Bakı Apelyasiya Məhkəməsində bir nəfəri öldürməkdə, bir nəfəri isə yaralamaqda təqsirləndirilən Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Elnur Tahirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hadisə ötən ilin avqustun 9-da Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində qeydə alınıb. Beyləqan rayon sakinləri Rəşad Əliyev və Səyavuş Orucov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətiriliblər. Rəşad Əliyev aldığı xəsarətdən orada dünyasını dəyişib.
İlkin araşdırmalar nəticəsində hadisəni münaqişə zəminində törətmiş şəxsin M.Ə.Rəsulzadə qəsəbə sakini Elnur Tahirov olduğu müəyyən edilib. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Elnur Tahirov tutulub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Tahirov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elnur Tahirov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Elnur Tahirovun apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov