9 Oktyabr 2023 22:00
15 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəhudi-ərəb müharibəsi ölkə gündəmində ikitirəlik yaratdı. Vətən müharibəsində ordumuza verdiyi dəstəyə görə İsrail dövlətini müdafiə edənlər də, müsəlman olduqlarına görə Fələstinə qahmar çıxanlar da oldu.

İsrailin qələbə qazanmasını istəyənləri anlamaq mümkündür. Vətən müharibəsində özünə müsəlman deyən, amma nahaqqın, işğalçının, Xocalı soyqırımını törədənlərin yanında olan İrandan fərqli olaraq yəhudi dövləti İsrail Türkiyədən sonra ən çox yanımızda olan ölkə oldu.

Ona görə də müttəfiqinin hücuma məruz qaldığı bir zamanda xalqımızın sosial mediada aşırı şəkildə İsraildən yana mövqe sərgiləməsinin səbəbini anlayırıq. Digər tərəfdən bəzi fələstinli qrupların ermənilərə açıq dəstək vermələri də bu məsələdə önəmli rol oynamaqdadır.

Vətən müharibəsindən sonra Azərbaycanın Tel-Əvivdə səfirlik açması münasibətləri daha da yaxınlaşdırıb. Eləcə də Azərbaycanın ta əski vaxtlardan azlıqlara olan tolerant münasibəti də bu məsələdə əhəmiyyət kəsb etməkdədir.

Çünki yüz il əvvəl də rəsmilərimiz ölkəmizdə yaşayan yəhudilərə xoş münasibət sərgiləyiblər.

Bir misal: 1918-ci il mayın 28-də elan edilmiş Azərbaycanın İstiqlal Bəyannaməsində yazılıb: “Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrovunda yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin eylər. Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları içün geniş meydan buraxır”.

İkinci misal: 1918-ci il dekabrın 10-da Azərbaycan Cümhuriyyəti Parlamentinin ikinci iclasında Məhəmmədəmin Rəsulzadə ölkədəki milli birliklə bağlı bunları bildirib: “Məhkumluq acısını dadmış olan Azərbaycan türkü məhkum millət yaratmaz. Azərbaycan Cümhuriyyəti övladını ögey-doğmaya ayırmaz: erməni, rus, yəhudi, gürcü, nemsə, polyak və sair azlıqda olan millətlər Azərbaycan vətəndaşı qalmaqla bərabər, milli-mədəni muxtariyyətə malik olub kəndi ümuri-məzhəbiyyə, milliyyə və mədəniyyələrini kəndiləri idarə etməlidirlər”.

1897-cı ildə Bakıda təqribən 2500-ə yaxın yəhudi yaşayırdı, onlar Avroapdan gəlmişdilər. 1913-cü ildə bu say təqribən 10 minə çatmış, 1910-cu ildə Bakıda sinaqoq inşa edilmişdi. I Dünya müharibəsi nəticəsində də Azərbaycana sığınan qaçqın yəhudilər olmuşdu. Bakı şəhər qradonaçalnikinin 1917-ci il dekabrın 31-də Petroqrada göndərdiyi məlumatda 157 yəhudi qaçqının olduğu bildirilmişdi.

Yəhudilərin digər qrupları olan dağ yəhudiləri və gürcü yəhudiləri isə daha qədim tarixə malikdirlər. Dağ yəhudilərinin 5-6-cı əsrlərdən etibarən Azərbaycanın şimal hissələrində məskunlaşdıqları hesab edilir. Özlərini “cuhur” adlandıran dağ yəhudiləri əsasən Quba rayonundakı Qırmızı qəsəbədə yaşayırlar. “Dağ yəhudiləri” adı isə XIX əsrdə Qafqazı işğal edən ruslar tərəfindən qoyulub. Onların Qubada tarixi sinaqoqları da mövcud olub.

İstiqlal Bəyannaməsindəki maddələr 23 ay müddətində təkcə fikirdə qalmayıb, praktik sahədə də əksini tapıb. Məsələn, 1918 il oktyabrın 9-da Bakı valisinin icazəsi ilə yenidən fəaliyyət göstərən Yəhudi Milli Şurasına Azərbaycan Milli Şurasının 1918-ci il 19 noyabr tarixli qərarı ilə milli təmsilçilik prinsipinə uyğun olaraq yəhudi əhalisindən bir nümayəndəni Parlamentin tərkibinə daxil etmək və onun seçimini həyata keçirmək həvalə olunub. Parlamentdə yəhudilər bir deputatla təmsil olunublar, bu səlahiyyəti Gindes Yevsey, Quxman Moisey kimi nümayəndələr daşıyıblar.

Cümhuriyyət hökuməti bağlanmaq təhlükəsi altında olan yəhudi məktəbinə də dəstək olub. Nazirlər Şurası 1919-cu il 10 mart tarixli iclasında yəhudi məktəblərinə birdəfəlik maddi yardım kimi 25 min rubl ayrılması haqqında qərar qəbul edib. Yəhudilərin dini azadlığın qorunması baxımından da hökumət mühüm addım atıb. 1919-cu ilin noyabrında Maarif Nazirliyi Bakının orta təhsil müəssisələrinin direktorlarına göndərdiyi sərəncamda bildirilib ki, yəhudi şagirdlərin sayı 15-dən az olmadığı siniflərdə yəhudi dini dərsləri keçirilsin.

Bu dövrdə Bakıda yəhudilərin 4 xalq məktəbi olub. Eləcə də Bakı şəhər yəhudi kitabxanası əhalinin yəhudi hissəsinə xidmət göstərib. Hökumət Yəhudi Milli Şurasına və Yəhudi Xeyriyyə Cəmiyyətinə də maddi yardım göstərib.

Cümhuriyyət dönəmində ən maraqlı hadisələrdən biri də dövlətin qurucusunun Qubaya səfəri və orada müsəlmanlarla yanaşı yəhudilərlə də görüşməsidir. “Azərbaycan” qəzeti bu barədə yazıb: “Yol yəhudi məhəlləsindən keçir. Yəhudi camaatı başda ravvin İshaq olaraq məbusları istiqbal etdilər. Ravvin Tövratdan bir dua oxuyaraq qonaqların qüdumunu təbrik eylədi. Buna qarşı Rəsulzadə cənabları dedilər ki: Oxuduğunuz Tövrat bizcə kitabullahdır. İnandığımız Quran kimi asimanidir. Quran bizə başqa dinlərə ehtiramı əmr edər. Cinsimiz türkdür. Türk dövlətlərində yəhudi zidliyi görülməmişdir. Türkiyə yeganə dövlətdir ki, orası yəhudi qırğını görməmişdir. Yəhudiləri himayə edən dövlət Türkiyədir. Müsəlman və Türk Cümhuriyyəti olan dövlətimizdə bütün millətlərlə bərabər siz yəhudilər də gərək şəxs və gərək millət etibarilə əmin və amanda olub, rahət yaşayacağınızdan əmin ola bilərsiniz!”

Yüz ildir ki, yəhudilərlə dostluq münasibətimiz var. Bu gün Azərbaycan kimi ölkələrin dünyada söz sahibi olan dövlətlərlə isti münasibətlər qurması, onlardan faydalanması vacibdir. Vətən müharibəmiz bizə qələbə ilə yanaşı, çoxlu dərslər verdi. Papağımızı qarşımıza qoyub bu dərslərdən nəticə çıxarmalıyıq.


Müəllif: Dilqəm Əhməd