Aktyor Cavanşir Hadıyevin layihə rəhbərliyi, Faiq Kərimoğlunun quruluşçu rejissorluğu ilə “Şirin xəyallar” adlı yeni teleserialın ilk bölümünün təqdimatı baş tutub.
Teleqraf.com xəbər verir ki, yaradıcı heyətin və aktyorların iştirakı ilə keçirilən tədbirdə filmin demo versiyası nümayiş olunub. Nümayişdən sonra isə millət vəkilləri, rejissorlar, aktyorlar və mətbuat işçiləri öz fikirlərini bildiriblər.
Deputat Aqil Abbas günahsız yerə həbsxana həyatına məhkum olunan bir qadının başına gələnləri maraqla izlədiyini bildirib.
Layihə rəhbəri bildirib ki, media nümayəndələrinin baxışsonrası fikir və iradları əsasında serialda bəzi düzəlişlər olunacaq. Cavanşir Hadıyev növbəti serialarda isə xalq artisti Ayan Mirqasımovanın, əməkdar artist Gülzar Qurbanovanın, gənc rejissor-aktyor Elvin Əhmədovun və başqalarının da bu kollektivlə əməkdaşlığa dəvət olunacağını açıqlayıb.
Qeyd edək ki, filmin ssenari müəllifi Rəmziyyə Cılqamlı, quruluşçu operator Rauf Qurbanəliyev, quruluşçu rəssam Şahin Həsənli, bəstəkar Natiq Qəzənfəroğludur.
“Şirin xəyallar” teleserialında, həmçinin Zemfira Abdulsəmədova, Abdulqəni Əliyev, Xalidə Quliyeva, Şamil Süleymanov, Səidə Quliyeva, Abbas Qəhrəmanov, Cavanşir Hadıyev, Mələk Abbaszadə, Nicat Əli və başqa tanınmış aktyor və aktrisalar rol alıb.