19 Mart 2016 11:59
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 18-də əfv sərəncamının icrası ilə bağlı azadlığa çıxan 1973-cü il təvəllüdlü Əli Şahbazov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum olunub.

Əli Şahbazov əfv edilməsi ilə bağlı prezident İlham Əliyevə təşəkkürünü bildirib: “2-ci qrup əliləm, 4 il Qarabağ döyüşlərində iştirak etmişəm. Ali Baş komandanıma minnətdaram. Bu əziz bayram günlərində bizi, ailələrimizi sevindirdi. Bu işdə mənə köməklik göstərən ədliyyə nazirinə, müəssisə rəhbərinə öz minnətdarlığımı bildirəm”.

Əli Şahbazov qeyd edib ki, 2 il 5 ay həbsxana həyatı yaşayıb: “Cəza çəkdiyim müddət ərzində çox düşündüm-daşındım. Burada öz səhvimi başa düşdüm”.

Qeyd edək ki, Əli Şahbazov 2014-cü ilin dekabr ayının 26-da qohumu Telman Qurbanovla mübahisə edərək dalaşıb. Dava zamanı üstündə dəmir olan taxta parçası ilə Telmanın bədəninin müxtəlif nahiyələrindən zərbələr endirib. Ağır dərəcəli bədən xəsarəti almış yaralı təcili xəstəxanaya çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.

Keçmiş məhkum bildirib ki, hadisə baş verən gün səs-küy gəldiyini eşidib və küçəyə çıxdıqda qaynı oğlu Telmanın əlindəki bıçaqla qonşuluqda yaşayan Talehi hədələdiyini görüb. Onları ayıraraq mübahisəni sakitləşdirib: “Nəsə torpaq barədə söhbət gedirdi. Həmin vaxt Telmanın qardaşı Teymur və onun həyat yoldaşı Pərvanənin də gəldiyini gördüm. Onlar məni görən kimi söyüş söyməyə başladılar. Mənə tərəf gəldiklərini görüncə uzaqlaşmaq istədim. Teymur, Telman və Pərvanə həyətimizin qarşısına gəldilər və daş parçaları atmağa başladılar. Yaşadığım evə keçdim. Həyat yoldaşım Nəzakət nə baş verdiyini öyrənmək üçün qucağında körpə həyətə düşdü. Çölə çıxanda gördüm ki, Pərvanə arvadıma hücum çəkərək saçından yapışıb, Teymur da yumruqla başından vurur, uşağım isə ayaq altında qalıb. Onlara yaxınlaşıb uşağımı və arvadımı əllərindən almaq istədim. Telman üstümə gələrək bıçağı o yan-bu yana fırladı. Özümü müdafiə etmək üçün evdən taxta parçası götürüb küçəyə qayıtdım. Telman əlindəki bıçağı arvadımın sifətinə çəkərək ona xəsarət yetirmişdi. Bunu görəndə özünü saxlaya bilmədim, taxta parçası ilə Teymuru vurdum. Telmanın məni bıçaqla vurmaq istədiyini görüncə isə həmin taxta parçası ilə iki dəfə də onun başına zərbə endirdim. Həyat yoldaşımı və uşağımı götürüb evə keçdim”.

Əli Şahbazov daha sonra bildirib ki, hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdikdən sonra həyat yoldaşı Nəzakəti Xətai Rayon Polis İdarəsi 35-ci polis bölməsinə aparıb. O, bildirib ki, bölmədə şikayət ərizəsi yazdıqdan sonra Nəzakət Həsənovaya təcili yardım çağırılıb və ona tibbi yardım göstərilib.

Əli Şahbazov qaynı oğlu Telman Qurbanovla əvvəllər aralarında qərəzli münasibət olduğunu, Telman və Teymur Qurbanov qardaşlarının bir neçə il əvvəl ondan borc alıb qaytarmadıqlarını, bu səbəbdən də ortada narazılıq yarandığını göstərib.

Hacı Zeynalov
Fotolar: Elçin Murad


Müəllif:

Oxşar xəbərlər