29 Mart 2016 11:55
1 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Ağamir Ağamirov və Hafiz Vəliyevin məhkəmə qərarından verdikləri apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Ağamir Ağamirov və Hafiz Vəliyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham ediliblər.

İstintaq sənədlərinə görə, Bərdə sakini Hafiz Vəliyevi 2013-cü il mayın 11-də Heydər Əliyev Beynəlxalq Hava Limanında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları saxlayıb. Axtarış zamanı onun üzərində noutbuk və fləş-kart aşkar olunub. Hafiz Vəliyevə məxsus “KİA Sorento” markalı avtomobildə 9,46 qram heroin, onun Bakının Nərimanov rayonu, Qədirbəyov küçəsində kirayə götürdüyü mənzilində isə fotoaparat, mini videokamera, fləş-kart, qələm formasında səsyazan qurğu tapılıb. 2003-cü ilin oktyabrında Hafiz Vəliyev Riyazi Bəhmənin tapşırığı ilə İstanbula uçub, orada kafelərin birində SEPAH zabiti onu İran xüsusi xidmət orqanlarının digər əməkdaşı Əhməd Qaffari ilə tanış edib.

Həmin adam özünü Həmid Bəhrami kimi təqdim edib. Bunun səbəbi o olub ki, SEPAH Riyazi Bəhməni Rusiyaya ezam edib, o isə yeni əməkdaşı Hafizlə tanış edib. Bir müddət sonra Əhməd Qaffari Bakıya gəlib və Hafiz Vəliyev onunla əməkdaşlığa başlayıb. O, müxtəlif dövlət strukturlarını izləyib və informasiya bazası yaradıb.

İstintaqın gedişində Hafizin verdiyi ifadə əsasında Ağcabədi rayonundan olan Ağamir Ağamirov da həbs edilib. Ağamir Ağamirov həbs olunana qədər Azərbaycanın Müdafiə Sənayesi Nazirliyində baş müşavir işləyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ağamir Ağamirov və Hafiz Vəliyev ömürlük azadlıqdan məhrum ediliblər. Məhkəmənin hökmündən narazı qalan təqsirləndirilən şəxslərin vəkilləri apelyasiya şikayəti veriblər. Onlar müdafiə etdikləri şəxslər barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, onların apelyasiya şikayətləri təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər