Bərdə rayonunda bir nəfərin ölümü, 3 nəfərin ağır yaralanması il nəticələnən ağır avtomobil qəzası baş verib.
Teleqraf.com-un əməkdaşının verdiyi məlumata görə, hadisə ötən gün Bərdə-Yevlax magistral yolunun Bərdənin Şorəlli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Tərtər rayon sakini, 1975-ci il təvəllüdlü Qurbanov Qəhrəman Bəhmən oğlunun idarə etdiyi “NAZ Lifan” markalı, 59 BE 698 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən yolu iki hissəyə ayıran dəmir səddə çırpılıb. Zərbənin təsirindən dəmir lövhənin bir tərəfi avtomobili yararsız hala salıb. Qəza zamanı avtomobildə olanlar - 1975-ci il təvəllüdlü Qurbanov Qəhrəman Bəhmən oğlu, 1977-ci il təvəllüdlü Qurbanova Həmayə Gəncəli qızı, 1933-cü il təvəllüdlü Qurbanova Humay Salman qızı və 2015-ci il təvəllüdlü Qurbanova Münəvvər Qəhrəman qızı ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, qəza zamanı ağır yaralanan 1933-cü il təvəllüdlü Qurbanova Humay Salman qızının həyatın xilas etmək mümkün olmayıb.
Xalid Salmanbəyli