Şəmkir rayonunda 1985-ci il təvəllüdlü Sahib arvadı haqqında xoşagəlməz ifadələr işlədən Quluya (adlar şərti verilib – red.) xəsarət yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Sahib 9 aprel 2023-cü ildə saat 13 radələrində Şəmkir şəhərində Mərkəzi Bazarın arxa hissəsində arvadı Elnarə barəsində dayısı oğlu Qulunun əxlaqsız ifadələr işlətməsi səbəbindən mübahisə edib.
Mübahisə zamanı o, Qulunun sol ayağına və sol böyrünə kustar üsulla hazırlanmış bıçaqla vurub.
İstintaq orqanı tərəfindən Sahibin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sahib ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, fərdi əməklə məşğul olur: “Qulu mənim dayım oğludur, münasibətlərimiz həmişə yaxşı olub. Məlum hadisədən bir ay əvvəl Qulunun ailəm barədə əxlaqsız sözlər dediyini eşitdim. Söz göndərərək onunla görüşəcəyimi bildirdim.
Qulunun tez-tez qardaşımgilə gedib-gəldiyini bilirdim. Qardaşıma dedim ki, onu evə buraxma. Məqsədim Qulunu görəndə ona hər hansı xəsarət yetirməmək idi. Həmin vaxtdan Qulunu görməmişəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, aprelin 9-da arvadı Elnarə ilə onun Şəmkir rayonunda olan qohumlarına qonaq getmək üçün avtomobillə evdən çıxıb: “Azyaşlı uşaqlarım da maşında idi. Şəhərə çatanda bazardan meyvə-tərəvəz alıb qonaq getdiyimiz evə aparmağı düşündük. Uşaqları avtomobildə qoyub arvadımla bazarda gəzəndə Qulunun arvadı Rahilə ilə qardaşı Valehi gördük. Rahiləgillə qarşılaşanda o mənə yaxınlaşdı, bizə gələcəyini və mənimlə söhbət edəcəyini bildirdi. Mən isə Qulunu bağışlamayacağmı bildirdim.
Bu zaman Valeh telefonu çıxardı, onun əlindən tutaraq səsimi yazıb-yazmadığını soruşdum. Mən əlindən tutanda Valeh qışqırdı. Dedi ki, get ailən barədə söz çıxardan adamın başını kəs. Daha sonra qışqıraraq “vur məni, vur məni” deməyə başladım.
Daha sonra Quluya zəng edərək “Sahib bizi öldürür, tez gəl” dedi. Rahiləgildən uzaqlaşaraq getmək istədim. Bu zaman Qulu qışqıra-qışqıra həmin yerə gəldi və ünvanıma nalayiq sözlər deməyə başladı. Çatan kimi yaxamdan tutdu, ailəm barədə əxlaqsız sözlər dedi, həmin sözü çıxaran şəxsin başını kəsməli olduğumu söylədi. Qulu ilə dartışanda əynimdəki paltarcırıldı.
Qulu məndən əl çəkmədiyindən onu özümdən kənaraşdırmaq məqsədi ilə cibimdə olan balaca meyvə bıçağını çıxardım və onun ayağına tərəf fırladım. Məqsədim onun ayağından zərərsiz yerlərindən vuraraq özümdən kənarlaşdırmaq idi. Quluya tərəf iki bıçaq fırladığım yadımda qalıb. Lakin hansı nahiyəsindən neçə dəfə dəydiyini bilmədim.
Qulunun qardaşı qışqıraraq onun yaralandığını bildirdi. Mənim də paltarım cırıldı. Qulu isə özünü saxlaya bilməyib yerə yıxıldı.
Arvadımla tez oradan uzaqlaşaraq avtomobilimə tərəf getdim. Şəmkir rayon polis şöbəsinə gəldim və baş vermiş hadisə barədə polisə məlumat verdim”.
İş üzrə zərərçəkmiş Qulunun sözlərinə görə, təqsirləndirilən Sahib onun bibisi oğludur: “Səkkiz il olar ki, münasibət saxlamırıq. Hadisədən dörd ay əvvəl Afiq adlı uzaq qohumum mənə zəng edərək Sahibin arvadının bədənində kəpənək şəkli olduğunu bildirdi. Bunu haradan bildiyini soruşdum. Dedi, bu barədə Gəncədə çox adamın xəbəri var. Mən də zəng edərək eşitdiklərimi Sahibin Bakıda yaşayan bacısı Əminəyə bildirdim. Əminə deyilənlərin şayiə olduğunu söylədi.
Sonralar Əminə ilə danışanda Sahibin bu söhbətlərə görə məni vuracağını dedi”.
