7 Sentyabr 2015 14:52
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri bıçaqlamaqda təqsirli bilinən 1996-cı il təvəllüdlü İlkin Nəzərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, İlkin Nəzərov paytaxtda kafelərdən birində dostları Zəfər Əhmədli, Murad Sadıqov və 16 yaşlı Elçinlə birlikdə pivə içiblər. Sərxoş olan dostlar arasında mübahisə yaranıb. Mübahisəni həll etmək üçün Murad İlkin Nəzərovu kafedən bayıra çağırıb. Bu zaman onları digər dostları bayıra çıxmağa qoymayıb. Bu zaman dostları arasında mübahisə daha da qızışıb. İlkin Nəzərov bıçaqla Zəfər və Elçini vurub. Hər iki yaralıya vaxtında tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.

İlkin Nəzərov Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilib. Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İlkin Nəzərov qeyd edib ki, onların arasında mübahisə siqaret üstündə baş verib. O, özünü müdafiə etmək məqsədilə bıçağa əl atdığını deyib.

Zərərçəkmiş Zəfər Əhmədli bildirib ki, kafedə pivə içən zaman aralarında anlaşılmazlıq yaranıb. O, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını deyib: “Mənim heç kimdən şikayətim yoxdur. İlkin də Allah qapısını açsın”.

Digər zərərçəkmiş Elçin bildirib ki, hadisə zamanı sərxoş olduğu üçün baş verənlər yadında qalmayıb. Şahid qismində ifadə verən 17 yaşlı Murad Sadıqovun sözlərinə görə, hadisə onların arasında olan zarafat nəticəsində baş verib.

Məhkəmə iclası sentyabrın 10-da davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər