19 Mart 2015 15:19
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə meşədə törədilən qətldə təqsirləndirilən Oğuz rayon sakini, 1964-cü il təvəllüdlü Xalid Həsrətovun barəsində çıxarılan qərardan verilən kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Xalid 26 yanvar 2014-cü il tarixdə, saat 10:00-da tanışları Məmmədbağır Seydəliyev, Maarif Lətifov və Arif Salehovla birlikdə ova gedib.


Onların hər biri ov tüfəngləri ilə silahlanaraq vurulması qadağan edilən maral cinsinə aid heyvanları ovlamaq qərarına gəliblər. Onlar Oğuz rayonu Xaçmaz kəndinin ərazisində yerləşən Oğuz meşəbəyliyinə gəliblər.

Xalid Həsrətov və digər şəxslər 2 saylı meşə dolayının “Böyuk Daş” adlanan ərazisində maral heyvanına atəş açıblar. Bununla da onlar təbiətə xeyli miqdarda ziyan vurublar. Eyni zamanda, Xalid Həsrətov odlu silahla ehtiyatsız davranıb. Onun açdığı atəş ov gözləyən Məmmədbağır Seydəliyevə dəyib və o, aldığı xəsarətdən ölüb.

Xalid Həsrətov Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə), 258.2.3 və 258.3.2-ci (ovlanması tamamilə qadağan edilmiş quşlara və heyvanlara qarşı, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz ov etmə) maddələri ilə ittiham edilib. Maarif Lətifov və Arif Salehov da Cinayət Məcəlləsinin 258.2.3 və 258.3.2-ci maddələri ilə təqsirli biliniblər. Cinayət işinə Oğuz rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Xalid Həsrətov 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin Xalid Həsrətov, Maarif Lətifov və Arif Salehovun hər birini iki min manat məbləğində cərimələyib.

Hökmdən narazı qalan Xalid Həsrətov apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini istəyib. Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə Xalid Həsrətovun cəzası 2 il 6 aya endirilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilib.

Qərardan narazı qalan Baş Prokurorluq kasasiya şikayəti verərək Xalid Həsrətovun həbs edilməsini tələb edib. Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə Baş Prokurorluğun protesti təmin edilib və Şəki Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib. İşinə yenidən apelyasiya instansiyasında baxılması barədə qərar qəbul edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər