30 İyun 2016 15:11
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Sumqayıt Dram Teatrının baş rejissoru, əməkdar artist Firudin Məhərrəmov Teleqraf.com-un suallarını cavablandırıb.

-Firudin bəy, öncə təbrik edirik, nəhayət, teatrın təmirli binası olacaq. Bu, teatra nələr vəd edir?

-Bu, həm tamaşaçıların, həm də aktyorların rahatlığına səbəb olacaq. Təmirdən öncə burda altı-yeddi otağımız əlimizdən alınmışdı. Ona görə beş aktyor bir otaqda qalırdı. Artıq belə olmayacaq.

Tamaşaların effekti gözəl ola bilər, əgər səhnənin işıq sistemi müasir standartlara cavab versə... Hələlik teatrda işıq sistemi quraşdırılmayıb. Bundan başqa, kameralar olmalıdır. Teatrın baş rejissoru olaraq məşqləri izləmək üçün hər dəfə səhnəyə gəlməməliyəm. Kameralar olsa buna otağımdan da nəzarət edə bilərəm. Eləcə də direktor...

Söz veriblər ki, binamızın üstünə iri hərflərlə teatrın adı da yazılacaq.

-Necə yəni?

-47 ildir binanın üstündə teatrın adı yoxdur. Amma bu dəfə söz veriblər...

-Nə əcəb bu vaxta qədər ad yazılmayıb?

-Təsəvvür edin ki, yazılmayıb... Dörd il əvvəl teatrın qapısının yanına kiçik hərflərlə də olsa teatrın adının yazılmasına nail olmuşduq.

-Mədəniyyət nazirinin bölgə teatrları ilə bağlı tənqidlərinin içərisində axşam tamaşalarının olmaması, repertuar siyasətində qüsurlar və onun sonradan dəyişdirilməsi kimi faktların hansını Sumqayıt teatrına şamil etmək olar?

-Haqlı tənqidlər də var. Teatr şəhər kontingentini nəzərə alaraq vaxtaşırı tamaşalar nümayiş etdirməlidir. Amma ucqar bölgədə yerləşən məsələn, Qazax teatrına deyilə bilməzsən ki, ayda 10-15 tamaşa oynasınlar. Çünki orda o həcmdə teatral əhali yoxdur. “Azdrama”da əvvəllər bir ayda 25 tamaşa oynanılırdı. İndi baxırlar ki, bir aya 25 tamaşa da çoxdur. Ona görə azaldıb 17-yə endiriblər. Eləcə də bölgələrdə...

Biz də hesaba görə ayda 15 axşam tamaşası nümayiş etdirməliyik. Ancaq çox çətindir. Sumqayıt sənaye şəhəridir. İnsanlar səhər işinə gedir, axşam evinə gəlir. İş saatları da əvvəlki kimi deyil ki, deyəsən, 5-də işini bitirib 7-də tamaşaya gəlsin. O sistem pozulduğuna görə axşam tamaşalarını çox vaxt təqdim etmək olmur.

Amma uşaq tamaşalarında vəziyyət başqadır. Bu tamaşaların da nümayişi məktəblərlə bağlıdır. 1-c sinifdən 11-ci sinfə qədər uşaq tamaşalarını oynamaq olur. Bunun üçün də İcra Hakimiyyəti ilə birgə işləmək lazımdır, razılıq olmalıdır. Yadınıza gəlirsə, təhsil nazirliyi məktəblərdə bilet satışı ilə bağlı qadağa qoymuşdu. O qadağa hələ də insanların canında var. Məktəb direktorları bu işi qorxa-qorxa edirlər. Biz də onlardan asılıyıq. Bu tamaşalar yalnız maliyyəyə görə deyil, bunun həm də mədəni tərəfi var. Biz yeni teatral nəsil yetişdiririk.

Bu mənada haqlı tənqidlərdir, amma hər şey də teatrdan asılı olmur. Bir də ki, bu işdə icra başçısının münasibəti də mühüm əhəmiyyət kəsb edir. Hazırki icra başçısı Zakir Fərəcovla hələ əməkdaşlığımız başlamayıb. Amma deyilənə görə teatrı sevən adamdır və ümid edirik ki, bizim yaxşı birgə işlərimiz olacaq.

Arxasınca danışmaq çıxmasın, bundan öncəki icra başçısı Eldar Əzizovda bu keyfiyyət yox idi. Biz onunla işləyə bilmədik. O teatra qarşı laqeyd idi.

-Sumqayıt teatrının aktyor və aktrisalarını tez-tez seriallarda görmək mümkündür. Bu mənada teatr onlara necə şərait yaradır?

-Azərbaycanda bəlkə də aktyoruna bu mənada ən çox şərait yaradan elə bizim teatrdır. Mən vaxtilə serial sahəsində çalışmışam. Daha dəqiq desəm, serialın ssenari qrupunda yer almışam. Azərbaycan ilk serial müəlliflərindən biriyəm. Ona görə o sahədəki prosesləri yaxşı bilirəm. Biz bütün aktyorlara, hətta sizə deyim ki, xınayaxdı mərasimlərində iştirak edən aktrisalara da şərait yaradırıq. Amma gərək teatrın da iş prosesi pozulmasın. Bəzən özümüz zəng edib çəkiliş qrupu ilə danışırıq ki, planı elə quraq, çəkilişlər məşqlərə mane olmasın. Elə vaxt olur ki, mən buna görə məşqi axşama salıram. Yəni düzüb-qoşmaq olur. Bu məsələdə aktyorun qarşısını kəsmək düzgün deyil. Onun çörəyinə bais olmaq olmaz.

-Televiziyada tanınan aktyorlarınız teatra tamaşaçı gətirə bilirmi?

-Görürsən ki, teatrda güclü olmayan bir aktyor efirə çıxır, orda balaca bir rol oynayır, bununla belə, tamaşaçılar onu izləyir. Seriallarda oynadıqlarına görə teatrda hörməti olmayan aktyorları şəhərdə sakinlər görənlər saxlayıb avtoqraf alır, şəkil çəkdirirlər. Artıq belə hallar çoxalıb.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər