Xalq yazıçısı Mövlud Süleymanlı "Aydın yol" qəzetinə müsahibəsində məşhur "Dəyirman" povestinin tarixçəsi, bu əsərə görə qarşılaşdığı hücumlar barədə danışıb.
Teleqraf.com həmin müsahibəni təqdim edir:
- Mövlud müəllim, əvvəlcə povestin yazılma səbəbindən başlayaq. Əsəri nə qədər vaxta tamamladınız?
- Səbəb Allahdan... Sualı eşidən kimi ilk ağlıma gələn bu oldu. Belə fikirləşməmişdim amma. Yazı masasında yerimi tutan kimi dodaqaltı bu ifadəni pıçıldadım: Səbəb Allahdan!
İndiki halımda, yəni yaşımın bu çağında ən maraqlısı səbəbin Allahdan olmağıdı: yaxşı ifadədi, tam açılmasa da, yarımçıq deyil, mənası bütövdü. Bunu düşünürəm, vaxt almamaqçün izahından yayınıram. Həm də bu cavab birbaşa indinin cavabı oldu, yetmiş üç yaşımın cavabı. Yəqin ki, qırx il qabaq bu suala cavabım ayrı cür ola bilərdi.
Əslində, səbəbi çox sadədi. Doğrudan da səbəb Allahdan.
1960-cı illərin sonlarında yazılarıyla, düşüncəsi, baxışlarıyla mənə çox doğma, yaxın olan Arif Mustafazadə adında bir dostum Radionun “Gənclik” redaksiyasında çalışırdı. Mənə də ara-sıra sifarişlər verirdi, verilişlər yazırdım. Günlərin birində, daha doğrusu, 1968-ci ildə məni rəhbərliyə təqdim edib, köçüb Gürcüstana, öz doğma yurduna, indiki dillə desək, biznes qurmağa getdi. Mən onun yerində çalışmağa başladım. Arada bir Bakıya gəlirdi, görüşürdük. Bir dəfə soruşdum:
- Axı, sən heç yazı-pozudan danışmırsan, nə məsələdi, hanı yazıların?
- Nə yazı, - dedi, - Kürün üstündə bir dəyirmanı kababxana eləyiblər, kimin ağzıdı evində otursun, əlinə keçəni üyüdür, qapısı açıq, daşı da işləyir, dişi də.
Bu xəbər məni sarsıtdı, elə bil getdiyim yerdə yönümü dəyişdilər, çünki bu yön-səmt mənə tanışdı. Mənim gəldiyim yerdə də dəyirman vardı, hələ kababxanaya dönməsə də, novunda fırlananlar, donuzluğunda (suyun yaratdığı soyuqluq, alt qat) oynaşlıq eləyənlər, unnuqda, kötük oturacaqlarda süfrə quranlar vardı, bir-birini səsləyir, iyə yığışırdılar. Bütün bu dediklərimin mənası altında isə vaxt keçib gedir, öz işini görürdü; yamacları dəyişir, suları qurudur, bütün hərəkətləri iştahlara, tamahlara hesabladırdı...
Dərdin də oxşarı var, üzlər-gözlər kimi, daha doğrusu, insanlar kimi dərdlərin də, ağrıların da bir-birinə bənzəməyi var.
Bunu niyə dedim? Neçə vaxtdı ayağım ağrıyırdı, topuğumu yerə qoya bilmirdim. Həkim dedi topuq sümüyündə dəyişiklik var, ağrıyan topuq sümüyüdü. Mən ondan sonra anladım ki, ayağımın ağrısı mənə hardan tanışdı; dişimin ağrısına oxşatmışam, dişim də belə ağrıyırdı. Yəni ikisi də sümük ağrısıdı, qapalı yerdən ağrıyır. Budu demək istədiyim.
Arif Mustafazadənin dediyi dəyirman da mənə belə ağrı, dərd kimi tanış gəldi, ona görə aparıb birini də öz kəndimizdə tikdim.
Səbəb budu, başqa səbəb yoxdu. Əslində, hər şey münasibətlərə bağlıdı, mən fikrimdən keçən “Səbəb Allahdan” ifadəsini də münasibətlərlə əlaqəli hesab edirəm. Yadımdadı, bu söhbətdən sonra Arif hansısa unudulmuş bir el şairindən içləri göynədən belə bir beyt dedi:
- Gəldi sentyabr ayı açıldı məktəb,
Allah evini yıxsın, ey böyük səbəb...
Bu beytlə də ayrıldıq, Arif dünyasını dəyişdi, ruhu şad olsun, o beytsə yaddaşımda Arif qarışıq həmişə yaşayır, həmişə Arif qarışıq xatırlayıram.
“Dəyirman” povestinin yazılma səbəbi bu idi. Tarixi yadımdadı, 1978-ci il, cəmi üç aya işlədim, yəni bir fəsildə tamamlandı. Yaz fəsliydi, hər şey - arada mən də olmaqla - tumurcuq içindəydik...
- Bildiyimizə görə, DTK əsərlə çox ciddi maraqlanıb...
- “Dəyirman”ın nəşrindən dərhal sonra məni bir neçə kərə DTK-ya apardılar, hər dəfə də təxminən eyni sualları verirdilər: “O, nə başlardı, qaynadıb bir-birinin üstə qoyubsan, biri gülürdü, deyirsən, biri fikirləşirdi, deyirsən. Yəni, nə təhər yıxaq, hıı? Başın biri də ağlayırdı, altda qalmışdı, sənsən həəə, altda qalıb ağlayan?! Sənsən?! Gör nə yazırsan, “Günəş elə sevinc içində batırdı ki, elə bil bir də çıxmayacaqdı...” Yaxşı bununla nə demək istəyirsən?! “Qan qana qarışıb kəndin içiylə axırdı...” Hanı o kənd, içiylə qan axan kəndi göstər görüm. Niyə yalan yazırsan? Kimdir sənin müəllimin?!”
Nə isə... O zamanlar belə şeylər oldu, amma mən həmişəki kimi oturub bir-birinin ardınca əsərlərimi yazdım. “Dəyirman”a qədər də “Sonuncu dayanacaq”, “Yaşıl obaların toyu”, “Duzsuzluq”, “Şeytan” povestlərini, bir çox hekayələr yazmışdım. O təzyiqlər məni dayandırmaq gücündə deyildi, mən belə qavramışdım. Respublikamızın ədəbi mühitində də təmiz hava duyulmaqdaydı. Bir səbəbi də heç şübhəsiz bu idi.
“Dəyirman” yazılan ərəfələrdə Böyük Vətən müharibəsində həlak olmuş atama görə bizə ev vermişdilər, anam yanımdaydı; bir dəfə nə vaxtsa yazı yazanda anama demişdim, sən yazımın üstünə gələndə işim çox yüngül olur, yaxşı yazıram. “Dəyirman”ı yazanda da ayaqlarının ucunda əlinə nə keçir gətirir, yoldaşımın səslə-sözlə dolu olan baxışlarının altıyla yorulmadan-usanmadan başıma dolanırdı ki, “yüngül yazım”.
Mənə olan bu hücumlara görə çox üzülürdü... Müharibələri, Vedibasar, Dərələyəz, Ağbaba, Axıska sürgünlərini yaşamış, 40-cı illərdə öz kəndimizdə kənd sovet sədri işləmiş, ən əsası sovet KQB-sinin nə demək olduğunu yaxşı bilən beş uşaq anası idi. İztirab keçirirdi, ona görə mən də çox ağrılar yaşamalı oldum. Ailəliklə sevinc, ümid içində gözlədiyimiz kitablarım nəşriyyat planlarından çıxarıldı, özümüzdə də, Moskvada da. Yüzlərlə məktublar yazıldı ki, bəs Sovet hökuməti əleyhinə belə bir əsər yazılıb, tədbir görün, yoxsa yıxılacaq, alt-üst olacaq.
