Bakı Apelyasiya Məhkəməsində Baş Prokurorluğun bir nəfəri öldürməkdə, bir nəfəri yaralamaqda təqsirli bilinən 1993-cü il təvəllüdlü Elvin Mikayılovun cəzasının ağırlaşdırılması ilə bağlı apelyasiya protestinə baxılıb.
Teleqraf.com-un xəbərinə görə, 2013-cü il avqustun 31-də Binəqədi qəsəbəsi, 1-c Mədən küçəsində yerləşən “Kral” marketinin qarşısında Elvin Mikayılov 32 yaşlı Yaşar Dərgahquliyevin boğazını kəsərək öldürüb. O, daha sonra mərhumun qardaşı, 29 yaşlı Vüqar Dərgahquliyevə bıçaqla iki zərbə endirib.
İstintaq araşdırması zamanı müəyyən olunub ki, hadisəyə səbəb Yaşar Dərgahquliyevin avtomobillə onun maşının yanından sürətlə keçməsi olub. “Niva” markalı avtomobillə onu ötüb keçən Yaşara çatan Elvin Mikayılov qardaşlara hücum çəkib. Dava cinayətlə nəticələnib. Qətlə yetirilən taksi sürücüsü olub.
Elvin Mikayılov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Mikayılov 14 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasının 1 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini qərara alıb.
Hökmdən Baş Prokurorluq apelyasiya protesti verərək Elvin Mikayılovun cəzasının artırılaraq 15 il təyin edilməsini istəyib. Həmçinin Elvin Mikayılov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş edib.
Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Baş prokurorluğun protesti qismən təmin edilib və Elvin Mikayılovun barəsində təyin edilmiş hökm dəyişdirilib. Yeni hökmə əsasən, Elvin Mikayılovun həbsxanada cəza çəkməsi 2 ilə qədər artırılıb. Hökm qalan hissədə dəyişdirilməyib. Təqsirləndirilən şəxsin də apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov