4 Avqust 2015 16:16
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Partiyada sədr dəyişikliyi zərərli nəticələr verə bilər”

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn rəhbərlik etdiyi partiya ilə yanaşı 7 partiyanın təmsil olunduğu “Azadlıq-2015” seçki blokunun hədəflərindən danışıb.

Onun sözlərinə görə, hazırda blokun əsas işi deputatlığa namizədlərin müəyyənləşməsindən ibarətdir: “Partiyaların seçki bloku şəklində iştirak etməsi bir sıra texniki və təşkilati işlərin də görülməsini vacib edir. Seçki blokunun platforması, layihəsi hazırlanır, seçki dairələrində vəziyyətin öyrənilməsi prosesi davam edir. Seçki qərargahı sədrlər şurası ilə birlikdə bütün bunlar üzərində işləyir. Mənə elə gəlir ki, avqustun sonunda ilkin hazırlıqlar başa çatacaq. Sentyabrın 1-dən məsələnin hüquqi cəhətdən tələb olunan hissəsi başlayacaq. Seçki kampaniyasına start verilən kimi tədbirlərimizi keçirməyə başlayacağıq”.

P.Hüseynin fikrincə, blok 75-dən çox namizəd irəli sürəcək: “Bu rəqəmin konkretləşməsi tələb olunur. Namizədlərlə görüşüb onlardan razılıq alınmalıdır. Dairələrin təxminən üçdə ikisində namizəd irəli sürməyimiz mümkün olacaq. Bloka daxil olan 8 partiya arasında namizədlərin sayı ilə bağlı limit yoxdur. Ən çox namizədi olan partiya Klassik Xalq Cəbhəsi Partiyasıdır. Digər partiyalar da öz namizədləri ilə bağlı dairələri müəyyənləşdirib və müzakirəyə təqdim edib. Mənə elə gəlir ki, bir neçə dairədə namizədlərin razılaşdırılması üçün əlavə iş tələb oluna bilər. Prinsip etibarilə məsələnin elə də problemli olması gözlənilmir. Ola bilsin blokdan kənar digər partiyalarla məsləhətləşmələr zamanı dairələrdə namizədlərin müəyyən edilməsi ilə bağlı razılıqlar əldə olunsun”.

Onun sözlərinə görə, AXP-dən 10-a qədər namizəd seçkiyə qatılacaq: “Bizim partiyada yanaşma ondan ibarətdir ki, hansı dairədə udmaq şansı varsa, bütün resurslar həmin dairələrdə cəmləşdirilsin. Namizədlik xatirinə namizəd irəli sürülməsini o qədər də mühüm saymırıq”.

P.Hüseyn 3 seçki dairəsi üzrə iddialı olduğunu deyib: “63 saylı Sabirabad birinci seçki dairəsi, 64 saylı Sabirabad ikinci seçki dairəsi və ya 65 saylı Saatlı- Sabirabad-Kürdəmir seçki dairəsindən namizəd olmağı düşünürəm. Hələ ki həmin dairələrdəki vəziyyəti öyrənirik”.

AXP sədri Müsavat Partiyası və ya AXCP-nin “Azadlıq-2015” seçki blokuna qoşulması ilə bağlı ehtimalları da dəyərləndirib: “Seçki blokumuz qapısını açıq elan edib. Hakimiyyət yönlü partiyalara da blokumuzun əməkdaşlıq qapısı açıqdır. Biz siyasi razılaşmalar təklif eləmişik və bunun üçün danışıqlar aparmağa hazırıq. AXCP və Müsavat Partiyası, o cümlədən müxalifətdə olan partiyalarla əməkdaşlığın gözlənilməsi daha təbiidir. Monitorinq, siyasi dəyərləndirmələr, birgə müşahidə məsələsində qüvvələrin birləşdirilməsi əməkdaşlıq üçün zəruridir”.

O, iqtidarla müxalifət dialoquna da toxunub: “Hələlik iqtidar tərəfindən təşəbbüs yoxdur. Görüşdə iştirak edən bir sıra siyasi partiyaların bu barədə mövqeyi məlumdur. Parlament seçkiləri və Qarabağ məsələsinin müzakirəsi üçün növbəti raundu məqsədəuyğun hesab edirik”.

P.Hüseyn gənclərin müxalif partiyalardan uzaqlaşması ilə bağlı situasiyanı da şərh edib: “Gənclik məsələsi müxalifət partiyalarının ciddi məsələsidir. Bu, əbədi problemdir. Gənclərin imkanlarından istifadə etmək lazımdır. Bütün partiyalarda olduğu kimi AXP-də də gənclərin partiyanın fəaliyyəti çərçivəsində iştirakı problemi var. Bunun üçün işlər görməyə çalışacağıq. Bu günlərdə partiyamızın 3-cü qurultayını keçirdik, hazırda mərkəzi şurasının rəhbər orqanlarında vəzifəli şəxslərin seçimi olacaq. Gənclərin təmsilçiliyini artırmaq üzərində düşünürük”.

O, növbəti dəfə alternativsiz sədr seçildiyi üçün ona qarşı qınaqlara da münasibət bildirib: “Nizamnaməyə uyğun qurultay keçirildi. Nizamnamə pozuntusu və qanunvericiliyə zidd olan bir məsələ olmadı. Mənim fikrimcə, hazırda çox ciddi siyasi böhran durumundayıq. Təşkilatlarda lider dəyişikliyi arzuolunan və nəzərdə tutulan pozitiv yox, zərərli nəticələr verə bilər. Belə bir əhval-ruhiyyə məsələlərin bu şəkildə cərəyan etməsinə imkan verdi”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər