24 İyun 2015 15:17
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan Apelyasiya Məhkəməsində narkotik alverində ittiham olunan Astara şəhər sakini Əhəd Xanməmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Əhəd Xanməmmədov 24 mart 2014-cü ildə İran İslam Respublikasının Astara şəhərində İran vətəndaşından satış məqsədi ilə 3.230,0 qram həşiş qətranı və 105,0 qram heroin narkotik vasitələrini alıb.

O, 3.145,0 qram həşiş qətranını “Hajabdollah” yazısı olan şirniyyat qutusunun içərsində 3 ədəd şəffaf sellofan paketlərə, 85,0 qram həşiş qətranı sağ ayağına geyindiyi corabın altında, ümumi çəkisi 105,0 qram olan heroini daxili orqanında yerləşdirərək özündə saxlayıb. Əhəd Xanməmmədov həmin gün saat 16 radələrində Astara Gömrük İdarəsinin sərnişin şöbəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən narkotik vasitələri qaçaqmalçılıq yolu ilə keçirib.

Bu əməli ilə o, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) 234.4.1 və 234.4.3-cü (qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əhəd Xanməmmədov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Əhəd Xanməmmədov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Onun şikayətinə hakim Zəki Babayevin sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası Əhəd Xanməmmədovun apelyasiya şikayətinin əsassız olması nəticəsinə gəlib. Bu səbəbdən onun şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər