Xaçmaz rayon sakini, 1957-ci il təvəllüdlü Xatirə İsbatova gəlini, 3 saylı Sumqayıt şəhər poliklinikasının baş həkimi Cəmilə Məmmədovanı vəhşicəsinə döyüb.
Teleqraf.com xəbər verir ki, hadisə 20 oktyabr 2014-cü il tarixdə baş verib.
Xatirə İsbatova həmin günü saat 12 radələrində 3 saylı Sumqayıt şəhər poliklinikasına gəlib. O, poliklinkada keçmiş gəlini Cəmilə Məmmədovanın iş otağının giriş qapısının yanında onu ucadan nalayiq söyüşlərlə söyüb.
Baş həkim niyə döyülüb?
Xatirə İsbatova daha sonra poliklinikanın iş rejimini pozaraq, ətrafdakı şəxslərin narahatçılığına səbəb olan hərəkətlər edib. Xatirə İsbatova gəlinin saçlarından tutaraq yerdə sürüyüb.
Təqsirləndirilən şəxs daha sonra Cəmilə Məmmədovanın bədəninin müxtəlif yerlərinə əli ilə zərbələr endirərək, ona ağır dərəcəli bədən xəsarəti yetirib.
“Gəlinimi döyməmişəm”
Xatirə İsbatova Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Vladimir Ruvinovun sədrliyi ilə araşdırılıb.
Məhkəmədə ifadə verən Xatirə İsbatova elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, keçmiş gəlini ilə mübahisə edib. Onun sözlərinə görə, gəlininə qarşı zorlakılıq göstərməyib: “Mən gəlinimi döyməmişəm, ona bədən xəsarəti yetirməmişəm”.
“Mənə qarşı zorakılıq göstərdi”
Zərərçəkmiş Cəmilə Məmmədova bildirib ki, noyabrın 29-da işdə olub: “İşdə olduğum vaxt Xatirə isbatova gəldi. O, əvvəlcə məni söyərək təhqir etməyə başladı. Daha sonra saçımdan tutaraq yonmağa başladı. O, mənə qarşı zorakılıq göstərib, bədənimin müxtəlif nahiyyələrinə xəsarət yetirib”.
Məhkəmə iclasında ifadə verən şahidlər də Xatirə İsbatovanın Cəmilə Məmmədovanı döyməsini bildiriblər. Şahid qismində ifadə verən Hicran Şahbazova bildirib ki, baş həkimin səsini eşitdiyi üçün Cəmilə Məmmədovanın kabinetinə tərəf gedib. Onun sözlərinə görə, orada baş həkimin bir qadınla ucadan söhbət etdiyini eşidib.
Gəlinini döyən qayınana küçələri süpürəcək
Məhkəmə şahid ifadələrini dinləyəndən sonra hökm elan edilib. Məhkəmənin hökmü ilə Xatirə İsbatova 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib. Həmçinin onun barəsində seçilmiş başqa yerə getməmək barədə qəti imkan tədbiri qüvvədə saxlanılıb.
Hökmdən narazı qalan Xatirə İsbatova apelyasiya şikayəti verib. O, Sumqayıt Şəhər Məhkəməsinin hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Onun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayətin araşdırılması hakim Fərmayıl Zeynallının icraatına verilib. Apelyasiya şikayətinin araşdırmasını aparan hakim sonda qərar elan edib. Qərara görə, Xatirə İsbatovanın apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov