Bu gün Bakı Apelyasiya Məhkəməsində sabiq millət vəkili Gülər Əhmədovanın apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi keçirilən prosesə Gülər Əhmədova gəlməyib. Bu səbəbdən məhkəmə iclası fevralın 9-dək təxirə salınıb.
Qeyd edək ki, Gülər Əhmədovanın şərti məhkumetmə cəzasının ləğv olunması və məhkumluğun götürülməsinə dair Yasamal Rayon Məhkəməsinə təqdim etdiyi ərizəsi təmin edilməyib.
Qərardan narazı qalan Gülər Əhmədova apelyasiya şikayəti verib.
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gülər Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Gülər Əhmədovaya 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib və o, azadlığa buraxılıb.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunub.
Hacı Zeynalov