Bu gün Yasamal Rayon Məhkəməsində sabiq deputat Gültəkin Hacıbəyliyə qarşi qaldırılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Sərdar Mehrəliyevin sədrliyi ilə keçirilən prosesdə Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyevin və onun bacısı Aynur Mehdiyevanın şikayətini qismən təmin edib.
Məhkəmə Gültəkin Hacıbəylini 500 manat cərimələyib.
Qeyd edək ki, Mehdiyev Mahmud Lətif oğlu və onun bacısı Mehdiyeva Aynur Lətif qızını Yasamal Məhkəməsinə Gültəkin Hacıbəylinin Cinayət Məcəlləsinin 147.1 (147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) və 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına dair xüsusi ittiham qaydasında iddia ilə müraciət ediblər.
İddianın qaldırılmasına səbəb kimi Gültəkin Hacıbəylinin keçmiş baldızı barədə mətbuatda səsləndirdiyi fikirlər əsas gətirilib. Qeyd olunub ki, 2014-cü ilin iyunun 13-də Daxili İşlər Nazirliyinin saytı İnsan Alverinə Qarşı Mübarizə və Baş Pasport, Qeydiyyat və Miqrasiya idarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Aynur Mehdiyevanın Dubay şəhərindən Filippin vətəndaşını dayə qismində dəvət etməsi, ona fərdi iş icazəsi almadan şəxsiyyətini təsdiq edən sənədini götürərək zor tətbiq etməklə bir ildən artıq müddətə əməyini istismar etməsi faktını müəyyən etməsi barədə məlumat yayıb.
Bundan sonra Gültəkin Hacıbəyli həmin məlumatı öz müsahibəsində xatırladıb. Bundan narazı qalan qarşı tərəf isə Hacıbəyliyə qarşı iddia ilə məhkəməyə müraciət edib.
Hacı Zeynalov