14 Mart 23:39
5 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 1919-cu ildən bu yana hər il 14 mart Tibb İşçiləri Günü kimi qeyd edilir. Belə ki, 14 mart 1827-ci ildə Osmanlı sultanı II Mahmud dövründə Türkiyə tarixində ilk tibb fakültəsi – “Məktəbi-Tıbbiyeyi-Şahanə” yaradılıb. 1843-cü ildə ilk buraxılışını edən məktəbin 4 məzunu 1848-ci ildə Avstriyanın paytaxtı Vyanada keçirilən tibb kafilik imtahanını keçdikdən sonra “Məktəbi-Tıbbiyeyi-Şahanə” Avropadakı tibb fakültələrinə bərabər tutulmağa başlayıb.

Türkiyədə yaşamış azərbaycanlı mühacirlər arasında ixtisasca həkim olanların sayı çoxluq təşkil edib. Xüsusilə II Dünya müharibəsindən sonra Türkiyəyə yerləşən qaçqınlardan bu ixtisasa sahib olanlar daha çox olub.

Şübhəsiz ki, Türkiyədə yaşamış azərbaycanlı həkimlərdən ən məşhuru ictimai-siyasi xadim, rəssam, mühərrir olmaqla yanaşı əsas ixtisası dəri-zöhrəvi həkimi olan Əli bəy Hüseynzadədir.

Professor İbrahim Yıldırım İstanbul Tibb fakültəsindən məzun olmuş 21 Azərbaycan türkünün adını müəyyən edib. Onlar İrəvan, Gəncə, Gümrü, Qazax, Şəki, Qars və digər şəhərlərdə doğulmuş, daha sonra İstanbula köçmüş şəxslər olublar. Həmin mühacir həkimlərin bəzilərinin adları bu şəkildədir: Mirzə Əli xan Ləli (İrəvan), Məhəmməd Orxanbəyli, Əliabbas Qədimov (Şəki). Kamil Arran (Gəncə), Muxtar Yıldız (Gümrü), Əjdər Qarabağ (İrəvan), Alazan Baycan (Qazax), Əsəd Uluxan (İrəvan), Cavad Gəncəli, Tofiq Yaybulaq, Həbib Əkinçi (İrəvan).

II Dünya müharibəsindən sonra Türkiyəyə gəlib burada həkimlik imtahanına qatılaraq doktor kimi çalışmaq imkanı əldə edən bəzi mühacirlər isə bunlardır:

Məhəmməd Kəngərli, Əhməd Yaşat, Yusif Salahlı, Ağamirzə Mirzəli, İbrahim Badal və s.

Mühacir həkimlərimizdən bəzilərinin qısa bioqrafiyasını təqdim edirik:

Məhəmməd Kəngərli - 10 yanvar 1914-cü ildə Şuşada doğulub. Leninqrad Hərbi Tibb Akademiyasından 1939-cu ildə məzun olub. 1942-ci ildə almanlara əsir düşüb. Müharibədən sonra Almaniyada yaşayıb. 1952-ci ildə Türkiyəyə gəlib, Ankarada Azərbaycan Milli Mərkəzində və Azərbaycan Kültür Dərnəyində çalışıb. 1952-1979-cu illərdə Türkiyənin Səhiyyə və Sosial Yardım Nazirliyinin müxtəlif xəstəxanalarında baş həkim, səhiyyə müdiri, Qızılay Baş müdir müavini, Türkiyənin Bonndakı səfirliyində müşavir vəzifələrində çalışıb. 1963-cü ildə Kipr hadisələrində Lefortaya gedib, orada Qızılay xəstəxanasını qurub. Sonradan Türkiyədə Anıtlar Dərnəyinin sədri olaraq fəaliyyət göstərib. 2006-cı ildə vəfat edib.

Əhməd Yaşat 1917-ci ildə Şəkidə Həsən Şirinzadə və Zəhra xanımın ikinci oğlan övladı olaraq doğulub. İlk və orta təhsilini Şəkidə alıb, daha sonra Bakıya gedərək tibb oxuyub. İkinci Dünya müharibəsi dönəmində gənc həkim Əhməd Şirinzadə Finlandiya cəbhəsinə göndərilib. Əsirlikdən qurtulduqdan sonra arxa cəbhədə həkim kimi çalışıb, Azərbaycan legionuna maddi-mənəvi dəstək olub. Müharibədən sonra bir müddət Hannoverdə həkimlik edib, istiqlal mübarizəsinə qatılıb. Əsirlər ruslara təslim edildiyi ərəfədə özünü xilas edə bilib, 1948-ci ildə Türkiyəyə gəlib. Burada da ixtisası üzrə çalışan Yaşat quru yolları 4-cü bölgədə ölənə qədər həkimlik fəaliyyəti ilə məşğul olub. Ankarada Azərbaycan Kültür Dərnəyi qurulduğu zaman idarə heyətində təmsil olunub, iki dəfə sədr seçilib. Yaşat 26 yanvar 1985-ci ildə vəfat edib.

İbrahim Badal 1911-ci il mayın 11-də Salyan şəhərində doğulub. Atası Məhəmmədəli, anası Nisa xanım olub. Orta məktəbi bitirdikdən sonra tibb təhsili alan Badal Azərbaycanın bir sıra bölgələrində xəstəxanalarda çalışıb. 1941-ci ildə cəbhəyə göndərilib.

