Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayevin və Heydər Rzayev, Mehman Məmmədli, Vidadi Qurbanov, Elşən Novruzov, Nadejda İsmayılovanın cinayət işi üzrə məhkəmə başlayıb.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. İşə baxan hakimlər cinayət işinə baxmaqdan imtina ediblər və özlərinə etiraz veriblər.
Hakimlər bildiriblər ki, Elşən Novruzov barəsində başqa bir cinayət işi həmin kollegiyanın icraatında baxılıb. Bu səbəbdən cinayət işi üzrə hakimlərin etirazına baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə müraciət edilib.
Qeyd edək ki, Abdulla Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaitin özü tərəfindən müəyyən edilməklə ayrı-ayrı hüquqi şəxslərin müvəkkil edilmiş kredit təşkilatı olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməsinə nail olaraq həmin vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasında və özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hacı Zeynalov