28 May 2016 17:43
2 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sifarişli qətl, quldurluq və narkotik maddələrin satışında təqsirli bilinən mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin martında Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəki şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri və zəruri istintaq hərəkətləri nəticəsində sifarişli qətl, quldurluq, oğurluq və narkotik maddələrin satışında təqsirli bilinən 10 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstənin üzvləri yaxalanıb. Dəstə üzvləri Oruc Şirəliyevin qətlini sifariş verməkdə, qətli icra etməkdə və digər ağır cinayətlərdə ittiham ediliblər.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Mustafayev ömürlük, Sevinc Şirəliyeva 15 il, İqbal Cumayev 15 il, Elçin Məmmədov 14 il, Bürhan Şirəliyev 15 il, Ruslan Rəfiyev 8 il 6 ay, Mikayıl Mustafayev 10 il 6 ay, Rüfət Hüseynəliyev 10 il 6 ay, Kamran Qafarov 12 il 6 ay, Rüfət Nurəliyev 2 il müddətinə azadlıqdan məhrum edilib.

Teleqraf.com-a bu cinayət işi üzrə materiallar daxil olub. Hadisənin şok təfərrüatlarını təqdim edirik.

əvvəli bu linklərdə:

http://teleqraf.com/news/97838

http://teleqraf.com/news/97975

http://teleqraf.com/news/98107

http://teleqraf.com/news/98340

http://teleqraf.com/news/98448

http://teleqraf.com/news/98652

Cinayət işi üzrə ifadə verən Elçin Məmmədov bildirib ki, hərbi xidmətdə olarkən aldığı xəsarətə görə ikinci qrup əlil kimi təqaüd alır: “Şəki şəhərində özümə münasib iş tapa bilmədiyim üçün 2012-ci ilin aprel ayında Rusiya Federasiyasının Çelyabinsk şəhərinə, 5-10 gündən sonra Yekaterinburq şəhərinə getdim. Orada təxminən 3 ay yaşayaraq fəhlə işləmişəm”.

“Vüsalın təklifindən çox sevindim”

Elçin Məmmədovun sözlərinə görə, 2013-cü ilin yanvar ayında Azərbaycana qayıdıb: “Həmin ilin mart ayında Novruz bayramı ərəfəsində əvvəllər Şəki şəhəri, 9 saylı orta məktəbdə birlikdə oxuduğum İqbal Cumayev məni keçmiş asfalt zavodunun həyətində işlətdiyi çayxanada Vüsalla tanış etdi. Vüsalla İqbalın çox yaxın olduqlarını başa düşdüm. Söhbət zamanı Vüsal oğlum Elvinin nitqindəki qüsurun müalicəsi ilə maraqlandı və əməliyyat üçün lazım olan 4-5 min manatı tapmaqda köməklik göstərəcəyini bildirdi. Vüsala barəmdə bütün məlumatları İqbalın dediyini anladım. Vüsalın bu təklifindən çox sevindım.”

“Orucun şərəfsiz olduğunu bildirdi

Elçin Məmmədov qeyd edib ki, sonrakı günlərdə İqbalın çayxanasında olan söhbətlərdə Vüsal ona əslən Şəki şəhərindən olan, lakin Rusiyada yaşayan Oruc adlı şəxsi 20 min manat müqabilində öldürməyi təklif edib: “Bu ərəfədə pula ehtiyacım olduğu üçün Vüsalın təklifini qəbul etdim. Həmin şəxsin öldürülməsinin səbəbi ilə maraqlanmasam da, Vüsal özü Orucun şərəfsiz olduğunu, ailəsini və uşağını ataraq Rusiyada yaşadığını, onlara baxmadığını, işgəncə verdiyini bildirdi. Orucu öldürəndən bir həftə, yəni onun yeddisi çıxandan sonra gələrək 20000 manatı apara biləcəyimi dedi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Vüsaldan Orucun şəklini və özünü göstərməsini istəyib: “Bir neçə gün sonra Vüsal zəng vuraraq onu Şəki şəhərində yerləşən “Məmməd əfəndi” ziyarətgahının yanına çağırdı. Küçə ilə piyada gedən dolu bədənli, qarabəniz, təxminən 50-55 yaşlı şəxsi göstərərək onun Oruc olduğunu söylədi. Həmin şəxsi yaxından tanımaq üçün diqqətlə müşahidə etdim. Vüsalın münasib bir vaxtda Şəki şəhərində Orucu öldürmək təklifinə etiraz etdim, onun Rusiyaya getməsini bir neçə gün qabaq xəbər verməyi tapşırdım”.

Nijnıy Novqoroda gedib Orucun oğluna zəng etdim”

Elçin Məmmədov qeyd edib ki, 2013-cü ilin mart ayının axırlarında Vüsal ona Orucun bir neçə gündən sonra Rusiyaya yola düşəcəyini deyib: “Buna görə Vüsalın aldığı biletlə 2013-cü ilin aprel ayının 3-də Qəbələdən təyyarə ilə Moskva şəhərinə uçdum. Rusiyada qalmağım və geri qayıtmağım üçün isə Vüsal 500 ABŞ dolları verdi. Eləcə də Rusiya mobil operatoruna məxsus olan telefon nömrəsini yazdı və Nijnıy Novqorod şəhərinə çatanda həmin nömrəyə zəng vurmağımı tapşırdı. Moskvadan qatarla Nijnıy Novqorod şəhərinə gəldim və “Tele-2” mobil operatoruna məxsus kart alaraq öz mobil telefonuma taxdım. Vüsalın yazıb verdiyi nömrəyə zəng vurdum. Telefona cavab verən şəxs Azərbaycan dilində danışaraq adının Bürhan olduğunu bildirdi. Bürhan məni qarşıladı və Kanavinsk rayonunda özünün yaşadığı iki mərtəbəli həyət evinə apardı. Gecəni həmin evdə qaldım. Bürhan söhbət zamanı tələbə olduğunu, növbəti gün Azərbaycana gedəcəyini dedi. Bürhan Orucu öldürmək üçün gəlməyimi bildiyini dedi və bildirdi ki, doğma atası olan Oruc ticarətlə məşğul olur, bir qayda olaraq tramvaydan istifadə edir”.

“Qarşısını kəsdim”

Elçin Məmmədov qeyd edib ki, növbəti gün evdən çıxaraq şəhərin Avtozavodsk rayonunda olan otellərdən birində yer alıb, tez-tez Vüsalla əlaqə saxlayıb: “Aprel ayının 10-da Vüsal zəng edərək Orucun artıq avtobusla yola düşdüyünü dedi. Orucun gəldiyi gün, yəni aprelin 12-də günorta saatlarında oteldən çıxaraq onun evinin ətrafında tramvay dayanacağında gözlədim. Həmin gün yaxınlıqda olan mağazadan aldığım mətbəx bıçağını əynimdəki gödəkcənin sol qolunun içəri hissəsinə saldım və orada saxladım”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, saat 17-18 radələrində Oruc tramvaydan düşərək evi istiqamətində piyada gedib və evə çatmasına təxminən 50 metr qalmış Orucun qarşısına çıxıb: “Bıçağı çıxararaq 10-15 saniyə ərzində Orucun qarın və sinə nahiyələrinə dəfələrlə zərbələr endirdim. Bərk həyəcanlı olduğumdan Oruca konkret olaraq hansı nahiyəsinə və neçə zərbə vurmağımı dəqiq xatırlamıram”.

“Hadisə yerindən dayanmadan qaçdım”

Elçin Məmmədov bildirib ki, Oruca bütün zərbələri ayaq üstə vurub, zərbələrdən Oruc müvazinətini itirərək yerə yıxılıb: “Hadisə yerindən uzaqlaşaraq dayanmadan qaçdım və təxminən 100 metr aralıda yerləşən avtobus dayanacağına gəldim. Orucu vurduğum bıçağı ayağımın altına qoyaraq tiyəsini sındırdım. Əlimdəki əlcəkləri də soyunaraq bıçaqla birlikdə zibil qutusunda olan zibillərin arasına soxdum. Sonra dayanacağa gələrək oradakı taksiyə mindim və avtovağzala getdim. Oradan Moskva şəhərinə, daha sonra “Domodedovo” aeroportuna gələrək Moskva-Gəncə təyyarə reysinə bilet aldım. Növbəti gün saat 13-14 radələrində Gəncə hava limanında təyyarədən endim. Oradan isə avtobusla saat 18-19 radələrində Şəki şəhərinə çataraq öz evimə getdim”.

“Orucun öldürülməsinə görə 20 min manatı ala bilmədiyimi dedim”

Elçin Məmmədovun sözlərinə görə, Şəki şəhərinə çatandan 2 gün sonra İqbalın çayxanasının yaxınlığında Vüsalla görüşüb: Vüsal vurduğum bıçaq zərbələrindən Orucun iki gün yaşayaraq xəstəxanada öldüyünü, yeddisi çıxdıqda vəd etdiyi 20 min manatı verəcəyini dedi. Orucun yeddisindən sonra Vüsalı taparaq pulla maraqlanmağa başladım. Vüsalın artıq mənimlə görüşməkdən yayındığını gördüm. Aldadıldığımı başa düşdüyüm üçün Vüsalı mənimlə tanış edən İqbalın yanına getdim. Orucun öldürülməsinə görə Vüsaldan vəd olunan 20 min manatı ala bilmədiyimi dedim. İqbal da məni sakitləşdirərək tələsməməyi, Vüsalın verdiyi sözə əməl edəcəyini bildirdi. Bu proses 2013-cü ilin iyul ayının axırları və avqust ayının əvvəllərinə kimi davam etdi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, vəd olunan pulu ala bilmədiyi üçün Vüsalı öldürmək qərarına gəlib: “Vüsal da bunu hiss edib. Həmin ərəfədə Vüsalın öldürülən Orucun arvadı Sevinclə yaşadığını, Sevinc və oğlu Bürhanla birləşərək Orucun əmlakına sahib olmaq üçün onun öldürülməsini sifariş verdiyini, İqbalı da öz oyunlarına alət etdiyini öyrəndim. İqbala vəd edilən 20 min manata görə cavabdeh olduğunu demək üçün onun çayxanasına getdim. İçəridə tanımadığım 8-10 nəfəri, o cümlədən İqbalı, Vüsalı gördüm. Bir neçə dəqiqədən sonra bayıra çıxan İqbal həmin şəxsləri çayxanaya Vüsalın yığdığını, Orucun öldürülməsi ilə bağlı söhbət getdiyini, artıq işin işdən keçdiyini bildirdi”.

“10 min manatının əvəzinə maşını istədim”

Elçin Məmmədov bildirib ki, 1-2 dəqiqə sonra çölə çıxan bir nəfər özünü Vüqar kimi təqdim edib və Orucun ölümünü soruşub: “Bu işi Vüsalın sifarişi ilə etdiyimi, lakin vəd olunan 20 min manatı ala bilmədiyimi bildirdim. Vüqar bu vaxt bayıra çıxan Vüsalı yanına çağırdı və pulu niyə vermədiyini soruşdu. Vüsal hələlik imkanı olmadığını dedi. Belə olduqda Vüsaldan pulun 10 min manatının əvəzinə Bürhana alınmış “Mercedes” markalı maşını istədim. Bununla da Vüsal razılaşdı, Vüqar isə qalan 10 min manatımı da Vüsaldan alacağını bildirdi. Bundan sonra Vüsalla Vüqar yenidən İqbalın çayxanasına keçdik. 5-10 dəqiqədən sonra orada olan tanımadığım adamlarla birlikdə narazı halda çıxaraq maşınlara minib oradan getdilər. Bu narazılığın çayxanada telefonla səs yazma söhbəti olduğuna görə yaranmasını sonradan bildim”.

“Sevincin bu hadisədə iştirakını sonra bilmişəm”

Elçin Məmmədovun sözlərinə görə, həmin gün axşam saatlarında Vüqar Bürhanın “Mercedes E-230” markalı avtomaşınını idarə etməklə “Məkan” çayxanasının qarşısına gətirib və sənədləri ilə birlikdə ona təhvil verib: “Mən də maşını evimə apardım. Növbəti gün Bürhan notariusda maşının etibarnaməsini vermək üçün məni gözlədi. Özüm 2-ci qrup əlil olduğuma görə həmin avtomaşını atamın adına sənədləşdirdim. Atama yalandan guya Rusiyada işləyəndə borclu olan şəxslərin avtomaşını borcun əvəzinə verdiklərini dedim. Sənədləşmədən sonra Vüsal zəng edərək mənə 3 min ABŞ dolları da verəcəyini dedi”.

Elçin Məmmədov qeyd edib ki, növbəti vaxtlarda Orucun ölümündən sonra Vüsalın mərhuma məxsus bir sıra əmlakı ələ keçirdiyini, İqbalın da özünə düşməli olan payı tələb etdiyini və Vüsalı hədələdiyini, bu səbəbdən də Vüsalın araşdırma aparılması üçün Vüqara müraciət etdiyini öyrənib bilib: “Həmçinin Oruca məxsus 2 ədəd “Qazel” markalı avtomaşını İqbalın çayxanasının arxasında gördüm. Orucun öldürülməsində İqbal əvvəlcədən iştirak edib, yəni məni Vüsalla məhz bu məqsədlə tanış edib. Sevincin bu hadisədə iştirakını isə Azərbaycana qayıdandan sonra bilmişəm”.

(Ardı var)

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər