Abşeron rayonunda polis əməkdaşlarına qarşı zor tətbiq etmiş şəxslər barəsində cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iyulun 29-da saat 11 radələrində əvvəllər məhkum olunmuş Nurlan Manafov, Rəcəb Manafov, Teymur Əliyev, Vüsal Əliyev, Xatirə Əliyeva və hələlik adları istintaqa məlum olmayan bir neçə şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nin YPX-nin inspektorları İqbal Kamilovu və Çingiz Həsənovu, rayon Polis İdarəsinin PPXB-nün polis nəfərləri Ruslan Quliyevi və Mircəlal Seyidovu nəlayiq sözlərlə söyüb təhqir edərək zor tətbiq edib, bədənlərinin müxtəlif nahiyələrindən qəsdən vurmaqla müxtəlif dərəcəli xəsarətlər yetiriblər. Başlanmış cinayət işi üzrə Nurlan Manafov şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə davam etdirilir və cinayətin iştirakçılarının tam dairəsinin müəyyənləşdirilməklə istintaqa cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Hacı Zeynalov