- “Dəyirman”ı müdafiə edən şəxsiyyətlər haqda danışaq. O dövrlə bağlı mətbuatın yazdığına görə sizi sayılan, seçilən görkəmli şəxslər qoruyub...
- Heç ağlıma gəlməzdi ki, “Dəyirman”a belə hücumlar ola bilərmiş. Çünki nə yazacağımı öncədən düşünməmişdim. Səmimi olaraq deyim ki, heç bir qəsdim-qərəzim yox idi. Bu şəkildə, yəni bir yazıyla hökumətin, dövlətin harasınısa qaşıyıb qan çıxartmaqdan xoşum gəlmir, belə şeyi heç vaxt bəyənməmişəm. Mənim üçün dünyada hər şey dediyim kimi bir-birinə bağlı olan münasibətlərdən asılıdı. Sevgidən, ailədən, dostluqdan tutmuş siyasətə, dövlətçiliyəcən hər şey münasibətlər üzərində bərqərardı. Yaxşı-pis münasibətlər üzərində. Bu cavabları verərkən ağlıma gələn “Səbəb Allahdan” ifadəsi də haradasa bu fikrə, bu məntiqə əsaslanır. Yəni, dünyada canlı- cansız nə varsa hər şeyə sənin bəslədiyin və ya sənə qarşı bəslənilən münasibətlərə görə qiymət verilir.
Dünyanın hər yerində işıqlı, sağlam münasibətləri sahmanda saxlayan, düzgünlüyü, haqq-ədaləti qoruyan insanlar olub, var, həmişə də olacaq. Məni də, “Dəyirman”ı da da onlar qorudu...
Aradan qırx ilə yaxın vaxt keçib, dünyasını dəyişənlərə Allahdan qəni-qəni rəhmət, sağ olanlara uzun ömür diləyirəm. Gəldilər, bayaq dediyim, dünyanı bərqərar eləyən münasibətləri müdafiə etdilər, sözün əsil mənasında divan quruldu, məni qorudular.
Bütün mənalarda böyük insan olan Rəsul Rza xəstəliyinə görə “Dəyirman”ın müzakirəsinə gələ bilmədi, amma povestin haqqında yazdığı “Dəyirman dərdi” adlı çox dəyərli məqaləsini göndərdi.
Müzakirədən sonrakı ərəfələrdə biz Anarla Rəsul Rzaya baş çəkdik. Mərdəkanda xəstə yatırdı. Anar tanış elədi, - Mövluddu,- dedi,- “Dəyirman”ı yazan.
Eşidən kimi yerindən dikəldi, iliyə işləyən göy gözləri üzümə dikilib gülümsədi:
- Ölmədim, - dedi,- dəyirmançını gördüm.
Bu boyda səmimiyyətdən sonra ustad Rəsul Rzaya indi dərin təşəkkürlərdən, razılıqdan başqa nə deyə bilərəm? Amma elə o vaxt istədim xatırladam ki, ustad, siz bir dəfə də mənə əl uzatmısız, dar vaxtımda kömək etmisiz. Ailə məsələsi olduğuna görə deməyə üzüm gəlmədi.
Universitetin sonuncu kursunda oxuyanda radionun “Ədəbiyyat” redaksiyası şerlərimi Rəsul Rzaya göndərmişdi ki, fikrini bildirsin. O vaxtlar Rəsul Rza ədəbi verilişlər aparırdı. Məsələ burasındaydı ki, mən Bakının kəndlərindən olan, bir yerdə oxuduğum tələbə qıza elçi göndərməliydim. Bakıdan min kilometrdən də çox aralı olan ucqar bir dağ kəndində gözləyənlər vardı ki, elçiliyə gəlsinlər. Amma qız evi “yox” deyib durmuşdu: “Yeri-yurdu bilinmir, - deyirdilər, - biz tanımadığımız yerə qız vermərik”.
