“Mənə elə gəlirdi 50 yaşında insan özünü qeyri-adi hiss edir. İndi gəlib 50-yə çatmışam, amma yenə özümü gümrah hiss edirəm”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında 50 yaşını qeyd edən muğam sənətimizin sevilən simalarından biri, əməkdar artist, “Qədim Musiqi alətləri” Dövlət ansamblının solisti Teyyub Aslanov deyib.
“Üzeyir Hacıbəyov “O olmasın, bu olsun” əsərində 50 yaşlı Məşədi İbadı qoca kimi təqdim edir. Özü 50 yaşına çatanda etiraf edir ki, mən çox səhv etmişəm. Deyir özüm 50-yə çatmışam, amma cavanam, çiçəklənən dövrümdü. Üzeyir Hacıbəyov dahidir, mən kiməm ki... O elə deyirsə, deməli, doğrusu budur.
Arzular tükənməzdir. Mən də arzularıma çatmaq üçün hər gün çalışıram. Allahdan ancaq özümə və bəşəriyyətə sağlam ömür diləyirəm.
Bu günü ailəmlə, dostlarımla birgə qeyd edəcəm. Dünən axşamdan məni tanıyanlar, tələbələrim, dostlarım zəng edib doğum günümü təbrik edirlər. Bu diqqət ən böyük hədiyyədir”.
1967-ci ildə Bakı şəhərində anadan olan xanəndə kiçik yaşlarından musiqinin vurğunu olub. Orta məktəbin birinci sinfindən paralel olaraq musiqi məktəbinin nağara sinfində təhsil almağa başlayıb, orta məktəbdə təhsil aldığı müddətdə musiqi gecələrinin fəal iştirakçısı olub. Görkəmli pedaqoq, əməkdar müəllim Nəriman Əliyevdən özəl muğam dərsləri alan Teyyub Aslanov ilk ali təhsilini Azərbaycan Dövlət Neft Kimya İnstitutunda başa vurduqdan sonra 1989-1994-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyorluğu ixtisası üzrə davam etdirib.
30 ilə yaxındır Azərbaycan musiqisini, muğamlarımızı dövlət orkestrlərimiz, muğam üçlüyü və ansambllarla dünyanın bir çox ölkələrində layiqincə təbliğ edir.
Bu gün xanəndənin yaradıcılığında muğamlarımızla yanaşı, bəstəkar və xalq mahnıları da geniş yer alır. İfasında dövlət televiziyası tərəfindən lentə alınmış bir sıra muğamlar televiziyanın fondunda qorunur.
Ötən ilin sonunda yeni musiqi albomunu təqdim edən əməkdar artist sənətdə yeniliklərdən çəkinmir və daim axtarışlardadır.
Nərmin