23 İyun 2016 17:48
1 841
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu tamaşanı yenilik olsun deyə hazırlamıram. Əsas məqsədim “Leyli və Məcnun”u tamaşaçıya daha anlamlı şəkildə təqdim etməkdir”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Gənc Tamaşaçılar Teatrında hazırlanan “Leyli və Məcnun” tamaşasının rejissoru Nicat Kazımov deyib.

Rejissorun sözlərinə görə, Azərbaycan səhnəsində ilk dəfə dramatik janrda səhnəyə qoyulan “Leyli və Məcnun”un səhnə həllinin tapılması elə də asan olmayıb: “Bu tamaşanı hazırlamaq öz ideyam idi. Əsərin səhnə variantını da özüm işləmişəm, bəzi hissələrində isə mənə yazıçı İlqar Fəhmi yardımçı olub. Teatr rəhbərliyinə təşəkkür edirəm ki, əsəri plana salıb. Beləcə, “Leyli və Məcnun” teatrda plan üzrə hazırlanan növbəti tamaşa oldu.

Füzulinin əsərini bu formada təqdim etmək mənim çoxdanki arzumdur. İstəyirdim ki, “Leyli və Məcnun”u opera və balet variantında deyil, daha anlamlı şəkildə, Məhəmməd Füzulinin yazdığı kimi tamaşaçıya çatdıraq. Poemanı səhnəyə hazırlayanda çətinliklərimiz oldu. Birincisi, poema həddindən artıq genişdir. Ona görə əsərin əsas xəttinə ziyan dəymədən hansı səhnələri saxlamaq, yaxud çıxarmaq haqda düşündük. Bundan başqa, ən önəmli məqam – tamaşanın açarını, yəni onu necə təqdim etməyin yolunu tapmaq idi. Şükür ki, açar tapıldı...”

Tamaşada Leyli rolunu gənc aktrisalar Səbinə Məmmədova, Asya Atakişiyeva, Məcnunu Bəhram Əliheydər, Mirzəağa Mirzəyev canlandıracaq.

Digər rolları isə Kərəm Hacızadə və Nicat Kazımov (Məcnunun atası), Mehriban Abdullayeva və Sevinc Mehrəliyeva (Məcnunun anası), Elşən Çalxanlı, Nofəl Vəliyev (Leylinin atası), Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Nuriyyə Əliyeva (Leylinin anası), Elşən Rüstəmov, Vüsal Mehrəliyev (Nofəl), Manaf Dadaşov, Rasim Cəfər (İbn Salam), Elnur Hüseynov (Zeyd) ifa edəcək.

Rejissor onu da bildirib ki, tamaşanın bu ilin oktyabr-noyabr aylarında təqdim olunması planlaşdırılır.

Nərmin


Müəllif:

Oxşar xəbərlər