5 May 2017 11:52
4 595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onların sənətə gəlişi asan olmayıb. Maneə, qadağa, etirazla üzləşiblər... Amma mübarizələri boşa çıxmayıb, hər biri sənətdə öz yerini tutub.

Teleqraf.com sənət sevgisi ilə ailə qadağaları arasında qalan məşhur aktrisalarımızı təqdim edir.

Atam mənimlə kəlmə kəsmədi

Xalq artisti Amaliya Pənahova kinoya daha çox maraq göstərib. Moskva Kinematoqrafçılar İnstitutunda oxumaq istəsə də, atası buna icazə verməyib. Yeniyetmə qızın sənət eşqi isə sönməyib. Bakıda 10-cu sinfi gecə məktəbində oxuyub, gündüzlərsə Teatr İnstitutuna, Adil İsgəndərovun kursuna getməyə başlayıb.

İnstituta qəbul olunan Amaliya Pənahova elə Adil İsgəndərovun qrupunda təhsil alıb. Atası isə onun instituta daxil olmasını sonradan bilib və onunla kəlmə də kəsməyib. İlk tamaşasının uğurundan sonra aktrisanın atası ilə münasibətləri yaxşılaşıb.

Aktrisa olmağımı mənə bağışlamadı

Xalq artisti Zemfira Nərimanova aktrisa olmağını təsadüfə bağlayır. Valideynləri hüquqşünas olduğuna görə Zemfira da o ixtisasa yönəldilir.

Günlərin bir günü hazırlıq dərsinə gec qatıldığından müəllim onu içəri buraxmır. O da boş vaxtdan istifadə edərək aktrisa olmaq istəyən rəfiqəsinə qoşulub Tədris Teatrına gəlir. Teatrda onu görənlər aktrisa ola biləcəyinə inandırır, el diliylə desək, saqqızını oğurlayırlar. Beləcə, bir həftə içində qəbula hazırlaşıb, imtahan verir. Taleyə baxın, imtahandan rəfiqəsi kəsilsə də, Zemfira Nərimanova instituta qəbul olunur:

“Qorxumdan valideynlərimə demirdim. Dördüncü imtahanda anama, qəbzi alandan sonra isə atama xəbər verdim. Qışqırmadı, amma yerindən qalxıb oturdu, dedi, ya fakültəni dəyişməlisən, ya da yenidən başqa universitetə imtahan verməlisən. Hər semestr atama söz verirdim ki, fakültəmi dəyişəcəm. Bilirdi ki, aldadıram, amma həmişə təkid edirdi. Aktrisa oldum, amma məni qəbul etmədi. Atam ömrü boyu aktrisa olmağımı mənə bağışlamadı”.

Atamın xəbəri belə yox idi

Əməkdar artist Sənubər İsgəndərli Sovetskidə yaşadığını, oranın isə yazılmamış qanunlarının olduğunu deyir:

“Bir ailədən kiminsə aktrisa olmasına ikrah hissi ilə baxırdılar, halbuki sənəti hamı çox sevirdi. Atamın çox ağır xasiyyəti vardı. Qız uşağı nədi, eyvandan aşağı baxdı nədi, deyirdi. Məktəbə gedib-gəldinsə, küçəyə bir dəfə çıxa bilərsən. İkinci dəfə ya nənə, ya da yaxınlardan kiminləsə çıxmaq olardı”.

Bu səbəbdən o, ailə qurandan sonra aktrisa olur. Dövlət Teatr İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) qəbul olunmasından isə atasının xəbər olmur:

“İlk dəfə Nəriman Həsənzadənin “Kimin sualı var” tamaşasında oynamışdım. Birinci kursda oxuyurdum. Atam evimizə gəldi, gülə-gülə dedi ki, dünən səni televizorda gördüm. İçimi yeyə-yeyə ona qulaq asırdım. Yoldaşıma baxdı, söylədi ki, daha məndən çıxdı, özün bilərsən”.

Sirr sonra açılır...

Atası əməkdar artist Mehriban Ələkbərzadənin rejissor olmasını istəmirmiş. O isə hələ məktəb illərindən oxuduğu əsərləri təxəyyülündə ekranlaşdırarmış. Məktəbi bitirəndən iki il sonra sənədlərini rejissorluq fakültəsinə verir. Qəbul olunur və atasına bu sirri açır. Artıq iş-işdən keçmişdi...

Bu dəfə qardaş etiraz edir

Aktrisa olmaq əməkdar artist Münəvvər Əliyevanın uşaqlıq arzusu deyilmiş. Bacısının güzgü qarşısında rol məşq etməsini görə-görə bu eşqə düşür. Bu sənəti dayısı da çox sevib, amma bütün arzuları, istəkləri yarımçıq qalır. Həyatı yarıda kəsilir.

Ona görə də ailədə dayısının davamçısı kimi Münəvvərin bacısını seçirlər. Həyat tərsinə fırlanır. Balaca Münəvvər bacısının həvəslə məşq etməyindən aktrisa olmaq fikrinə düşür. Onun bu istəyinə atası yox, qardaşı etiraz edir. İnadkar davranan Münəvvər Teatr İnstitutuna daxil olur, bunu qardaşından 2 il gizli saxlayır.

Ailə quranda şərt kəsdim...

Əməkdar artist Suğra Bağırzadə ifa etdiyi “Cücələrim” mahnısı ilə məşhurlaşıb:

“2-ci sinifdə ifa etdiyim “Cücələrim” mahnısına görə Pionerlər Sarayının üzvü olmuşdum, məni həmişə kinostudiyanın dublyaj şöbəsinə dəvət edirdilər.

Məktəbi qurtaranda məni Moskva Kinematoqrafiya İnstitutuna göndərirdilər, atam icazə vermədi. Dedi ki, Bakıda qalacaqsan. Heç Bakıda Teatr İnstitutunda da oxumağa qoymadı. Məktəbi əla qiymətlərlə bitirdim, Neft-Kimya İnstitutu evimizin yaxınlığında idi, artıq mənim üçün harada oxumağın mənası yox idi, ona görə də sənədlərimi həmin ali məktəbə verdim.

Yüksək molekullu birləşmələr üzrə mühəndis-texnoloq ixtisası üzrə təhsil aldım. Ailə quranda yoldaşımla şərt kəsdim. Dedim, aktrisalıq fəaliyyətimi davam etdirməyə icazə verməsən, səninlə ailə qurmayacam. Razılaşdı. Ailə qurandan sonra atam işimə müdaxilə etmədi. Mən də kinostudiyada işləməyə başladım”.

Tək başına Teatr İnstitutuna gəlir

“Dəli kür”ün Mələyi kimi məşhurlaşan əməkdar artist Zemfira Sadıqovanın ailəsi onun aktrisa olmasına qarşı idi. Buna görə Zemfira iqtisadiyyat ixtisasını seçir, amma yarım ildən sonra təkbaşına Teatr İnstitutunun rektorunun yanına gələrək, bu sənətlə məşğul olmaq istədiyini deyir.

Rektor imtahan təşkil edir və onu uğurla keçən aktrisa instituta qəbul olunur.

Qızınızın tələbə biletini götürün

Əməkdar artist Nahidə Orucovanın atası qızının bu sənət dalınca getdiyini tələbə bileti alanda öyrənir.

Mühəndis ailəsində doğulan aktrisa İncəsənət Universitetinə qəbul olmaq arzusu ilə yaşayıb. Atası isə bu istəyə qarşı çıxıb. Sənədlərini Mədəni-Maarif Texnikumuna verən Nahidə orda böyük problemlə üzləşir. Heç fikirləşmədən texnikumu tərk edir, sənədlərini İncəsənət Universitetinə verir. Amma ailəsinin heç nədən xəbəri olmur. Ta institutdan evə zəng edib “qızınızın tələbə biletini götürə bilərsiniz” sözlərini eşidənə qədər...

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər