16 İyul 2015 10:30
2 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində Azərbaycanda qətlə yetirilən Almaniya vətəndaşı Vüsal Şilderin ölümündən bir neçə gün əvvəl ona qarşı planlı şəkildə avtomobil qəzası təşkil etməkdə və üzərinə narkotik vasitə atmaqda təqsirləndirilən şəxslərin apelyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Faiq Qaimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslər İlham Məmmədov, Qurban Novruzov, Türkiyə vətəndaşı Yaşar Sümerin apelyasiya şikayətləri təmin edilməyib. Digər təqsirləndirilən Kənan Babayevə münasibətdə cinayət işinin icraatı ayrılıb və iş üzrə icraat dayandırılıb.

Baş Prokurorluğun təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti, eyni tələblə çıxış edən zərərçəkmişin hüquqi varisinin də apelyasiya şikayəti təmin edilməyib.


Binəqədi Rayon Məhkəməsinin hökmü ilə isə Vüsal Şilderin ölümündən əvvəl ona planlı şəkildə avtomobil qəzası təşkil etməkdə və üzərinə narkotik vasitə atmaqda təqsirləndirilən sabiq polis mayoru İlham Məmmədov 6 il 6 ay, Qurban Novruzov 6 il 6 ay, türkiyəli iş adamı Yaşar Sunar 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Kənan Babayevə isə 4 il şərti cəza təyin edilib.

Qeyd edək ki, 2013-cü ilin mayın 2-də Ə. Rəcəbli küçəsində Almaniya vətəndaşı Vüsal Şilder aldığı iki bıçaq xəsarəti ilə əlaqədar xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 18-ci Polis Bölməsi və Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov və Seymur Talıbov saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman İsgəndərov və Seymur Talıbov cəzalandırılıblar.

Almaniya vətəndaşı olan 23 yaşlı Vusal Şilder Adolf əslən azərbaycanlıdır. Belə ki, Almaniya vətəndaşı olan kişi ilə Azərbaycan vətəndaşı olan qadın Vusal Şilder Adolfu 20 il əvvəl Bakıda övladlığa götürüblər. O, Qərb Universitetinin ikinci kurs tələbəsi olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər