Teleqraf.com xəbər verir ki, Qəbələ şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında quraşdırılan açıq səhnədə keçirilən mərasimdə əvvəlcə Azərbaycanda musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna rol oynayan Azərbaycan Respublikasının I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.
Ardınca Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin konserti başlayıb. Konsertdə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ifa olunub.
Qəbələ Beynəlxalq Musiqi Festivalında Rusiya, İsrail, ABŞ, İtaliya, Litva, Sloveniyadan dünya şöhrətli dirijorlar, görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər iştirak edəcəklər. Festival günlərində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Simfonik Orkestrinin, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Kamera Orkestrinin, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin, “Femusa” Kamera Orkestrinin, “Clarte” klarnet kvartetinin, “Furioso” kvartetinin konsertləri gözlənilir.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2009-cu ildən bəri hər il keçirilən festival bu il avqustun 3-nə qədər davam edəcək.