Biz qızla bir yerdə çox düşündük, Rəsul Rzadan başqa ağlımıza heç kim gəlmədi. Rəsul Rza şeirlərimi oxuyub bəyənmişdi, radionun “Ədəbi axşamlar” verilişində mənim haqqımda çıxış edəcəkdi. Verilişin vaxtını-vədəsini qıza dedim. Qızın qohum-əqrabası, eşitdiyimə görə, bütün kənd əhli həmin vaxt radionun başına yığışıb verilişi dinlədilər. Rəsul Rza haqqımda elə isti sözlər dedi ki, qız səhər tezdən, dərs başlamamış xəbər gətirdi ki, elçilər gəlsin.
Nə isə, indi yeri gəldi dedim, böyük ustadın ruhu şad olsun!
Yazıçılar İttifaqında az-az gördüyüm İlyas Əfəndiyev xüsusi olaraq “Dəyirman”ın müdafiəsi üçün gəlib İmran Qasımovla yanaşı oturmuşdu. Ənvər Məmmədxanlı ordaydı. İsmayıl Şıxlı, Anar, İsi Məlikzadə, Əkrəm Əylisli, Xəlil Rza – hamısı gəlmişdi. Dərindən oxuduğum, yəni hər birinin yaradıcılığına bələd olduğum, yaxşı tanıdığım yazıçılar idi, çətin anımda mənimlə olduqlarına görə ürəklənmişdim, narahatlığım getmişdi, artıq heç nə vecimə deyildi.
Xəlil Rza belə bir hadisə danışdı, indinin özündə də çox xarakterik olduğu üçün qeyd etməyi lazım bildim.
“Gələndə yolumu “Təbliğat və təşviqat” jurnalından saldım, dedim “Dəyirman”ın müzakirəsinə gedirəm, yazdığım yazını da göstərdim ki, gedirəm müdafiə etməyə. İndi yazını tapa bilmirəm, ordan götürüblər. Amma bilmirlər ki, o yazının müdafiəsi içimdə, ürəyimdədi, hər yerdə müdafiəsinə hazıram”.
Müzakirəni o zamanlar AYİ-nin katibi, həmişə yazdıqlarıma sevindiyini, hər yerdə köməyini, dəstəyini hiss etdiyim Elçin aparırdı.
Yadımdadı müzakirənin ən qaynar yerində qaragüruh məni görmək istədi, adının çəkilməyini lazım bilmədiyim görkəmli bir yazıçı:
- Ayağa qalxsın, - dedi, - müəllif, görək belə xatalı əsərləri yazan kimdi?
Mən arxada küncdə oturmuşdum. Onu deyim ki, qorxudan, təhdiddən, tənqidlərdən, təhqirlərdən yox, daha çox məni müdafiə eləyən insanların sözlərindən qəhərlənmişdim, qəhərdən boğazım ağrımağa başlamışdı...(qəhərdən boğazın gəlməyini, ağrımağını sonralar bildim).
Yazdığım əsərlərə görə elə bilirdilər “əjdaha” görəcəklər, amma yerindən qalxanda da oturanlarla bir boyda olan utancaq, cavan bir oğlan gördülər. İmran müəllim əliylə işarə elədi ki, otur. Elə bilirdi nəsə deyəcəm, cavab qaytaracam. Mən sakitcə oturdum.
Vaqif Yusifli müzakirənin stenoqrammasını yazırdı. Səhv eləmirəmsə, sonralar hardasa nəşr olundu.
“Dəyirman”ın taleyi Yazıçılar İttifaqındakı müzakirəylə bitmədi. “Povestin əleyhinə olan on beşəcən yazıçı-jurnalist Mərkəzi Komitənin birinci katibi Heydər Əliyevin qəbuluna getdilər.
