“Ulduz” jurnalının yeni nömrəsi işıq üzü görüb. Jurnalın ilk səhifəsində Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Jalə Əliyeva “Ulduz”un nəşr tarixindən söz açıb: “50 ildir yandırdığı, çatıb-alovlandırdığı ocağın istisində nəsillər yetirən və qayğıkeşliyi, səmimiliyi, dostyana-ərkyana münasibəti ilə sözün əsl mənasında, ədəbi-bədii gəncliyin sığındığı, üz tutduğu, ümidlə pənah gətirdiyi isti bir yuvaya çevrilən “Ulduz” bu gün də öz müqəddəs missiyasını şərəflə yerinə yetirir. Budur, o, yenə də ayaqdadır, gəncliyin önündədir, ona dəstək, arxa-dayaq duranların cərgəsindədir”.
Teleqraf.com xəbər verir ki, jurnalın “Ekspert rəyi” rubrikasinda Günel Natiqin “özü ilə söhbət”, “Şeir vaxtı” rubrikasında Rəşad Nağı Mustafa, Elşən Mehdi, Pərviz Arif və Elnur Uğurun yaradıcılıq nümunələri dərc olunub.
“Nəsr” bölməsində Tural İsmayılovun “Aişənin romanı”, İlhamə Nasirin “Atamın çiçək qızı” və Dəniz Pənahın “Pərdə” hekayələri yer alıb. Jurnalın “Tərcümə saatı” bölümündə Xatirə Xatunun tərcüməsində Corc Oruelin “Tolstoy və Şekspir” əsəri dərc olunub.
“Təbriz eli” rubrikasında Ümid Nəccarinin şeirləri, “Qürbət hekayələri” bölməsində Yaşar Süleymanlının “Torpaq o qədər bərk idi ki” hekayəsi verilib. Camal Yusifzadənin “Azadlığa gedən yolda”, Arzu Muradın “Küçələrə su səpmişəm” esseləri və digər yaradıcılıq nümunləri jurnalın bu sayında dərc olunub.
Jurnalın redaktoru əməkdar jurnalist Qulu Ağsəsdir.