21 Yanvar 2015 13:25
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda yaşayış evinə basqın edən mütəşəkkil dəstənin daha iki üzvü həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da Nazim Kərimova qarşı quldurluq etmiş qrupun digər üzvləri - Bakı şəhər sakinləri Nurlan Hüseynov və onun bacısı Gülnurə tutulublar.

Qeyd edək ki, yanvarın 19-da Xəzər rayonunun Buzovna qəsəbəsində Nazim Kərimovun yaşadığı evə açıq qalmış qapıdan girən 4 maskalı şəxs bıçaqla ona xəsarət yetirib, pul və qızıl əşyalar verməsini tələb edib, müqavimətlə rastlaşdıqlarından hadisə yerini tərk edərkən Nazim Kərimov onlardan birini tutub hadisə yerinə gəlmiş polis əməkdaşlarına təhvil verib.

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı həmin şəxsin Bakı şəhər sakini Xəyal Əlimərdanov olması müəyyən edilib və hadisəni 3 nəfərlə birgə törətməsini etiraf edib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə R.İsgəndərov tutulub, digər şəxslərin tutulması üçün tədbirlər davam etdirilir.

Hacı Zeynalov


Müəllif: