21 Fevral 2017 23:25
1 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün "Muğam klub"da Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Novruz mühazirələri"nə start verilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri, təhsil ekspertləri, yazıçılar iştirak edib.

Tədbiri giriş sözü ilə açan xalq artisti Nurəddin Mehdixanlı bildirib ki, mühazirələrin keçirilməsində əsas məqsəd təhsil və elmin ayrı-ayrı sahələrinə dair mövzuları gündəmə gətirməkdir.

"Novruz mühazirələri"nin ilk görüşündə xalq yazıçısı Çingiz Abdullayev "Sözün təbiət və ədəbiyyat şəkli: zamanın gerisində, yoxsa ..." mövzusunda çıxış edib.

“Öyrənmək istəməyən insan heç nəyə nail olmayacaq”

“Həmişə deyirəm ki, Azərbaycan xalqı yeganə xalqdır ki, müəllimlərə uşağını öyrətməməyə görə pul verir. O uşaq universiteti bitirib cəmiyyətdə kim olacaq- bunu düşünmürlər. Uşaqlıqdan öyrənmək istəməyən insan həyatda heç nəyə nail olmayacaq. Amma Azərbaycanda neqativ bir ənənə var: insanlar düşünürlər ki, dayının, tanış-bilişin hesabına hansısa vəzifə tuta bilərsən. Tuta bilərsən, amma bilikli, savadlı olmayacaqsan. Kitab oxumaq insanın dünyagörüşünü artırır, gözünü açır”.

“Qızlar, ağıllı oğlanları seçin”

Ç.Abdullayev qeyd edib ki, ingilis ekspertlərinin bir araşdırmasına görə ağıllı qadınla ailə quran kişilər təhsilsiz, səviyyəsiz qadınla ailə quran kişilərdən daha çox yaşayırlar: "Çox yaşamaq istəyirsinizsə təhsilli, ağıllı qadınla ailə qurun. Bu sözüm qızların çox xoşuna gəlir, amma qızlar, siz də ağıllı oğlanları seçin. O baxımdan qızların təhsil alması çox vacibdir. Çünki onlar övladlarını da savadlı, bilikli böyüdəcəklər. Biz inkişaf etmək istəyiriksə çox dil bilməliyik. Cavan yazıçılar çox vaxt məndən dünyaya çıxmaq üçün nələr etməli olduqlarını soruşurlar. Onlara deyirəm ki, ən birinci çoxlu kitab oxumalısınız, daha sonra əsərlərinizi beş xarici dilə tərcümə etdirməlisiniz. O zaman sizi dünyada tanıyacaqlar. Bəs bu beş xarici dil hansıdır: ingilis, ispan, fransız, rus, alman”.

“Uğursuz yazıçı faciədir”

“Yazıçı mənim üçün ilahi gücə malik bir məxluqdur. Uşaq ikən bulvarda gənc Anarı görüb, ona yaxınlaşıb, yazıçı olmaq üçün nə etmək lazım olduğunu soruşmaq istəyirdim. Amma utanıb, ona yaxınlaşa bilmədim. Yazıçı çətin peşədir. Xatırlayıram ki, kitablarım yenicə çap olunmağa başlayanda məni Mərkəzi Komitəyə çağırıb dedilər ki, siyasi detektiv janrında yazan yazıçıları Moskvada qəbul etmirlər. Mən də cavan və inadkar idim, dedim ki, öz yolumla irəliləyəcəm. Dedilər, onda gərək ruslardan yaxşı yazaraq sübut eləməlisən ki, azərbaycanlı nəyə qadirdir. Yazıçı əsərləri ilə tarixdə qalır və heç vaxt unudulmur. Mən övladlarımın yazıçı olmasını heç vaxt istəməmişəm. Mənə görə yazıçı ən çətin peşədir. Min həkimdən biri uğurlu ola bilir, amma digərləri də öz sahələrində çalışır. Min yazıçıdan biri uğurlu ola bilər, digərləri isə uğursuz olacaq. Uğursuz yaradıcı insan olmaq faciədir. İki uğursuz yaradıcı insan tanıyıram: Hitlerin rəssamlığını qəbul etmirdilər, Stalinin də şairliyini...” , deyə yazıçı bildirib.

“Yazıçı xalqla toqquşanda həmişə uduzur”

Ç.Abdullayev yazıçı olmaq üçün şərtləri də sadalayıb: “Hemenquey deyirdi ki, yazıçının vicdanı etalon metrə kimi olmalıdır. Yazıçı vicdanını satırsa, yalan danışırsa, hər gələn hökuməti tərifləyirsə və bunu yazırsa deməli, o yazıçı deyil. İllər əvvəl bir istedadlı Azərbaycan yazıçısının kitabı çap olundu, amma onu qəbul etmədilər. Kimdən söhbət getdiyini bilirsiniz. O vaxt xarici ölkədən mənə yazmışdılar ki, siz sədr olaraq bu məsələyə niyə münasibət bildirmirsiniz. Mən ona da dedim indi də deyirəm, əgər dövlət yazıçı ilə toqquşursa həmişə dövlət uduzacaq. Amma əgər yazıçı öz xalqı ilə toqquşursa həmişə yazıçı uduzacaq. Norveç yazıçı Knut Hamsun sevilən yazıçı idi, amma faşistlər ölkəni zəbt edəndə, o onların tərəfində oldu. Xalq ona heç nə etmədi, amma onun kitablarını oxumadılar. Hamsun bunun səbəbini başa düşürdü”.

“Öyrənməli və sonra seçim etməliyik”

“Allah istəyi insanın ürəyində olmalıdır. Bunu heç kim sənə sübut edə bilməz. Mən başa düşürəm ki, bu dünya elə-belə qurulmayıb, bir qüvvə var. Çox alimlər hesab edirlər ki, darvinizm Allaha qarşı deyil, əksinə Allahın varlığını sübut edir. Ona görə hesab etmirəm ki, darvinizmi dərsliklərdən çıxarmaq doğru fikirdir. İnsanlar hər şeyi öyrənməli və sonra seçim etməlidirlər. Odur ki, darvinizmi kitablardan çıxarsanız, ilk etiraz edən mən olacam”, deyə C.Abdullayev bildirib.

“2000-ci ildən ədəbiyyata çox istedadlı yeni nəsil gəldi”

Onun sözlərinə görə, 90 –cı ildə Azərbaycan ədəbiyyat nəslini itirib: "Yazıçılar Birliyində müharibədə vuruşub, həlak olan o vaxtın gənc yazarlarının şəkilləri asılıb. Çox yazıçılarımız sözdə deyil əməldə öz övladlarını vətən yolunda fəda ediblər. 2000-ci ildən ədəbiyyata çox istedadlı yeni nəsil gəldi. Mən fəxr edirəm ki, bu nəsillə sıx bağlıyam. Rəşad Məcid, İlqar Fəhmi, Qulu Ağsəs, Səlim Babullaoğlu, amma xüsusilə adını çəkmək istədiyim bir insan var- Elçin Hüseynbəyli. Çox maraqlı yazıçıdır”.

“Niyə görə onları yad etmirik?”

“Azərbaycan tarixində qara günlər var. Mənə təsir edən odur ki, qara günlərdə öldürülən insanlarımızın şəkilləri hər yerdən asılır və ancaq məğlubiyyətimiz haqda danışırıq. Amma kim bilir ki, Xocalıda azərbaycanlılar vuruşub və dörd milli qəhrəmanımız olub. Niyə görə onları yad etmirik? Biz bu kimi faktları da deməliyik və təbliğ etməliyik”, deyə sonda yazıçı qeyd edib.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər