Təəssüflər olsun ki, bu gün televiziyanın qanunları başqadır. Deyirlər ki, bu tamaşaçı zövqünə görə belədir, ancaq yenə də təəssüflər olsun.
Bu sözləri Teleqraf.com-a müsahibəsində tanınmış teleaparıcı Cavid Gül deyib.
- Cavid bəy, nəhayət ki, “Bir axşam” verilişində mükafat üçün nəzərdə tutulmuş maşının sahibi məlum oldu. Deyəsən, Azər Axşamın gedişindən sonra ayağınız düşərli oldu.
- Əslində, maşın neçə vaxtdır orda idi. Təbii ki, artıq onu qazanan da olmalı idi. Ancaq altı rəqəmi tapmaq çox çətin idi, ikisini açdım və bundan sonra o biri dörd rəqəmi də tapdılar.
- Bir müddət aparıcılıqdan uzaq oldunuz. Bu cür yarışma tipli verilişdə ilk dəfədir aparıcılıq edirsiz?
- Bəli, ilk dəfədir. Aparıcılıqdan uzaq düşməyimin səbəbi isə filmlə bağlı idi. “Məşhur gəlin” filmi üzərində işləyirdik. Düşünürdüm ki, filmdən sonra normal layihə olsa, hansısa kanalda çalışmağa başlayacam. ATV kanalı ilə iş birliyimiz davam edirdi deyə təklif gəldi, elə burda davam edəsi oldum.
- “Məşhur gəlin” filminin premyerasını niyə təxirə saldınız?
- Tarixi 2 dəfə dəyişdirdik. Bu addım sırf marketinq nöqteyi-nəzərindən atıldı. Film “Cinemazadə” ilə birgə layihəmizdir və orada bir çox məşhurlarımız da rol alıb. Təəssüflər olsun ki, komediya janrındadır.
- Niyə təəssüflər olsun?
- Mən ümumiyyətlə, komediya filmlərini xoşlamıram. Daha maraqlı filmlər üzərində işləmək istəyərdim, sadəcə olaraq, bu günün tələbləri belədir. Biz də çalışdıq ki, bu tələblərə uyğun olaraq, ən yaxşısını edək.
- Deyirsiz ki, komediya filmlərini sevmirsiz. Bəs dram filmlərində necə, oynamaq istərdinizmi?
- Yox, dramı da sevmirəm.
- O zaman hansı janr?
- Daha çox mistik, triller, detektiv janrı istəyərdim.
- Deyəsən, daha çox detektiv əsərlər oxuyursuz.
- Ümumiyyətlə kitab oxumuram.
- Niyə?
- Uşaqlıqdan kitaba marağım yoxdur. Hətta kitab oxuyan adamlar mənə qəribə gəlir. Mən kitab oxuyanda yuxu aparır. Ancaq baxır kitaba. Məsələn, işimlə bağlı kitabları oxuyuram.
- Səhv etmirəmsə, bir vaxtlar mahnı sözləri də yazmışdız. Yazmaq istedadınız varmı?
- Var, ssenarilər, skeçlər yazıram. Şeirə həvəsim yoxdur, ancaq mahnı sözlərinə həvəsim var. Bəzən elə məqamlar olur ki, insan içindəkiləri yazmaq istəyir. Mən özümə şair deyə bilmərəm. Çünki şairliyin öz sirləri var.
- Hərdən belə də olur, bir şair şeirləri ilə yox, mahnılara yazdığı sözlərlə daha çox tanınır, sevilir. Misal olaraq Fikrət Qocanı deyə bilərəm...
- Hal-hazırda mahnı sözləri yazanlardan Azər Şirinin sözlərini çox bəyənirəm, çox yaxşı yazır. Onu şair adlandırmaq olar. Digər həmkarım Murad Arif də söz yazır, ancaq o şair deyil.
- Aparıcılıqla bərabər aktyorluqla da məşğul olursunuz. Nə kimi fərqlər var?
- Mən aktyor deyiləm. Aparıcı ilk öncə jurnalistdir. Ancaq jurnalistlər daha çox kadr arxasında qalırlar, aparıcı isə efirdə olur. Efirdə olan aparıcılar isə mütləq aktyorluğu bacarmalıdır. Yaxşı aparıcılar bunu bacarırlar. Bəzən irad tuturlar ki, aktyor tapmadılar ki, aparıcıları çəkdilər? Bu sözü elə adamlar deməlidir ki, onların arxasında tamaşaçı və onları tamaşaçılara sevdirən rolları olsun. Əgər bu şeylər yoxdursa, danışmağa ixtiyarları da yoxdur.
- İndi belə aktyorlar varmı?