Müharibə bitdikdən sonra Almaniyada qalan Badal əvvəlcə Frankfurta, sonra Münhenə gedərək özəl müayinəxana açıb, həkimlik fəaliyyətini davam etdirib.
1946-cı ildə Mittenvald Birləşmiş Millətlər Qaçqınlar Düşərgəsi Səhiyyə Qurumunda həkimlik edib. 1948-ci ildə Türkiyəyə gələn Badal əvvəlcə Kayseridə, daha sonra Ankara xəstəxanasında baş həkimin müavini və dermotologiya klinikasında müdir vəzifəsində çalışıb, 1974-cü ildə təqaüdə çıxıb. Məhəmmədəmin Rəsulzadənin ölüm anında yatağının baş ucunda olan şəxslər arasında o da olub. İbrahim Badal 22 dekabr 1984-cü ildə vəfat edib.

Alazan Baycan 12 may 1913-cü ildə Qazaxda doğulub, ibtidai və orta təhsilini bu şəhərdə alıb. 1929-cu ildə Qazax Müəllimlər Seminariyasını bitirib. Bir il Balakəndə müəllim işləyib, 1931-ci ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsinə daxil olub. Əsl ad-soyadı Hacı Həsənzadə olan Alazan Baycan 1930-cu illərdə ölkəni tərk edib. 1933-cü ildə oxuduğu fakültədən ayrılaraq Güney Azərbaycana, oradan da Türkiyəyə keçib. 1934-cü ildə İstanbul Universitetinin Tibb Fakültəsinə daxil olub, 1939-cu ildə buranı bitirib. Həkimlik fəaliyyətinə başlayan Baycan İstanbulda bir il Gülhanə Tətbiqi Məktəb və Klinikasında, daha sonra Gemlik Hərbi Xəstəxanasında çalışıb. Baycan 1942-ci ildə digər mühacir Fuad Əmircanla birlikdə Almaniyaya gedib, bir il Berlin Universitetində çalışıb. 1943-cü ildən etibarən Freyburq Universitetində fəaliyyətə başlayıb. 1948-ci ildə daxili xəstəliklər üzrə mütəxəssis adını qazanan Baycan həmin ildən etibarən özəl müayinəxana açaraq fəaliyyət göstərib. 1989-cu ildə Frayburqda vəfat edib.

Ağamirzə Mirzəli 18 noyabr 1910-cu ildə Göyçay şəhərində doğulub. Atası Ələsgər bəy, anası Leyla xanımdı. İbtidai və orta təhsilini Göyçayda, ali təhsilini isə Bakıda Tibb fakültəsində alıb. 1934-cü ildə fakültədən məzun olub. Ardınca Zaqatala Dövlət Xəstəxanasına baş həkim olaraq təyin edilib. 1941-ci ildə Ağamirzə bəy müharibə bölgəsinə göndərilib. Müxtəlif cəbhələrdə vuruşduqdan sonra almanlara əsir düşüb, bir çox yurddaşı kimi bu dəfə əks cəbhədə Rusiyaya qarşı savaşıb. Müharibədən sonra bir müddət Almaniyada qalıb, Swicku Dr. Keller klinikasında çalışıb. Ümumi cərrah, uroloq, qadın xəstəlikləri üzrə mütəxəssis olan Mirzəli bəy Almaniyada yaşadığı dövrdə fürsətdən istifadə edərək 1944-cü ildə “İleus fəaliyyətləri zamanı appendisit” mövzusunda doktorluq müdafiə edib. 1948-ci ildə Türkiyənin müharibə əsirlərini qəbul etməsindən sonra bu ölkəyə yola düşüb. Türkiyəyə gəldikdən sonra da ixtisası üzrə çalışan Mirzəli 1949-cu ildə Eskişehir Dövlət Xəstəxanasına əməliyyatçı həkim, 1951-ci ildə Kahramanmaraş Dövlət Xəstəxanasına baş həkim olaraq təyin edilib. 1953-cü ildə Uşak, 1955-ci ildə isə Elbistan xəstəxanalarına baş həkim kimi göndərilib. Elbistanda altı il qaldıqdan sonra Ankara-Etimesqut Nümunə Sağlıq Mərkəzinə, oradan da Keskin Dövlət Xəstəxanasının baş həkimliyinə təyin olunub. 1976-cı ildə Səhiyyə və Sosial Müavinət Nazirliyində mətbuat şöbəsinin müdiri ikən təqaüdə çıxıb.

Doktor Sultan Hacıoğlu 15 sentyabr 1915-ci ildə Şəkidə doğulub. Atası Hacı Kərim xan, anası Zibeydə xanımdır. 1929-cu ildə Şəkidə orta məktəbi bitirib, ardınca Bakıdakı Teatr Məktəbinin rejissorluq bölümünə daxil olub. Lakin daha sonra ixtisasını dəyişib, Bakı Universitetinin Tibb Fakültəsinə girib, 1940-cı ildə məzun olub. İkinci Dünya müharibəsi başladıqdan sonra Polşa cəbhəsinə ordu həkimi olaraq göndərilib. Sürətli alman hücumlarının qarşısında tab gətirməyən Sovet ordusunun minlərlə əsgəri kimi Hacıoğlu da 1941-ci ildə almanlara əsir düşüb, işgəncələrə məruz qalıb. 1945-ci ildə italiyalılar, daha sonra isə Müttəfiq orduları onu əsir götürüblər.
1948-ci ildə Türkiyənin müharibə əsirlərini qəbul etməsindən sonra bu ölkəyə yola düşüb. Ankaraya gələn Sultan bəy burada bələdiyyə xəstəxanasında həkim kimi çalışıb. 1950-ci ildən sonra isə sərbəst şəkildə daxiliyyə həkimi olaraq fəaliyyət göstərib. Məhəmmədəmin Rəsulzadə xəstəxanada vəfat edərkən yanında olan şəxslərdən biri də Sultan bəy idi. 1974-cü ildə Ankarada vəfat edib.


Müəllif: Dilqəm Əhməd