Gəncə Apelyasiya Məhkəməsində polisə müqavimət göstərməkdə təqsirli bilinən Tovuz rayon sakini Hüseyn Əliyev və onunla birlikdə mühakimə olunan Ramid Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hüseyn Əliyev 18 fevral 2014-cü il tarixdə, gecə “BMW” markalı avtomobilində Tovuz şəhərinin Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən parkın qarşısında tanışları Natiq Abdullayevin maşını ilə Bəxtiyar Ələkbərovun maşınının toqquşduğunu görüb. Həmin vaxt Hüseyn Əliyevin dostu Ramid Cəbrayılov da “Niva” avtomobilində qəza yerinə gəlib.
Onlardan əvvəlsə yol-nəqliyyat hadisəsi barədə məlumat almış Tovuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Xidmətinin inspektoru Cavid Məmmədov, baş inspektor Tanrıverdi Hüseynov və polis baş leytenantı Əli Quliyev də hadisə yerinə gəliblər. Hüseyn Əliyev Əli Quliyevin xidməti vəzifəsini yerinə yetirməsinə mane olub. O, polis baş leytenantına qəza törətmiş sürücünün tanışı olduğunu, hadisəyə özü cavabdehlik daşıdığını deyib və polisin sənəd tərtib etməsinə imkan verməyib.
Əli Quliyev bu hərəkətlərinə görə Hüseyn Əliyevə iradını bildirəndə o, “səndən səkkiz aydır yanıqlıyam, sənin üstündən maşınla keçməyi özümə söz vermişəm” deyə polis baş leytenantını hədələməyə başlayıb. O, polisin ünvanına nalayiq sözlər işlədib, sinəsindən tutaraq başı ilə sifətinə zərbə endirməyə cəhd göstərib.
Ramid Cəbrayılov isə Əli Quliyevi arxadan tutub. Bundan istifadə edən Hüseyn Əliyev polis baş leytenantını yumruqlayıb. Bundan sonra hər iki dost Əli Quliyevə çoxsaylı yumruq və təpik zərbələri endirib. Hüseyn Əliyev Əli Quliyevin əynindəki polis əməkdaşına məxsus xüsusi geyim forması hesab edilən göy rəngli gödəkçəni cırıb.
Cavid Məmmədov və Tanrıverdi Hüseynov mübahisəni sakitləşdirdikdən sonra Hüseyn Əliyev özünün “BMW” maşınını Əli Quliyevin üstünə sürüb, lakin polis cəld kənara çəkildiyi üçün avtomobil ona dəyməyib.
Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham ediliblər. Tovuz Rayon Məhkəməsinin hökmü ilə Hüseyn Əliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Hüseyn Əliyevin barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalından həbsə alınıb.
Zamində olan Ramid Cəbrayılov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, şərti cəza alıb. Hüseyn Əliyev də apelyasiya şikayəti verərək barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqini istəyib.
Hakim Bədəl Əliyevin sədrliyi ilə keçirilən prosesdə Hüseyn Əliyevin vəkili Yolçu Abbasov bildirib ki, Hüseyn Əliyevə təyin olunmuş cəza həddindən artıq ağırdır: “Hüseyn Əliyevin əməli tam əsaslandırılmadan Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə tövsif edilib. Məhkəmə belə qərara gələrkən hökmdə göstərib ki, Hüseyn Əliyev hadisə vaxtı öz maşınını zərərçəkmiş polis əməkdaşı Əli Quliyevin üstünə sürüb, onu vurmaq istəyib. Bu hərəkət polis işçisinin həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiqetmə hesab olunur. Həmin zor tətbiqi əməli subyektiv cəhətdən real hərəkətlərdə ifadə olunmayıb.
Məhkəmədə Hüseyn Əliyev və şahidlər ifadə veriblər ki, o, münaqişənin sonunda öz maşınına oturub, yüksək sürətlə hərəkətə gətirərək avtoxuliqanlıq nümayiş etdirib. Onun polis işçiləri və çoxsaylı adamlar toplaşmış yolda təhlükəli manevrlər etməsi polis əməkdaşı Əli Quliyevin üstünə sürmə, onu vurmağa cəhd kimi qiymətləndirilib. Hesab edirik ki, Hüseyn Əliyevin həmin hərəkəti onun özünü göstərmə, nümayiş etdirmə məqsədi daşıyıb".
Prokuror Qalib Rizvanov çıxış edərək apelyasiya şikayətinin təmin edilməməsini istəyəndən sonra hakimlər qərar açıqlayıblar. Hüseyn Əliyevin cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov