5 İyul 2016 10:16
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Lətifə Nuranın şeirlərini təqdim edir

Min birinci ad

Daha qızınmağa odun qalmadı,

Daha çağırmağa adın qalmadı,
Daha sığınmağa adam qalmadı,
Səni hansı adla çağırım, Allah?

Niyə döndü dünya odlu məhşərə?

Bulaşdı bu dünya nahaq qan-şərə,
Qurduğun tək dağıt, bilək bir kərə,
Səni hansı adla çağırım, Allah?

İnsan da insanı söylə, yeyərmi?

Şeytana “allahım”, “tanrı” deyərmi?
Söylə yaşamağa belə dəyərmi?
Səni hansı adla çağırım, Allah?

Kimin ayağına yazaq günahı?

De necə olacaq bunun sabahı?
Niyə götürürsən bu qədər ahı?
Səni hansı adla çağırım, Allah?

İblisə bu qədər haqqı vermisən,

Söylə bu iblisdə sən nə görmüsən?
Yoxsa Allah deyil, gizli sirmisən
Səni hansı adla çağırım, Allah?

Səni mühakimə etmirəm, inan,

Sənə haqq verəcək haqsızlar o an,
Hər yerdə bu haqdır od tutub yanan,
Səni hansı adla çağırım, Allah?

Hardadır, de, söylə, hardadır yerin?

Fırlat bu dünyanın çərxin-məhvərin,
Çəkirəm ismini cəmin min birin,
Səni hansı adla çağırım, Allah?

Yenə

Küskün həsrətimin əzabı sonsuz,

Yenə əzablarda itirib məni,
Mən ki yaşadırdım dərdimi cansız.
Yenə kim dünyaya gətirib məni.

Əksimi görürəm bir məlal kimi,

Dünya gözlərimdə kiçik bir oda.
Arzumla ümidim bir oyun kimi,
İçimdə kükrəyir, bənzəyir oda.

Ahımı qovurur sərsəm diləklər,

Mən ki öz içimdə yanıb bitirəm.
Məni haraylayır dəli küləklər,
Ömrümdən sovrulub yenə ötürəm.

Görəsən

Ümidlər qəlbimin sirli ünvanı,

Duyğular uçuşur mələklər kimi.
Dünyamdan ataraq qərib gümanı,
Yenə yol gedirəm küləklər kimi.

Sevincim tutaraq qəmin əlindən,

Aparır hissimi belədən-belə.
Ardımca sürünən yeni bir bədən,
Cəhd edir ruhumu eləsin kölə.

Göz-gözə baxaraq qəmlə kədərim,

Sehirli ünvana hey can atırdı.
Yolumun üstünə çıxan qədərim,
Görəsən, başını, nəylə qatırdı?


Müəllif:

Oxşar xəbərlər