O vaxt “Azərbaycan” jurnalının baş redaktoru olan Əkrəm Əylisliylə məni Yazıçılar İttifaqının sədri İmran Qasımov yanına çağırıb dedi:
- Yoldaş Heydər Əliyev elə indi zəng eləmişdi, deyir nə “Dəyirman”dı elə, respublikada başqa söz-söhbət yoxdu, toyda da “Dəyirman”, yasda da “Dəyirman”. Göndər oxuyum görüm, nədi. Mən də göndərmişəm. Cavabını gözləyək.
Bir neçə gündən sonra İmran müəllim bizi yenə çağırtdırdı:
- Yoldaş Əliyev “Dəyirman”ı oxuyub, hətta oxumaq üçün qardaşı akademik Həsən Əliyevə də verib. İstedadlı yazıdı dedi, gənc yazıçını qorumaq lazımdı, amma ona tapşır ki, hər şeyi tünd boyada görməsin, işıqlı cəhətləri də görsün. “Yeqo nado perenapravit”, burasını da rusca dedi.
Beləcə, o, böyük, işıqlı insan “Dəyirman”ı müdafiə etdi, qaragüruhun əlindən qurtardım...Həmin vaxtlar Heydər Əliyevin qəbulunda olan jurnalistlərdən biri o görüş haqda mənə bəzi məqamları çatdırmışdı:
“Bizi görən kimi dedi:
- Nolub, nə baş verib, yoldaş yazıçılar, nə həyəcandı belə?!
Hərənin əlində bir “Azərbaycan” jurnalı vardı, Heydər Əliyevə uzatdılar, tanınmış qadın yazıçılar da vardı, hərəsi bir yandan səs-səsə verdi:
- Yoldaş Əliyev, biz təhqir olunmuşuq, cəmiyyətimizə qara ləkələr vurulub, böhtanlar atılıb. Povestdə yetmiş iki söyüş var, sayıb altını xətləmişik. Baxa bilərsiniz.
Heydər Əliyev jurnalı vərəqləyir, qırmızı rənglə altı cızılmış sözləri oxuduqca gülümsəyirdi. Birinə çatanda qəh-qəh çəkib bərkdən güldü, dedi:
- Onda gərək rus xalqı Şoloxovu məhkəməyə versin”.
Elə bu münasibət də mənim gələcək taleyimi həll etdi.
“Dəyirman”dan sonra başladığım “Köç” romanını yazıb qurtardım. Bir necə ilin içində ədəbi mühitdə hadisə olan əsərlər yarandı.
- “Dəyirman”dakı obrazların arasında yaxından tanıdığınız kənd adamları varmı? Yəni həyatdan götürdüyünüz qohum, dost, qonşu... Obrazların tam, dolğun, mükəmməl alındığına görə oxucu istər-istəməz bu qənaətə gəlir...
- Böyük çıxmasın, üzr istəyirəm, həmişə çalışmışam və çalışıram ki, mənim yaratdıqlarım da dolğunluğu, tamlığıyla həyatda olduğu kimi olsunlar; doğulsunlar, böyüsünlər, necə varsa, eləcə ad-san qazansınlar. Mən yox, onların özləri özlərini tanıtsınlar. Belə olmasa yazı da içindəkilərlə bir yerdə bir an belə yaşamaz.
Mən yaratdıqlarımla yaşayıram, əsər bitəndən sonra da mənimlə qalırlar, onlar da mənim mühitimdi! İşlədiyim hər hansı obraza nə gəldi ad qoya bilmirəm, özü yarandıqca adı da yaranır. Elə olur yazının ortalarında görürəm ki, bunun adı, məsələn, Ninniymiş (“Şanapipik” povestində ).
Çoxunun adı heç gəlib çıxmır, adsız işləyirəm, məsələn, “Dəyirman”da dəyirmançıya axıracan ad tapa bilmədim, nə ad qoydum hiss edəmmədim. Eləcə adsız yazdım: Dəyirmançı... Əsərdəki Kök adam, Qızıl oğlanlar, kababçı Göyçək də eləcə... axıracan öz adlarını demədilər.
