər. Mikrafonla deyirdilər ki, təslim olun. Qənimət kişi təslim olmuşdu. Niyə güllələdilər? Kömək olmasaydı, bizi də öldürəcəkdilər. Evimizi, tövləmizi yandırmışdılar. İçində heyvanlar da yanmışdı. Vaqif Xaçaturyan orada olub. Ona ömürlük cəza verilməsini istəyirəm".

Digər zərərçəkmiş Niyazi İbadullayev bildirib ki, hadisə zamanı Meşəli kəndində olmayıb. Onun sözlərinə görə, hadisə zamanı qardaşı Sabir şəhid olub: "Mən həmin kəndin sakiniyəm. Qardaşım, bibim və digər şəxsləri maşında güllələyiblər. Qohumlarından eşitmişəm ki, Vaqif Xaçaturyan da bu hadisədə fəal iştirak edib. Çoxlarının adını çəkiblər. Ernis, Armayis da orada olub. Şikayətçiyə, ömürlük cəza verilsin".
Vaqif Xaçaturyan bildirib ki, Armayis, Ernis də Meşəli kəndində baş verən hadisədə iştirak ediblər.

***

11:09

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə keçirilən prosesdə zərərçəkmiş Nurəddin Salmanov ifadə verib.

Teleqraf.com xəbər verir ki, zərərçəkmişin sözlərinə görə, ermənilərin kəndə hücumu nəticəsində xəsarət alıb. Hücum edənlər onları qıracaqları ilə hədələyiblər.

Zərərçəkmiş deyib ki, kəndə Vaqif Xaçaturyanın rəhbərlik etdiyi dəstə hücum edib: "İki güllə yarası almış kimi, zərərçəkmiş kimi məhkəmədə xahiş edərəm ki, Vaqif Xaçaturyana ömürlük cəza verilsin. Hadisə zamanı bacım Bəyim yaralanıb, nənəm Sürayyə başından güllə yarası alması nəticəsində ölüb.

Hücum edənlərin əksəriyyəti Badara kəndinin sakinləri idi. Vaqif Xaçaturyan, Valeriya və digər şəxsləridi. Çoxunun adını bilmirəm. Vaqif Xaçaturyan orada olub, iştirak edib. Valeriya, Armayis, Vaqif dəstənin başçıları olub. Vaqif Xaçaturyan başçısı idi. Badara sakinləri Meşəli kəndinin sakinlərini oradan çıxarmaq istəyirdilər. Dəfələrlə demişdilər ki, sizi burada çıxaracağıq, evinizi yandıracağıq. Vaqif Xaçaturyan Meşəli qırğınının əsas təşkilatçısı olub".


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər