Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 23 yaşlı gənci balta ilə qətlə yetirməkdə təqsirli bilinən 1963-cü il təvəllüdlü Mirələkbər Səttarov və 1990-cı il təvəllüdlü Xətai Şirinovun cinayət işi məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, qətl hadisəsi 2014-cü ilin noyabrın 19-da, saat 21.30 radələrində, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsində baş verib. Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Nihad İsmayılov evinin hamamında baltalanaraq qətlə yetirilib.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Nahid İsmayılovu qətlə yetirməkdə şübhəli bilinən Sabunçu qəsəbə sakinləri, öldürülən şəxsin qonşuları 1963-cü il təvəllüdlü Mirələkbər Səttarov və 1990-cı il təvəllüdlü Xətai Şirinov tutulub. Saxlanılan şəxslərdən Mirələkbər Səttarov ilkin ifadəsi zamanı hadisəsinin münaqişə zəmində törətdiyini qeyd edib.
Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunublar.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökm ilə təqsirləndirilən şəxslərin hər biri 18 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hacı Zeynalov