İctimai fəal Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Bəxtiyar Hacıyev 10 il müddətinə azadlıqdan mərhum edilib.
Prokuror Bəxtiyar Hacıyevin 11 il müddətinə azadlıqdan mərhum olunmasını təklif etmişdi.
Eyni zamanda Bəxtiyar Hacıyevin üzərinə həbs qoyulmuş Bakı şəhəri, Zərdabi küçəsindəki evin, bank hesablarında olan vəsaitlərin müsadirə olunması barədə də qərar qəbul edilib.
Qeyd edək ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü.
Onunla bloger Ülviyyə Alovlu arasında Yasamal rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də güc tətbiq edib.
İyunun 16-da Bəxtiyar Hacıyevə qarşı yeni ittihamlar irəli sürüldü. Bu ittihamlar əsasən maliyyə məsələlərilə - ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verildi. Noyabrda isə ona Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürüldü.
Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir.
Bəxtiyar Hacıyevin işi üzrə zərərçəkmiş qismində iki nəfər - bloger Ülviyyə Muradova (Alovlu) və Orxan Abdullayev tanınıb. Onlar Yasamal rayon Məhkəməsində baş vermiş insidentlə bağlı zərərçəkmiş qismində tanınıblar.