Fevralın 2-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) birgə təşkilatçılığı ilə, Gənclər Gününə həsr edilmiş “Gəncliyin səsi” incəsənət festivalının açılışı olub.
Teleqraf.com xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əlamətdar gün münasibətilə gəncləri təbrik edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1997-cı ildən başlayaraq fevralın 2-si Gənclər Günü kimi qeyd edilir.
Nazir diqqətə çatdırıb ki, gənclər günü ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olunur. Hər il ilin sonunda il ərzində görülən işlərə nəzər salınır, gənclərin həyata keçirdiyi layihələr təhlil olunur, dəyərli layihələrə gənclər cəlb edilirlər. Ölkəmizdə dövlət siyasətinin ən böyük prioritetlərindən birinin gənclərin inkişafı olduğunu vurğulayan nazir bildirib ki, Ulu Öndər tərəfindən təsis olunan bu gün ildən-ilə daha geniş qeyd edilir.
Mədəniyyət və incəsənətin inkişafını gəncliyin baxışından kənarda təsəvvür etməyin mümkünsüzlüyünü söyləyən Ə.Qarayev “Gəncliyin səsi” incəsənət festivalının keçən il ilk dəfə təşəbbüs kimi irəli sürüldüyünü və böyük marağa səbəb olduğunu söyləyib. Bildirilib ki, bir neçə gün davam edəcək festival çərçivəsində paytaxtla yanaşı, bir sıra bölgələrdə də mədəniyyətin müxtəlif sahələrini əhatə edəcək tədbirlər keçiriləcək. Festivala Prezident təqaüdçülərini konserti ilə start veriləcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri İnam Kərimov gəncləri təbrik edib, bu günün qeyd olunması ilə gənclərin cəmiyyətdə xüsusi rolunun vurğulandığını söyləyib. Könüllülük fəaliyyəti barədə danışan İ.Kərimov bu fəaliyyətin inkişafın simvollarından biri olduğunu deyib. Bildirilib ki, ASAN könüllülərin sayəsində ölkədəki könüllülük fəaliyyətinə yeni təravət gəlib. On min gəncdən ibarət ASAN könüllülər hərəkatı bir çox layihələr həyata keçirib. Bunlardan ən yaddaqalanları mədəniyyət sahəsində olan layihələrdir. İ.Kərimov rəhbərlik etdiyi qurumun “Gəncliyin səsi” incəsənət festivalına öz töhfələrini verməyə hazır olduğunu deyib.
Daha sonra Prezident təqaüdçüləri konsert proqramı ilə çıxış ediblər. Muğam Mərkəzinin foyesində gənc istedadların əsərlərindən ibarət rəsm sərgisi təşkil edilib. Əsərləri nümayiş olunan gənc rəssamlara diplomlar verilib.
Qeyd edək ki, festival çərçivəsində gənc Prezident təqaüdçülərinin konserti, gənc rəssamların sərgisi, gənc yazarlarla görüş, gənc rejissorların filmlərinin nümayişi, Bakı “ASAN xidmət” mərkəzinin könüllülərinin təqdimatında Əli Əmirlinin “7 məhbusə” tamaşasının premyerası, Sumqayıt “ASAN xidmət” mərkəzinin könüllülərinin həvəskar tamaşasının premyerası, Sabirabad və ətraf rayon gənclərinin və ASAN könüllülərinin iştirakı ilə konsert və Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin konsertinin keçirilməsi nəzərdə tutulur.
Fevralın 6-dək davam edəcək festivalın tədbirləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Milli Kitabxana, Sumqayıt Dövlət Dram Teatrı, Masallı rayon “ASAN həyat” kompleksi və Sabirabad rayon mədəniyyət mərkəzində təşkil olunacaq.