Elə obraz var tanıdığım bir neçə adamdan nəsə götürüb yaratmışam, ziddiyətli alındığı da ona görədi. Həyatda da ziddiyyətli, çoxqatlı, çətin tanınan adamlar var ki, ömür boyu halına bələd ola bilməzsən. Əlbəttə, əgər münasibətləri düzgün seçib, düzgün işləyirsənsə, yaşayır, başqa cür yaşamaz.
“Ot” povestində, dediyim kimi, adı alınmayan tənha bir qadın obrazı işləyirdim, hara gedirdi əsgərlikdə olan oğlu üçün qız bəyənirdi. Az danışan, yatağan, bir az da anlaşılmaz, elin-obanın “tünəkə” dediyi qadınlardandı.
Yenə bir evə getdi, masanın üstündə nar vardı, narı görən kimi əlini uzatdı, amma əli nara çatanacan mürgülədi, əli nara dəyəndə oyanıb “...Ürəyim ağlar qalmış da nar istəyir dedi”. Bunu yazanda gördüm ki, qadının adı Pişidi.
Nə isə, mənə görə əsərdə adlar da əsas olanlardan biridi.
- Maraqlıdı, yaşlı ədəbi nəslin “Dəyirman”ı bəyənməməsi anlaşılandı, bəs ümumilikdə əsərə gənc yazıçıların münasibəti necəydi?
- Bəxtiyar Vahabzadə “Dəyirman”ı heç bəyənməmişdi, ona görə də müzakirəyə gəlməmişdi. “Köç” romanını oxuyandan sonra: “Sən sərrast atıcısan, amma “Dəyirman”da atdığın güllələr gülü-çiçəyi biçirdi, “Köç”dəsə hədəfi vurmusan, düz vurmusan, boşa çıxan güllən yoxdu...”, – dedi.
Az sonra “Ədəbiyyat” qəzetində “Mövlud Süleymanlıya açıq məktub”u çıxdı. Məktubda belə yerlər vardı: “Əzizim Mövlud, sən mənim həmişə can atdığım zirvədən uçmağa başlamısan”. Bu, əslində, Bəxtiyar Vahabzadənin böyüklüyünü göstərir, mənim yox. O vaxtlar təşəkkür eləyəndə belə də dedim.
Geniş ürəkli insanlar çox idi, yaşamış olduğum bu yetmiş üç illik ömrümdə gördüklərimi gördüm. İndi yazılarımı sinirə bilməyən dostlarım daha çoxdu, canları sağ olsun, bunun özü hardasa əzilmək kimi bir şeydi deyib, çox da bənd olmuram.
- Sonda sizə təsir etmiş məşhur əsərlər barədə danışaq.
- Belə əsərlər var, az da deyil. Nə yaxşı ki, var. Bir yandan da bizi, yəni, dünya əhalisini belə sənət əsərləri birləşdirir, mətləbləri anladır; sərhədlər-sınırlar aradan götürülür, bu yazıların köməyiylə bir-birimizə əl uzadırıq, dünyanı öz evimiz kimi anlayırıq.
Sərhədlərin olmasına fikir vermə. Sərhədlər ayaq saxlamaqdan, baş qatmaqdan başqa bir şey deyil. Sərhəd indilərin işidi, iştahın, tamahın yarandığı günlərdən qalmadı.
Düşünək ki, audan, torpaqdan, oddan, havadan başqa heç nəyimiz yoxdu. Günəş kimindi ki? Bizimdi. ayrı-ayrılıqda yox, bütövlükdə bizimdi, səni burda necə isidirsə məni də orda elə isidir.
İndi oxuduğum məşhur əsərlərin adlarını çəkib vaxt almayım, bir zamanlar çox dəbdəydi, üzə çıxan savadını göstərmək üçün belə eləyirdi. Sadəcə, arzu edirəm ki, məşhur əsərlər həmişə yazılsın, bu cür əsərlər də təbiət hadisəsidi...
Elmin Nuri