- Aktyor o kəslərdir ki, onlar hələ də iş görürlər, fəaliyyətlərinə davam edirlər. Bəzən deyirlər ki, filankəs əla aktyordur. Baxıram ki, çəkildiyi filmlərin hamısı köhnə filmlərdir. Mən hardan bilim ki, o, həqiqətən də yaxşı aktyordur? Bəlkə rejissorların təsiri olub? Bəlkə 100 dubla çəkilib? Yəni bu gün aktyorlar yetişmir. Bəzi insanlar var ki, onların içində nəsə etmək həvəsi var, ancaq hələ ki, alınmır.
- Seriallara necə, yenə çəkilmək istəyirsizmi?
- Xeyr.
- Niyə?
- Məni “Kişi sözü” serialına Elməddin Cəfərov dəvət etmişdi. Ona dedim ki, əgər məni serialda görürsənsə, gəlim. O da dedi ki, görməsəm, dəvət etməzdim. Mən o serialda özümü oynayırdım deyə, qəbul etdim.
- Bu gün televiziyaların vəziyyəti sizi qane edirmi?
- Təəssüflər olsun ki, bu gün televiziyanın qanunları başqadır. Deyirlər ki, bu tamaşaçı zövqünə görə belədir, ancaq yenə də təəssüflər olsun.
Hərdən deyirlər ki, niyə bizdə “Bəyaz şou” tipli verilişlər yoxdur. Çünki bizdə Bəyaz yoxdur. İkinci tərəfdən, Bəyazın maddi gəliri də, arxasındakı insanlar da lazımi qədərdir. Bizdə isə aparıcılar həm redaktordur, həm rejissordur, həm də dekorçudur. Biz bu şərtlər altında nəsə edə biliriksə, çox böyük şeydir.
Eyni zamanda jurnalistlər də hörmətini itirib. Bu da müğənnilərə görə olub. Bəzi müğənnilər reklam üçün onlara pul verdilər, nəticəsi də belə oldu. Bu sahədə də təsadüfi insanlar çoxdur. Keçən dəfə biri İnstaqramda mənə yazmışdı ki, televiziyada işləmək üçün ali təhsil şərtdirmi? Burda məsələ ali təhsil deyil, bu cür sual verən adamın televiziyada işləmək istəməsidir.
- Qayıdaq “Məşhur gəlin” filminə. Bu film digər komediya filmlərindən nə ilə fərqlənəcək? Son zamanlar demək olar ki, eyni tipli filmlər çəkilir.
- İstərdim deyəm ki, çox şeylə fərqlənəcək, ancaq kommersiya filmidir. Mən güldüm. Bilmirəm, bəlkə öz filmimdi deyə, ya ssenarini, çəkiliş prosesini bilirdim deyə güldüm, amma güldüm. Müasir komediya filmlərinə baxarkən bir “Oğlan evi 1” filmində gülmüşəm, bir də “Kəklikotu” filmində Fərdanın bir epizodu var idi, ona gülmüşəm. Başqa filmlərin heç birində gülə bilməmişəm. Bizim filmdə isə gülməli məqamlar çoxdur. Uğurlu olacağına inanıram, çünki hamı öz rolunu əla oynayır.
- Bu yaxınlarda ATV kanalında yayımlanan “Onlar” verilişində evlənməyinizlə bağlı sujet getdi. Bu həqiqət idi, yoxsa, zarafat?
- Artıq zarafatdır.
- Necə yəni?
- O vaxt üçün gerçək idi, indi üçün zarafat. O vaxt üçün plan var idi, indi yoxdur.
- Mövzunu çox davam etmək istəmirəm, ola bilər ki, pis təsir edə bilər.
- Xeyr, qətiyyən...
- Televiziyaya radiodan gəlmisiz. Belə aparıcıların çoxu sonradan yenə radioaya qayıtmaq istəyirlər. Sizin də qayıtmaq ehtimalınız varmı?
- Xeyr. Radioda gərək radionun xəstələri işləsin. Radio televiziyanın verdiyi həzzi vermir. Televiziyada daha rahatam.
- Bu gün kanallarda hansı verilişləri bəyənmirsiz?
- Tamaşaçı istəyi adı altında yayımlanan verilişləri bəyənmirəm. Müğənnini efirə çağırırlar və deyirlər ki, güya o müğənnini tamaşaçılar efirdə görmək istəyirlər.
- Yəni bu günə qədər bir çox müğənniləri bu adla kütləyə sırıyıblar?
- Bəli, bu proses bu gün də davam edir. Nəzarət, senzura olmalıdır. Hər bir televiziyanın öz daxili senzurası olmalıdır. Elə adamlar efirə buraxılmamalıdır. İndi elə verilişlər var ki, az qala söyüş söyürlər. Efirə mədəniyyətli insanları çıxartmaq lazımdır. Azyaşlı uşaqları düşünmək lazımdır.