Ali Məhkəmədə rüşvət almaqda ittiham olunan Balakən rayon Əhalinin sosial müdafiəsi Mərkəzinin direktor müavini Əfqan Əliyev, mühasibat uçotu sektorunun baş mühasibi Kəmalə Əsədullayeva və sektorun məsləhətçisi Təranə Tinatiyevanın məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslər Balakən rayon sakinlərinin adına ünvanlı dövlət sosial yardım rəsmişlədiriblər. Lakin həmin vəsaiti özləri mənimsəyiblər. Onlar 2009-cu il iyulun 1-dən 2010-cu il 1 iyulunadək 567293 manat, 2010-cu ilin mart-aprel aylarında isə 606987 manat məbləğində pul ələ keçiriblər.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əfqan Əliyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Kəmalə Əsədullayeva və Təranə Tinatiyevaya isə 5 il müddətinə şərti cəza alıblar. Qadınlar məhkəmə zalından azad ediliblər.
Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib. Şəki Apelyasiya Məhkəməsində işə baxan hakimlər prokurorluğun protestini qismən təmin ediblər. Qərara görə, Kəmalə Əsədullayeva və Təranə Tinatiyevanın barəsində olan hökm dəyişdirilib və onların hər birinə 7 il cəza verilib, onların barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə cəzaları şərti hesab edilib.
Qərardan Baş Prokurorluq yenə də narazı qalaraq kasasiya şikayəti verib. Hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Şəki Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib və cinayət işinə yenidən apelyasiya instansiyasında baxılması barədə qərar qəbul edilib.
Hacı Zeynalov