31 Oktyabr 2016 20:53
1 601
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulnamə 8

Miladdan öncə 479-cu ildə Yunan şəhər dövlətləri birləşərək Plateya savaşında Əhəməniləri darmadağın edirlər.

Bu tarixi zəfəri ölümsüzləşdirmək üçün yunanlar ələ keçirdikləri fars döyüşçülərinə aid qalxanları əridərək bir abidə hazırlayırlar.

Tanrı Apollonun üç başlı ilanı öldürməsi inancına görə, yunanlar onun şərəfinə abidəni üç ilan başı olan bir sutun şəklində hazırlayırlar.

Gövdədən, üç ilan başından və bu başın üzərində bir qazandan ibarət olan abidə 2 il ərzində hazırlanıb Apollonun şərəfinə tikilən Delfi məbədinə qoyulur.

Sütun tuncdan hazırlansa da, içərisində daimi alov yanan qazan qızıldan və ya səthi qızılla əhatə olunmuş şəkildə hazırlanır.

Sütunun harada və kim tərəfindən düzəldildiyi barədə mənbələrdə məlumat yoxdur. Tuncdan hazırlanmasına görə, abidənin Yunanıstanın Aigina adasında düzəldilməsi ehtimal edilir.

Sparta kralı Pavsani (Pausanias) sütunun üzərinə savaşın yeganə qəhrəmanı kimi özünü göstərən bir yazı yazdırtdırır.

Lakin köhnə demokrat olan spartalılar bu yazını sildirtdirərək ilanların gövdəsinə 31 yunan şəhər dövlətinin adını yazdırırlar.

Həmin yazılar bu gün də öz varlığını qoruyur.

Lakoniya əlifbası ilə yazılmış bu yazılar abidənin hazırda Sultan Əhməd məscidinə baxan tərəfində yuxarıdan 13-cü qıvrımdan başlayaraq 2-ci qıvrıma qədər davam edir.

Yazıda təkcə Plateya savaşına deyil, bütün yunan-fars müharibələrinə qatılan şəhər dövlətlərinin adı yazılıb.
Bu yazılar Dethier, Mordtmann ve Frick kimi alimlər tərəfindən oxunulub.

Alimlərin hesablamalarına görə, sütun zamanında 6.71, altlığı ilə birlikdə isə 8.92 metr olub.

Sütunun sonunda 3 ilan başı fərqli istiqamətlərə baxıb.

E.ə.353-cü ildə Delfini işğal edərək talayan fokidalılar ilanlı sütunun qazanını özləri ilə aparırlar.

İlanlı sütunun özünü isə ötən yazımızda da qeyd etdiyimiz kimi paytaxt Konstantinopolu gözəlləşdirmək məqsədilə Bizans imperatoru I Konstantinin əmri ilə yerindən sökülür.

XVI əsrə qədər sütundakı ilan başları yerində olub. Bunu istər o dönəmlərə aid qravürlərdə, istərsə də Osmanlıya aid miniatürlərdə rast gəlirik.

Məsələn, Qanuni Sultan Süleyman dövrünə aid “Hünərnamə”dəki miniatürlərdə (aşağıda rəsmi verilib) ilan başlarını yerində görürük.

İlan başlarına ilk zərər isə XVI əsrdə dəyir. Belə ki, ilanlardan birinin başının alt çənəsi qırılır.

Holland rəssam Pieter Coeck van Aalsta aid bir qravürdə Sultan Süleyman at meydanında öz qoşunu ilə təsvir edilir. Bu qravürdə tam şəkildə düşən ilanlı sütundakı ilan başlarından birinin çənəsinin qırıldığı görünür.

İngiltərədə Freshfield kolleksiyasında saxlanılan, 1574-cü ilə aid bir qravürdə də eyni zədə əks olunub.

Cornelio Magninin 1672-ci ildə İstanbuldan İtaliyadakı dostlarına yazdığı məktubdan aydın olur ki, ilanların başları hələ ki yerlərindədir.

XVII əsrin sonu, XVIII əsrin əvvəllərində De la Motrayenin çəkdiyi rəsmdə də ilan başları görünür.

Milady Montaque 1717–1718-ci illərdə ilan başlarını gördüyünü qeyd edir.

Lakin 1734–1736 illər arasında İstanbulda qalan Otter isə ilan başlarının qoparıldığını bildirir.

İtən ilan başlarından birinin üst çənəsi və başın üst yarısına aid parçası Aya Sofiya məscidinin təmiri ilə məşğul olan arxeoloq Fossati tərəfindən 1848-ci ildə tapılıb. Hazırda İstanbul arxeoloji muzeyində sərgilənir. (Aşağıdakı rəsmdə).

İlanlı sütunun bir sıra tilsimlərinin olduğuna inanılır.

Deyilənlərə görə, I Konstantinin bir məqsədi də yeni paytaxtını ilanların, əqrəblərin, böcəklərin hücumundan qorumaq imiş. Övliya Çələbi də bu ilanların şəhəri qoruduğunu yazıb.

İddialara görə, yeniçəri əsgərlərindən biri qılıncı ilə ilanlardan birinin başını qopardıqdan sonra şəhərdə ilan və əqrəblər çoxalmağa başlayıb.

XIX əsrin ortalarında aparılan qazıntılarda sütunun dibindən niyyət daşları tapılmışdı. İnsanlar şəfa tapmaq ümidi ilə sütuna daş atırmışlar.

1855-1856-cı illərdə ingilis arxeoloq Newton abidə ətrafında qazıntı aparıb, özülü ortaya çıxarıb.

Növbəti arxeoloji qazıntı 1927-ci ildə yenə ingilis arxeoloqu Casson tərəfindən aparılıb.

Beləliklə, 2495 il yaşı olan İlanlı sütun bu gün Sultan Əhməd meydanında obelisklə müqayisədə diqqət çəkməyəcək şəkildə öz varlığını qoruyur.

Üstündəki qazan vaxtilə qənimət deyə aparılsa da, ilanların başları müəmmalı şəkildə yox olsa da, bəlkə də, hələ də tanrı Apollon İstanbulu qorumaqdadır.

Kim bilir, bəlkə də, 15 iyulda FETÖ-nun 30 ildir ilan kimi qıvrılaraq hökumətin içinə sızmasının, sonra hərbi çevriliş etməsinin qarşısını elə bu başsız ilanlar öz gövdələrində daşıdıqları tilsimlə alıblar.

Dilqəm ƏHMƏD


Müəllif:

Oxşar xəbərlər