Zərərçəkmiş deyib ki, aprelin 9-da arvadı Rəhilə və qardaşı Valehlə birlikdə Şəmkir rayonunda yaşayan arvadının qohumu evinə getmək üçün evdən çıxıb: “Onlara birinci qonaq getdiyimiz üçün meyvə-tərəvəz almaqdan ötrü bazara gəldik. Mən avtomobildə oturdum, qardaşımla arvadım isə bazara girdilər.
Bir qədər sonra qardaşım zəng edərək Sahibin bazarda onları gördüyünü, onlarla mübahisə etdiyini bildirdi. Tez avtomobildən düşdüm, bazarın arxa tərəfində Sahibin arvadımın yaxasından tutaraq silkələdiyimi gördüm. Sahiblə mübahisəmiz yarandı. Həmin vaxtı Sahibin arvadı Elnarə də orada idi.
Sahib bir anlıq getmək üçün çevrildi. Bir-iki addım atdı, sonra geri qayıdaraq üzərimə gəldi. Bu dəfə artıq tutaşdıq. Sahib bizi aralamaq istəyən arvadımı itələyərək yerə yıxdı. Bir-birimizi vurduqda ətrafdan kimsə məndən qan axdığını bildirdi. Qanı görən Sahib tez arvadının əlindən tutaraq oradan getdi”.
Zərərçəkmiş qeyd edib ki, daha sonra ailə üzvləri ilə birlikdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gediblər: “Orada sol ayağım və sol böyrümdən dörd xəsarət aldığımı bildim. Sahib məni arvadının bədənində kəpənək şəkli olmasını dediyimə görə vurub. Həmin sözü mən kimlərdənsə eşitmişəm”.
İş üzrə zərərçəkmiş Elnarənin sözlərinə görə, Gəncə şəhər sakini Sahiblə 2006-cı ildə ailə qurub: “Bizim birgə nikahan iki övladımız dünyaya gəlib. Ailədə müəyyən söz-söhbət olsa da, hər hansı ciddi problemlərimiz olmayıb. Təxminən hadisədən əvvəl böyük baldızım bizə gələrək mənimlə söhbəti olduğunu bildirdi. Mənə soyunmağı və bədənimə baxacanı dedi. Əvvəl nə olduğunu başa düşmədim.
Baldızım dedi ki, ərim Sahibin qohumları mənim bədənimə, yəni ayıb yerimə kəpənək şəkli döydürdüyümü deyiblər. Mən belə bir şeyin olmadığını dedim, soyunaraq bədənimi baldızıma göstərdim.
Bundan sonra olan söhbətləri baldızım ərim Sahibə çatdırdı. Sahibin belə söhbətlərə qarışmasını istəmədiyimdən həmin söhbətləri çıxaran Qulunun arvadı Rəhiləyə zəng etdim, ona etiraz elədim. Rəhilə ilə danışdığım zaman Sahib telefonu əlimdən götürdü, Qulu ilə danışaraq həmin söhbəti ortaya çıxaranı soruşdu. Qulu heç bir ad vermədi. Sahib həmin söhbətin axırına çıxacağını bildirdi”.
Elnarə deyib ki, aprelin 9-da, saat təxminən 11 radələrində əri Sahiblə birlikdə Şəmkir rayonuna qardaşının qayananasıgilə qonaq yollanıblar: “Bazarda gəzdiyimiz zaman Qulunun arvadı Rəhiləni və qardaşını gördük. Sahib Rəhiləni görəndə əlimdən tutaraq bazardan çıxmağı təklif elədi. Biz bazardan çıxanda Rəhilə arxamızca gələrək nəsə demək istədi. Mən nə demək istədiyini soruşdum. Axşam bizə gələcəyini, arada olan narazılıq barədə söhbət edəcəyini bildirdi.
Bu vaxt Valeh Sahibə “məni vur, məni vur” deməyə başladı. Daha sonra isə mübahisə baş verdi”.
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sahib 1 il müddətinə azadlığın məhdudlаşdırılmаsı cəzаsınа məhkum edilib.
Təqsirləndirilən şəxsin yaşayış yerini saat 22.00-dan saat 07.00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməsinə məhdudiyyət qoyulub.
Təqsirləndirilən şəxs üzərinə elektrоn nəzаrət vаsitəsini gəzdirmək və həmin vаsitənin işlək vəziyyətdə sаxlаnılmаsı üçün оnа xidmət etmək, müvаfiq məhkəmə qərаrı оlmаdаn yаşаyış yerini dəyişdirməmək bаrədə əvvəlcədən məlumаtlаndırmаq vəzifələri qоyulub.